Kağız pul yaxın gələcəkdə dövriyyədən çıxarılacaq

Fərid İsmayılzadə: “Azərbaycanda ödəmələrin cəmi 5 faizi elektron formada aparılır”
Vüqar Bayramov: “Vətəndaşlar özləri nağdsız hesablaşmalarda maraqlı olmalıdırlar”


Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirə olunan əsas məsələlərdən biri maliyyə sahəsində müasir texnologiyaların istifadəsi olub. İştirakçıların proqnozlarına görə, innovasiya texnologiyaları tezliklə ənənəvi maliyyə alətlərini bazardan çıxarmağa müvəffəq olacaq.

"Deutsche Bank”ın baş direktoru Con Krayan "Maliyyə transformasiyası” panel iclası çərçivəsində deyib ki, kağız pullar gələcəkdə istifadə olunacaqmı? Biz bu məsələyə kifayət qədər çox vaxt sərf edirik. Güman edirəm ki, 10 ildən sonra kağız əsginazlar dövriyyədən çıxacaq, bu pullara ehtiyac olmayacaq”.

Əslində, bu məsələ bütün dünyada ən çox müzakirə olunan mövzulardandır - kağız pul nə vaxt dövriyyədən çıxacaq? Yaxın tarixi deyənlər də olur, bu işin hələ 50 il uzanacağını söyləyənlər də.

Bəzi ekspertlər də pulun tamamilə ortalıqdan yığışacağına inanmır. Onların fikrincə, kağız pul nadir hallarda işlədilsə belə, yenə də dövriyyədə qalmaqda davam edəcək. Hələ bunlar məsələnin dünya miqyasında həlli üçün verilən proqnozlardır. Hansı ki, Azərbaycanda vəziyyət Avropa ilə müqayisə olunmayacaq dərəcədədir. "Golden Pay” şirkətinin yaradıcısı Fərid İsmayılzadə CBC-yə açıqlamasında deyib ki, əgər hansısa ölkələrdə 5-10 ildən sonra nağd pul olmayacaqsa, bunu Azərbaycana şamil etmək olmaz.

Onun sözlərinə görə, ölkəmizdə əhali nağd pula daha çox üstünlük verir: "Düzdür, dövlət təşkilatları, özəl qurumlarda maaşlar, pensiyalar kartla verilir. Amma əksəriyyət pulu kartda saxlamır, dərhal gedib bankomatdan çıxardır və xərcləyir. Halbuki, pulu harda xərcləyirlərsə, nəyə pul verirlərsə, həmin ödəmələri elektron yolla da aparmaq olar”.

F.İsmayılzadənin sözlərinə görə, məhz bu səbəbdən Azərbaycanda "Golden Pay” kimi şirkətlərin inkişafı zəifdir: "Qərbdə bu tip innovativ layihələr dərhal böyüyür. Azərbaycanda isə ödəmələrin cəmi 5 faizi elektron formada aparılır. 95 faiz hələ də köşklərdə, dükanlarda kontur kartı alıb telefona yükləyir. Banklara gedib növbəyə dayanıb kommunal xərcləri ödəməyə daha çox üstünlük verirlər, nəinki kompüter qarşısından rahatlıqla bu işi görməyə”.

Bəzən Azərbaycanda nağdsız ödəmələrin qeyri-populyarlığını infrastrukturun zəifliyi ilə əlaqələndirirlər. Konkret olaraq deyilir ki, ölkədə kifayət qədər post-terminal yoxdur, hələ bir çox təşkilatlar elektron xidmət göstərmir və s.

Lakin Fərid İsmayılzadə bunları bəhanə sayır. Onun fikrincə, bəlkə də hansısa sahibkarlar vergidən yayınmaq üçün post-terminallardan istifadə etmir, bu cihazları gizlədir. Amma buna əsasən post-terminalların, elektron xidmətlərin sayının az olduğunu demək düzgün deyil.

Bəs, görəsən, ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması üçün hansı addımlar atıla bilər? Bu sahədə inkişafın ləngiməsinə səbəb nədir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, hazırda Azərbaycan cəmiyyətində nağdsız hesablaşmalarla bağlı məlumatsızlıq hiss olunur. Ekspert deyib ki, nağdsız hesablaşmalar - kağız pullardan istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişlər, bank hesabında köçürmə yolu ilə həyata keçirilən maliyyə hesablaşmalarıdır.

Nağdsız ödəniş sahəsində beynəlxalq təcrübəyə toxunan ekspert deyib ki, nağd puldan tamamilə imtina edən ilk ölkə məhz İsveç olub və hazırda bu ölkədə nağd pul maliyyə dövriyyəsinin təxminən 3 faizini təşkil edir: "Təbii ki, inkişaf etmiş ölkələrdə kağız pulların sayının azalması ilə ölkədə cinayətkarlığın sayı da azalır. Bu kimi dövlətlərdə bank yarmaq və küçə soyğunçuluğu kimi cinayətlər nəzərəçarpacaq qədər minimuma enib. Həmçinin pul kütləsinin azalması ənənəvi olaraq nağd ödənişlərə üstünlüyün verildiyi kölgə iqtisadiyyatına da ciddi zərbə endirə bilir”.

Vüqar Bayramov hesab edir ki, ölkədə nağdsız hesablaşmaların inkişafı banklar və kart sahibləri tərəfindən paralel şəkildə həyata keçməlidir. Dövlətin bu istiqamətdə müəyyən çağırışlar etdiyini və konkret addımlar atdığını söyləyən ekspertin sözlərinə görə, müştərilər ticarət şəbəkələrində kartla hesablaşmadığından və yenə də bankomatlarda pulu nağdlaşdırmağa davam etdiklərindən, belə təşəbbüslərin effekti olmur: "Yəni vətəndaşlar özləri nağdsız hesablaşmalarda maraqlı olmalıdırlar. Lakin düşünürəm ki, nağdsız hesablaşmalar zaman ötdükdə nağd hesablaşmaları aradan qaldıracaq. Çünki bu tendensiya dövrün tələbidir”.

Vüqar Bayramov həmçinin vurğulayıb ki, nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə müəyyən dövr üçün bonus sistemlərin tətbiq edilməsi məqsədəuyğundur. Bu zaman plastik

kartlardan istifadə edərək alqı-satqı edənlərin ödədiyi vəsaitin bir qismi, məsələn, 3 faizi sonradan həmin şəxsin hesabına qaytarıla bilər. Onun sözlərinə görə, bu sistem ötən əsrin 90-cı illərində qardaş Türkiyədə çox uğurla tətbiq edilib və vətəndaşları nağdsız hesablaşmalardan istifadəyə təşviq edir. Bununla da, vətəndaşlarda plastik kartlardan istifadə ənənəsi formalaşır ki, bu da uzunmüddətli dövr üçün nağdsız hesablaşmalardan istifadə üçün zəmin formalaşdırır.

Şəymən