Jurnalistin də yolu cəbhədən keçir
Gələcəyin yazarlarına hərbi davranış və informasiya təhlükəsizliyi qaydaları öyrədilir
"Dinc Dünya” Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Müdafiə Nazirliyi, Mətbuat Şurası və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dəstəyi ilə jurnalistlər, həmçinin jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələr üçün nəzərdə tutulmuş təcrübə poliqonu kursu ötən həftənin cümə və şənbə günləri də davam etdirilib.
"Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi - ekstremal jurnalistikada qoyulan tələb və davranış qaydaları” adlanan layihə çərçivəsində media təmsilçiləri və tələbələr bu günə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif mövzular üzrə seminarlarda iştirak ediblər. Döyüş təcrübəsi olan peşəkar zabitlər tərəfindən onlara Azərbaycanın müdafiə imkanları, Silahlı Qüvvələrimizin döyüş hazırlığı, o cümlədən hava hücumundan müdafiə qüvvələrimiz, onların xidmətində olan silah-sursat, hərbi texnika barədə geniş məlumatlar verilib. Eyni zamanda, hərbi jurnalistikanı özlərinə peşə seçən insanların bilməli olduğu zəruri bilgilər çatdırılıb, döyüş bölgəsinə ezam edilərkən davranış qaydaları, düşmən gülləsinə tuş gəlməmək üçün vacib şərtlər, hərbi sirrin yayılmaması üçün atılmalı olan addımlar nəzəri baxımdan izah edilib.
Noyabrın 13-14-də kurs iştirakçıları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin təcrübə poliqonunda olublar. Burada onlara manqa, taqım, bölük, tabor səviyyəsində döyüşlərin, həmçinin müdafiənin planlaşdırılması və icrası əyani şəkildə nümayiş etdirilib. Müdafiə Nazirliyinin peşəkar zabit heyəti tərəfindən səngərdə, örtülü yerdə və açıq havada müşahidənin təşkili, yüngül atıcı silahlar və onların taktiki-texniki xüsusiyyətləri, minalar və onların xassələri, minalanmış sahələrdə ehtiyatlı davranış, minaların zərərsizləşdirilməsi, kütləvi qırğın silahları, onlardan müdafiə qaydaları, yaralı şəxslərə ilkin tibbi yardımın göstərilməsi, səngərdə hərəkət qaydaları ətraflı izah edilib. Kurs iştirakçıları əsgərlərin də köməyindən yararlanaraq təlimlərdə fəallıq nümayiş etdiriblər.
Kurs barədə açıqlama verən "Dinc Dünya” Araşdırma Mərkəzi İctimai Birliyinin rəhbəri Əlisəfa Mehdiyev bildirib ki, təlimlər Müdafiə Nazirliyinin bazasında keçirilir. Onun sözlərinə görə, təlimlərin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, cəbhə xəttinə, eləcə də digər hərbi hissələrə ezam olunan jurnalistlər hərbi qayda-qanunlar, silah-sursatla davranış qaydaları barədə bilgilərə sahib olsunlar. "Bundan başqa, kurs müddətində jurnalistlər üzləşə biləcəkləri konkret təhlükəli şəraitlərdə sağ qalma prinsiplərini, özünü qorumağı və peşə borcunu yerinə yetirərək informasiyanı çatdırmağın qaydalarını öyrənsinlər. Ən nəhayət, alınmış informasiyanın düzgün emal edilməsi barədə daha mükəmməl bilgilərə sahib olsunlar ki, peşə borcunu yerinə yetirərkən düşmən tərəfə hərbi sirr sayıla biləcək informasiyalar ötürülməsin: "Həm ölkə qanunvericiliyinə, həm də jurnalistika prinsiplərinə, vətəndaş mövqeyinə, əxlaqına əsaslanaraq informasiyalar yayılmalıdır. 2014-cü ilin avqust hadisələrindən sonra belə təlimlərin keçirilməsi zərurəti yarandı. Dövlət başçısı İlham Əliyevin 2014-cü ilin sentyabrın 24-də imzaladığı müvafiq sərəncam isə təlimlərin keçirilməsinə əlavə stimul verdi. Əvvəlki müdafiə nazirinin zamanında bu cür təlimlərin keçirilməsi barədə təşəbbüslər irəli sürsək də, çox təəssüf ki, buna əhəmiyyət verilmirdi. Lakin Zakir Həsənovun bu posta təyinatından sonra belə layihələrə, təlimlərə diqqət ayrılıb. Bu gün jurnalistlər və jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələr üçün təşkil edilmiş təlimlər də həm Azərbaycan Prezidentinin məlum sərəncamından irəli gələn məsələlərin yerinə yetirilməsinə xidmət edir, həm də bu kimi layihələrə Müdafiə Nazirliyinin maraq göstərdiyini bir daha nümayiş etdirir”.
