Ələsgər Məmmədli: “Bu qərarın verilməsi başından yanlış idi və artıq nəticələr də özünü göstərməkdədir”
Jurnalistika fakültəsinə maraq niyə azalıb?
Müşfiq Ələsgərli: “Əgər bu məsələ bir problem olaraq görülürsə, yenidən müzakirələr keçirilib, təkliflər dəyərləndirilsin”
Ələsgər Məmmədli: “Bu qərarın verilməsi başından yanlış idi və artıq nəticələr də özünü göstərməkdədir”
Ələsgər Məmmədli: “Bu qərarın verilməsi başından yanlış idi və artıq nəticələr də özünü göstərməkdədir”
(Əvvəli ötən sayımızda)
Jurnalistikaya cəmiyyətdə marağın olmamağı, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb. Bir müddət əvvəl ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanlar bu il ayrılan yerlərin sayından da xeyli az olub. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi.
Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər. Ancaq bu il qəbul imtahanının nəticələrindən bu peşəyə marağın azaldığını açıq şəkildə görmək mümkündür. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində "Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılmasına baxmayaraq, bu ixtisas üzrə imtahan verənlərin sayı cəmi 163 nəfər təşkil edib. Qabiliyyət imtahanının nəticəsinə görə isə 57 nəfər məqbul qiymət alıb.
Bu, nədən qaynaqlanır? Jurnalistika peşəsinə maraq azalıb, yoxsa başqa səbəblər var?
Qeyd edək ki, bununla bağlı fikirlər fərqlidir. Baş redaktorlar, ekspertlər vəziyyətdən çıxış yolu ilə bağlı fərqli mövqelər sərgiləyiblər.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Jurnalistika fakültəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanı nəticəsində 57 nəfər abituriyentin məqbul qiymət almasının imtahanın mürəkkəbliyi və ya fəsad kimi qiymətləndirilməsini doğru hesab etmir: "Kəmiyyətin aşağı düşməsi mənfi nəticə demək deyil.
Jurnalistika üçün ən böyük yanlışlıq, fəsad o idi ki, jurnalistika fakültəsi istəyi olmadığı halda topladığı bala görə qəbul olan tələbələrlə dolub-daşırdı. Bu problemlərin qarşısını almaq üçün də ən optimal variant kimi qabil imtahanları təklif olundu və dəstəkləndi. Yəni ki, jurnalistika fakültəsində qabiliyyət imtahanının bərpası heç də təsadüfdən ortaya çıxmayıb. Bu, bir növ ictimai sifariş idi”.
İmtahan nəticəsində cəmi 57 tələbənin məqbul almasını problem kimi görməyən M.Ələsgərlinin sözlərinə görə, deməli, jurnalistika sahəsində çalışmaq üçün balı və istəyi uyğun gələn şəxslər bu qədərdir: "Ali təhsil ocaqlarındakı jurnalistika fakültələri boş qalır deyə əlavə metodlar axtarmağın çıxış yolu olub-olmadığını deyə bilmərəm. Qabiliyyət imtahanlarında Komissiyanın üzvü kimi iştirak eləmişəm və imtahanların obyektivliyinə şahid olmuşam. Sənəd verən uşaqlarla da müsahibə formasında söhbətlərimiz olub və nəticədə bu qədər tələbə məqbul alıb. Mənə elə gəlir ki, kəmiyyəti artırmaq üçün keyfiyyət dəyişikliyinə getmək məsələsi artıq bir dilemmadır. Bəlkə də, bu məsələ ekspertlər və mütəxəssislərin iştirakı ilə yenidən müzakirə olunmalıdır. Ancaq hansısa fakültə boş qalmasın, iş yerləri bağlanmasın deyə jurnalistika fakültələrinə axın yaratmaq jurnalistikaya xidmət deyil. Bizim üçün əsas olan jurnalistika fakültələrini bitirən tələbələrin çoxluğu yox, onların bilik səviyyəsinin yüksək olmasıdır. Yenə deyirəm, əgər bu məsələ bir problem olaraq görülürsə, yenidən müzakirələr keçirilib, təkliflər dəyərləndirilsin”.
