Azərbaycan zənginləri Türkiyədən ev alırlar
Türkiyədə xarici vətəndaşların ölkədə daşınmaz əmlak almasına icazə verilməsi haqqında qanun qəbul edilməsi mənzil bazarını canlandırıb. Kommersiya maraqları da buna müsbət təsir edib. Bir çoxları buradakı evlərini icarəyə verərək qazanc əldə edirlər. Həmçinin bəzi insanlar Türkiyəyə yaşayış yeri kimi baxırlar və ilin bir hissəsini orada yaşamağa üstünlük verirlər.
Aparılan statistik-araşdırmalar zamanı məlum olub ki, zəngin azərbaycanlılar oktyabr ayı ərzində Türkiyədə 77, ümumilikdə yanvar-oktyabr ayları ərzində isə 645 mənzil alıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında xarici ölkədə ev almağa sadə bir Azərbaycan vətəndaşının maddi imkanının olmadığını deyib: "Xarici ölkədən mənzil almaq vəzifəli insanların və ya biznes sahəsi ilə məşğul olan şəxslərin imkanı daxilindədir. Azərbaycana nisbətən Türkiyədə əmlak daha ucuz olduğundan iş adamları, zəngin insanlar öz kapitallarını xaricdə əmlak sahəsinə qoyub, sonradan ehtiyac olduqda pula çevirərək gəlir əldə edirlər”.
Ekspert bildirib ki, azərbaycanlı iş adamları vəsaitlərini ölkəmizdə iş yerlərinin açılmasına, vətəndaşlarımızın işlə təmin olunmasına yönəltsələr, həm dövlət büdcəsinə, həm vətəndaşlara, həm də özlərinə qazanc gətirə bilərlər. Azərbaycanda iş adamlarına lazımi şərait yaradılmadığına görə burada mövcud olan kapital ölkə xaricinə axır: "Elə imkanlar yaratmaq lazımdır ki, Azərbaycanın pulu Azərbaycanda qalsın. Bir sıra ölkələrin bu problemin aradan qaldırılması sahəsində təcrübəsi var. Bunu təmin etmək üçün yuxarıdan islahatlar həyata keçirərək, kiçik və
orta sahibkarlığın inkişafına şərait yaradılması vacibdir. Məsələn, Çində korrupsiya halına yol verən məmurlar ciddi cəzalandırılır, hətta edam olunurlar. Lazımdır ki, bunlara qarşı bizdə də sərt tədbirlər həyata keçirilsin. Vətəndaşlar hansısa səlahiyyətli şəxsdən və ya məmurdan şikayət edirsə, həmin şikayətlərə ciddi baxılmalıdır. İnsanların hüquqlarını pozan məmurlar sərt cəzalandırılarsa, sonradan mənfi hallar təkrar olunmaz. Ölkəmizdə bu məsələnin həllində ciddi boşluqlar qalmaqdadır”.
Aysel Aslan