Jurnalistin “qətli” çox pis və tragikomik ssenari idi”

“Bütün dünyaya göstərmək istəyirlər ki, Rusiya öz düşmənlərini xaricdə də tapır və aradan götürür”




Ötən gün Kiyevdə "öldürülən” rusiyalı jurnalist Arkadi Babçenko dirilib. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak deyib ki, Babçenkonun öldürülməsi ilə bağlı yayılan söz-söhbət jurnalistə qarşı hazırlanan sui-qəsdi üzə çıxarmağa yönəlmiş tamaşa idi:

"Mən Arkadi Babçenkonu üçüncü doğum günü münasibətilə təbrik edirəm”. Kəşfiyyat rəhbərinin bu sözlərindən sonra Babçenko zala daxil olub. Qritsak planlaşdırılan sui-qəsdin Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edildiyini bildirib: "İstintaqla müəyyən edilib ki, jurnalistə qarşı terror cəhdi Rusiya kəşfiyyatının öz siyasi baxışlarına görə, ölkədən qaçaraq Avropaya sığınan rusların fiziki məhvinə yönəlmiş əməliyyatların yalnız bir elementidir”. 

Qritsak sui-qəsdin təşkilatçısının Kiyevdə yaxalandığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi jurnalist Arkadi Babçenkonun ölümünün səhnələşdirilməsini Rusiyaya qarşı təxribat adlandırıb: "Təbliğat effektinə hesablanmış hərəkətlər dünya ictimaiyyətinin aldadılması ilə nəticələndi. İndi isə həmin tamaşanın əsl motivləri üzə çıxmağa başlayır. Bu, tam aydınlığı ilə Rusiyaya qarşı növbəti addımdır”.

Jurnalist Babçenko ətrafında yaranmış söz-söhbətə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib ki, əgər bu, Ukrayna rəsmilərinin söylədiyi kimi ssenari idisə, çox pis və tragikomik bir ssenari idi: 

"Babçenkonun adı geniş ictimaiyyətə ilk dəfə bu sui-qəsd oyunu ilə məlum olub. Onun fəallığı çox adam üçün gözəçarpan deyil. Tutaq ki, həmin jurnalist çox sərt yazılar yazıb, hökumətə qarşı mövqe tutub. Ancaq heç bir dövlət sirri daşımayan, məxfi olaylarda adı hallanmayan adi bir jurnalistin birbaşa Kreml rəhbərinin hədəfinə çevrilməsi ağlabatan deyil. İngiltərədə baş verən "Skripal olayı”nda iddia edirdilər ki, guya, onun zəhərlənməsində ancaq Rusiyada istehsal olunan xüsusi zəhərdən istifadə edilib. Əslində, Skripal da elə böyük statusa malik olmayıb ki, kəşfiyyat orqanları tərəfindən aradan götürülmək istənilsin. Bu şəxslərə qarşı həyata keçirilən sui-qəsdlərin heç birində Rusiya rəhbərliyi maraqlı ola bilməz. 

Məncə, hadisələrdə çox müəmmalı məqamlar var. Xüsusən, Babçenko olayı qurama şounu xatırladır. İllərdir, Rusiya əleyhinə yazan yüzlərlə tanınmış jurnalist olub. Lakin həmin jurnalistlərin heç biri sui-qəsdə məruz qalmayıb”.

 Ekspert hadisənin siyasi əhəmiyyətinin də olduğunu deyib: 

"Bütün dünyaya göstərmək istəyirlər ki, Rusiya öz düşmənlərini xaricdə də tapır və aradan götürür. Hətta bu prosesin kütləvi hal aldığını göstərməyə çalışırlar. Ən nəhayətdə isə "cinayətkar” Rusiyaya qarşı növbəti sanksiyaları işə salmağa planlaşdırırlar”.

İsmayıl