Kasıb ailələrdə biri-birinə dəstək daha çoxdur

“Komitədə boşanmaların səbəblərini araşdırdıqda, görürük ki, burada problem sosial məsələlərlə bağlı deyil”



Dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda "dəyirmi masa” keçirilib.

Ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil

Cəmiyyətin inkişafının ailənin sabitliyindən asılı olduğunu deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının sözlərinə görə, cəmiyyət həmişə ailənin möhkəm qurulmasına çalışır.

Millət vəkili hesab edir ki, ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillərin olduğunu deyən A.Naxçıvanlı bu münasibətlərin korlanmasının cəmiyyətə birbaşa təsir etdiyini deyib.

Son zamanlar boşanma, erkən nikah, intihar hallarının çoxaldığını deyən komitə sədri qeyd edib ki, başqa ölkələrdə bu rəqəmlər daha böyük ola bilər, lakin Azərbaycanda mövcud olan milli adət-ənənələrimiz belə hallara göz yummağa imkan vermir: "Bugünkü tədbirin məqsədi də məhz bizi narahat edən məsələlərin səbəb və həllini yollarını müəyyənləşdirməkdir”.

Ayıbdır, belə şey yazmaq olmaz

Milli Məclisdə keçirilən "dəyirmi masa”da iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda ailə modelinin bizim ən dəyərli sərvətimiz olduğu qənaətindədir. O hesab edir ki, Azərbaycanda güclü ailə siyasəti mövcuddur. Bütün bunlara baxmayaraq erkən nikahlar, boşanmalar və zorakılıq halları narahatedicidir.

Dövlət qurumlarının bu problemləri təkcə həll etmək iqtidarında olmadığını vurğulayan Komitə sədri deyib ki, bu məsələdə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin rolu böyükdür: "Azərbaycanda təkmil qanunvericilik bazası var. Bu qanunların tətbiqi əsas məsələdir.

Profilaktik işlər daha da güclü olmalıdır ki, gələcəkdə baş verəcək ağır cinayət hallarının qarşısı alınsın”.

H.Hüseynovanın sözlərinə görə, bəzən valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar. Bəzi atalar isə ümumiyyətlə övladlarının təhsil almasında maraqlı deyil: "Bu, doğru yanaşma deyil. Uşağın gələcəyini düşünmək lazımdır. Biz komitə olaraq ailə psixoloqu yaradılmasının tərəfdarıyıq”.

Komitə sədri eyni zamanda mətbuatda ailədaxili kriminal hadisələrin qabardılmasına da etiraz edib. "Tez-tez yazırlar ki, ər arvadının başını kəsdi, arvad ərini baltaladı və s. Ayıbdır, belə şey yazmaq olmaz. Axı bunu oxuyanları da nəzərə almaq lazımdır. Belə şeylər bütün dünyada var, tək bizdə deyil”.

Bu gün valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər

"Bəzən valideynlər komitəyə müraciət edirlər ki, uşaqları ilə bacara bilmədikləri üçün onları ayırsınlar. Görün hansı vəziyyətə çatmışıq. Biz bu məsələləri qaldırmalı, qanunvericilikdəki boşluqları aradan qaldırmalıyıq”- bu sözləri də H.Hüseynova deyib.

Valideynin məsuliyyəti artırılmalıdır

Komitə sədrinin dediyinə görə, bəzən atalar 15 yaşlı qızını oxumağa qoymur ki, ərə versin. Amma onlar düşünmürlər ki, bu yaşda uşaq ailə qurmaq qabiliyyətinə malik deyil: "Bu baxımdan biz ailələrdə psixoloqların olması məsələsini önə çıxarmışıq. Komitədə boşanmaların səbəblərini araşdırdıqda, görürük ki, burada problem sosial məsələlərlə bağlı deyil. Əksinə, kasıb ailələrdə biri-birinə dəstək daha çoxdur. Ailələrimizdə kişi və qadınların məsuliyyəti yavaş-yavaş sıradan çıxır. Düzdür, bizdə çox gözəl, nümunəvi ailələr də var. Amma bir çox ailələrdə məsuliyyət hissinin aşağı olduğunu da görürük”.