Ə.Mehdiyev deyib ki, ön cəbhəyə, eləcə də hərbi hissələrdən hər hansı birinə ezam olunan jurnalistin qayda-qanunlarla tanış olmaması, hərbçilərin razılığını almadan emal etdiyi və mediaya ötürdüyü informasiya sonda düşmən tərəfinin hərbi sirr sayıla biləcək məlumatları asanlıqla əldə edə bilməsi ilə nəticələnir. QHT rəhbərinin fikrincə, bu cür təlim kursları təşkil olunur ki, gələcəkdə belə hallar baş verməsin: "Təlimlərə peşəkar jurnalistlərlə yanaşı, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə ali təhsil alan, gələcəkdə bu peşə sahəsində fəaliyyət göstərəcək tələbələr də cəlb olunublar. Noyabr ayı boyunca davam edəcək təlimlər həftədə iki gün olmaqla - cümə və şənbə günləri keçirilir. Təlimlərdə gənclər fəal iştirak edir, zabitlərin verdiyi məlumatları həvəslə öyrənirlər. Təlimin gedişində jurnalistləri və tələbələri maraqlandıran suallar da ətraflı cavablandırılır. Təlimin sonuncu günü bütün dinləyicilərə sertifikatlar veriləcək. Bu, həmin şəxslərin gələcəkdə Müdafiə Nazirliyində akkreditasiyadan keçmələri üçün də bir vasitə olacaq”.
Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev müdafiə naziri Zakir Həsənovun KİV nümayəndələrinin cəbhəboyu zonada fəaliyyətinin tənzimlənməsi haqqında müvafiq əmrini xatırladıb: "Media cəmiyyətin inkişafı və formalaşmasında, ordu quruculuğunda mühüm rol oynayır. Təqdim olunan layihə hərbi jurnalistika sahəsinə dair bütün məqamları əhatə edəcək. Media nümayəndələrinin hərbi jurnalistikaya meyl etməsi sevindiricidir. Lakin jurnalistlər hərbi sahədən yazarkən diqqətli olmalı, peşə və vətəndaşlıq borcuna vicdanla yanaşmalıdır. İdarə rəisi hərbi jurnalistlərin formalaşması və yetişdirilməsi sahəsində Müdafiə Nazirliyinin QHT-lərlə, cəmiyyətlə, müvafiq təşkilatlarla əməkdaşlığı baxımından tədbirin əhəmiyyətini qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə hesab edir ki, bu layihə Azərbaycanda hərbi sahədən yazan jurnalistlərimizin peşəkarlığının artırılmasına töhfə verəcək. Ötən ilin avqustunda cəbhə xəttində yaranmış gərginlik zamanı media qurumlarının fəaliyyəti Mətbuat Şurasını da narahat edib. Hərbi məlumatlar yayan jurnalistlər bir çox məsələləri nəzərə almalıdırlar. Bu məsələ ilə bağlı dövlətimizin başçısı 2014-cü ilin sentyabrında cəbhəyanı zonada yerləşən jurnalistlərin davranış və məsuliyyətini tənzimləməklə bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə jurnalistlərlə görüş keçirilib. Hərbi xəbərlərin verilməsində qanunvericilikdə də bir sıra dəyişikliklər edilib”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu son vaxtlar ordu quruculuğu sahəsində Müdafiə Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanın bir sıra informasiya agentlikləri dünyanın ən uzaq nöqtələrinə xəbər ötürmək imkanına malikdir. U.Rəhimoğlu xarici jurnalistlərin cəbhəboyu zonaya səfərlərinin təşkil edildiyini də diqqətə çatdırıb. "Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov isə bu tədbirin gənc jurnalistlərə daha müsbət təsir göstərəcəyini vurğulayıb: "Ekstremal şəraitdə işləyəcək jurnalistlərə ilk öncə xoş danışmağı bacarmaq lazımdır. Çünki bu onlara gələcəkdə hərbi hissələrə gedərkən çox lazım olacaq. Gələcəkdə o vəziyyətlərlə qarşılaşarkən bu tədbirdə söylənilənləri bir daha özünüz görəcəksiniz. Ümumiyyətlə, bu layihədə gənclərin daha çox iştirak etməsi hərbi jurnalistikaya marağın artdığını göstərir: "Mən də bu layihədə təlimçiyəm. Qeyd edim ki, bu layihə Azərbaycanda ilk dəfədir keçirilir. İndiyədək hərbi mövzuda yazan jurnalistlər əsasən hərbi hissələrə jurnalist turundan o tərəfə keçməyiblər. Layihə hərbi mövzuda yazan jurnalistlərin bu sahədə peşəkarlaşmasına imkan verəcək. Adıçəkilən təlimlərdə jurnalistlərə nəzəri məsələlərlə yanaşı, silah və texnikalar tanıdılır, onlara həyatda qalma, təhlükəsizlik kimi məsələlər öyrədilir ki, bu məsələlər də olduqca vacibdir. Təsəvvür edin, jurnalist minalı sahəyə düşürsə nə etməlidir, necə davranmalıdır? Yaxud yaralanıbsa, nə etməlidir? Layihə üzrə təlimlərdə bunlar izah olunur. Hətta jurnalistlərə poliqon şəraitində düşmən tərəfindən düzəldilən "sürpriz” minalara dair nümunələr də göstərilib. Hesab edirəm ki, bu, başlanğıcdır və növbəti mərhələdə təlim kurslarında praktikaya diqqət yetiriləcək, jurnalistlərin qulaqları atəş səslərinə alışdırılacaq və digər hərbi qurumları da əhatə eləməklə təlimin proqramı genişləndiriləcək”.
Qeyd edək ki, təlimlər ayın sonunadək davam etdiriləcək.
Şəymən