Digər ali təhsil ocaqlarındakı jurnalistika fakültələrinin bağlanma riskinə gəldikdə isə JuHİ sədri deyib ki, azsaylı tələbələrə görə həmin fakültələrin saxlanılması, yoxsa tələbələri BDU-ya köçürməklə həmin fakültələrin bağlanılmasına ancaq mütəxəssislərin müzakirəsi fonunda qərar vermək olar: "Sadəcə onu deyə bilərəm ki, qabiliyyət imtahanının tətbiqi zamanı kəmiyyətin aşağı düşəcəyi gözlənilən idi. Tez-tez bu sahə ilə bağlı Mətbuat Şurasına müvafiq müraciətlər daxil olduğu üçün MŞ sədri bu məsələ ilə bağlı geniş müzakirələr keçiriləcəyinə dair açıqlama vermişdi. Çox güman ki, müzakirələrin vaxtı, formatı bəlli olduqdan sonra ortaq çıxış yolu tapılacaq”.
"Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı isə deyib ki, buna da şükür eləmək lazımdır: "Bu il jurnalistika fakültəsinə 57 tələbə qəbul olubsa, deməli, builki abituriyentlər arasında həqiqi jurnalist olmaq istəyənlər 57 nəfər olub. Əvvəlki illərdə jurnalistika fakültəsinə daxil olan 150 nəfərin arasında da elə həqiqi jurnalist olmaq istəyənlərin sayı çox az idi. Əksəriyyəti hüquq fakültəsinə və ya başqa fakültələrə sənəd verənlər idi, yer boş qalmasın deyə jurnalistikanı da yazırdılar və bəxtəbəxt jurnalistikaya düşürdülər. Mənimlə eyni qrupda oxuyan 21 nəfərdən bu gün 3-4 nəfəri ancaq jurnalistika ilə məşğuldur. Hamımız bir yerdə BDU-nun jurnalistika fakültəsini bitirdik, amma indi cəmi 3-4 nəfəri bu sahədə görürəm. Qalanları tikinti, dərman və ya digər sahələrdə çalışırlar. Əslində elə jurnalistika fakültəsinə qabiliyyət imtahanının tətbiq olunması bu tendensiyanı aradan qaldırmaq üçün lazım idi. Kimin üçünsə, qabiliyyət imtahanının nəticəsinə görə 57 tələbənin jurnalistikaya daxil olması məqbul olmaya bilər, amma məncə, bu, yaxşı haldır. Pis olan isə odur ki, cəmiyyətdə jurnalistikaya münasibət dəyişib. Bunun da qəbul imtahanları və jurnalistikaya marağın azalması ilə heç bir əlaqəsi yoxdur. Bu gün o qədər reket, avara adamlar adını jurnalist qoyub, iyrənc əməllərlə məşğul olurlar ki, hamı elə bilir bütün jurnalistlər belədir. Ona görə də gənclərin çoxu bu sahəyə gəlmək istəmir. Valideynlərin əksəriyyəti öz övladını bu sahədə görmək istəmir. Nə yaxşı ki, jurnalistikada hələ də peşəkar jurnalistlərimiz var. Məhz onların sayəsində mediamız ayaqdadır. İllər sonra necə olacaq, bax, onu düşünə bilmirəm”.
Media hüquqşünası Ələsgər Məmmədli isə hələ jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanının tətbiq olunması ilə bağlı qərar qəbul edilən zaman bunun çox sərt bir addım olduğunu dediyini xatırladıb: "Universitet özü peşə öyrədilən yerdir. Həkimliyi bilib sonra gedib həkim olunmur, yəni həkimliyi gedib Tibb Universitetində öyrənirsən. Hüquqşünas əvvəl hüquqşünas olub, sonra gedib oxumur. Öncə gedib imtahan verirsən, sonra hüquqşünas olursan. Jurnalistika da elədir. Məqalə yazmağı bilməyən abituriyent 4-5 il jurnalistika fakültəsində təhsil aldıqdan sonra yazmağı öyrənməlidir. Hətta bu müddət ərzində o, jurnalistikanın bütün nəzəriyyəsini, peşə kodeksini mükəmməl mənimsəyən bir mütəxəssisə də çevrilə bilər. Hesab edirəm ki, "yazı qabiliyyəti olmayan abituriyentlər jurnalistikaya gəlməsin” kimi düşüncə absurddur. Əgər orta məktəb şagirdi məqalə yazmağı bilirsə, onda ali məktəbə niyə hazırlaşır? Öyrənəcək bir şey qalmayıbsa, 4-5 ilini gəlib, jurnalistika fakültəsində niyə itirməlidir? Universitetin işi bilməyəni öyrətməkdir. Ona görə də, öz fikrimdə qalaraq jurnalistikada qabiliyyət imtahanının tətbiqini kifayət qədər anormal bir qərar hesab edirəm. Bu qərarın verilməsi başından yanlış idi və artıq nəticələr də özünü göstərməkdədir. Bir neçə ali məktəbdə jurnalistika fakültələri bağlandı və ölkə üzrə bir qrupda olan uşaqların sayı qədər jurnalist hazırlanır. Bu isə artıq gələcəkdə jurnalistika üzrə peşəkarların sayının çox az və yaxud da heç olmayacağı deməkdir. Amma bir məsələ var ki, zərərin harasından dönsən xeyirdir”.