Bu, din pərdəsi altında başqa xalqlara məxsus ailə dəyərlərin təbliğinin nəticəsidir

"Son vaxtlar beynəlxalq terminologiyada tez-tez istifadə olunan ifadə var. Bu da anormal dindarlıq və ya dindarlaşma prosesidir. Anormal dindarlaşma prosesi elə prosesdir ki, o, din pərdəsi altında getsə də, əslində dinin mahiyyəti ilə ziddiyət təşkil edir”. Bu sözləri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Gündüz İsmayılov bildirib ki, anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digərlərində də var: 

"Bəzən xristian sektaları var ki, onlar müasir texnologiyaları qəbul etmirlər. Onlar nəinki mobil telefon, kompüter, hətta işıq, elektrik enerjisindən, eləcə də avtomobildən istifadəni günah sayırlar. Təəssüf ki, islam ölkələrində də anormal dindarlığın təzahürləri var. Bu da ailə dəyərlərinə, müasirliyə də digərlərə qarşı münasibətlərdir. Bizim ölkə də bu cür anormal dindarlığın təzahürlərindən sığortalanmayıb. Bunlardan biri də qadın hüquqlarına, ənənəvi ailə institutlarına, ailə dəyərlərimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər islam dinindən qaynaqlanmır. Bu, din pərdəsi altında başqa xalqlara məxsus ailə dəyərlərin təbliğinin nəticəsidir”.

Anormal dindarlaşmanın bütün dinlərdə olduğunu vurğulayan G.İsmayılov şəriət və mədəniyyətin ayrı-ayrı anlayışlar olduğunu deyib: "Şəriət bütün xalqlar üçün eyni, mədəniyyət isə fərqlidir. Bu xalqların qadına, ailə dəyərlərinə münasibətləri fərqlidir. Azərbaycanda qadına olan münasibət ilə digərləri arasında fərq var. Dindən qaynaqlanan problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır.

Düzdür, adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem islam dinində deyil. Səhv anlayışlar bizə səhv ad altında gətirilir.

Bu, milli dövlətçiliyimiz üçün təhlükəlidir. Çünki milli dövlətçiliyin təməlinin arxasında milli ailə dayanır”.

Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə "dəyirmi masa”da çıxış edərkən bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradıldığını deyib. Lakin məktəbdə də ailədaxili problemlərlə üzləşmək mümkündür. Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiyası o qədər asan olmur.

Məhəbbət Vəliyevanın sözlərinə görə, məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir: 

"Lakin biz məktəbdə problemlə qarşılaşan uşaqlara kimin kömək edəcəyini düşünməliyik. Bakı şəhərində idarəmizin tabeliyində 307 ümumtəhsil məktəb var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilərək, səviyyəsi müəyyənləşib. Bu zaman 286 məktəb psixoloqunun yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib”.

Təhsil İdarəsinin müdiri eyni zamanda bu gün psixoloqların məktəbdə çalışmaq istəməməsinə də diqqət çəkib. Bunun səbəbini isə əmək haqqının kiçik olması ilə əlaqələndirib: "Təxminən 180 manatın əmək haqqının müqabilində 2 minə yaxın şagirdi olan məktbədə 1 psixoloq fəaliyyət göstərir. Ailədaxili problemlərin artdığını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür. Bu baxımdan müxtəlif yaş qruplarını əhatə edən proqramların hazırlanmasına çox ciddi ehtiyac var. Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə ayrıca işlənməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir. Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu göstərir. Bu baxımdan atalar maarifləndirilməlidir”.

Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirdikdə
valideyn polisə şikayət edir

Bəzən valideynlərin hər hansı problemə görə uşağını dərsdən yayındırdığını deyən M. Vəliyeva təəssüflə belə hallara tez-tez rast gəlindiyini qeyd edib: 

"Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Bu eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq. Bununla yanaşı, Bakı ətrafı qəsəbələrdə yaşayanlar 6-7 sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırlar. Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlər genişləndirilməlidir.

Misal üçün, bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirdikdə valideyn polisə şikayət edir. Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etməlidir. Uşaqların gələcəyi məktəbi narahat edir. Uşaqların həyatı, təhlükəsizliyi məsələsinə də diqqət artırılmalıdır”.

Şəymən