Ekspertin sözlərinə görə, qabiliyyət imtahanının tətbiqi jurnalistikanın gələcək inkişafı üçün mənfi bir addımdır: "Jurnalistika peşədir. Bu peşə ilə məşğul olmaq istəyənləri ayrı-seçkilik edərək ikiqat imtahana salmaq çox ciddi yanlışdır. Bu, hər hansı bir şeir yazmaq deyil ki, fitri istedad olsun. Müəllim inşa yazmağı öyrəndiyi kimi jurnalist də peşə etikasına uyğun şəkildə yazını hazırlamağı öyrənəcək. Ona görə bu imtahanın başından təsdiq olunması ciddi ayrı-seçkilik və konstitusiyanın 25-ci maddəsinə də zidd idi. Və mən bununla bağlı mediada öz fikrimi bildirmişdim. Bu gün də nəticə göstərir ki, bəli, jurnalistika fakültələri boş qalacaq. İndiki halda cəmisi 57 nəfər gələcəkdə jurnalistika təhsili almaq şansı əldə edib. Düşünürəm ki, bu əlbəttə, Azərbaycanın, xüsusilə, ifadə azadlığına və jurnalistikanın inkişafı baxımından gələcəyinə yönəlik mənfi bir addımdır. Bir an öncə bu səhvdən dönülməlidir və qabiliyyət imtahanı məsələsini ortadan qaldırmaq lazımdır. Əvvəlcə "KİV haqqında” qanuna dəyişiklik edərək ali təhsili olmayan şəxslərin redaktor olmasına qadağa qoydular, daha sonra isə jurnalistika fakültəsinə qabiliyyət imtahanı tətbiq etməklə mediaya balta vurdular”.
Jurnalistikaya marağın azalmasına gəldikdə isə Ə.Məmmədli deyib ki, jurnalistikaya maraq azalmayıb. Sadəcə olaraq, bu sektora qəbul üçün keçirilən qəbul imtahanı diskriminasiyaya məruz qaldığı üçün tələbə qəbulu azalıb: "Həkimlik, hüquqşünaslıq kimi mürəkkəb ixtisaslara və çətin fakültələrə tələbələr bir imtahan verməklə daxil olduqları halda jurnalistikaya 2 imtahan verirlər. Bu ayrıseçkiliyin nə mənası var? Deməli, 57 nəfərin fakültəyə qəbulu jurnalistikaya marağın azalmasının yox, sadəcə ikiqat imtahanın risk tələb etməsi ilə bağlıdır. Jurnalist olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanına girmək üçün aprel ayından qeydiyyatdan keçməsi həmin uşaqların digər ixtisasları seçmək şansını əlindən alır. Bu da böyük riskdir. Heç bir abituriyent yüzdə yüz bir ixtisası seçib gəlmir ali məktəbə. Amma jurnalistikanı seçən tələbə bəri başdan bütün imkanlarını məhdudlaşdırmış olur. Yəni ya jurnalistika, ya da heç. Buna rəğmən 57 nəfər tələbə jurnalistikaya qəbul ola bilibsə, bu da böyük işdir. Yəqin ki, gələn il heç bu qədər də olmayacaq. Uşaqları buna məcbur etmək doğru deyil. Çünki orta məktəbi bitirən məzunların 90 faiz hədəfi ali məktəbə qəbul olmaqdır”.
(Davamı olacaq... )
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb