Keçənilki xəta yenə təkrarlandı

Dərs proqramları artıq başa çatıb və şagirdlərin məktəbə yollanması məntiqli deyil
“Keçən il də müşahidə apardım, demək olar ki, may ayının sonundan sonra dərs olmadı. Düşünürəm ki, bu il də eyni vəziyyət olacaq”



Orta məktəblərdə tədris ilinin iyunun 14-nə kimi uzadılması hər kəsə məlumdur. Dərslərin uzanması Təhsil Nazirliyinin keçənilki qərarı olsa da, valideynlər bu durumdan narazıdır.
Məsələ ilə bağlı sosial şəbəkələrdə də müəyyən fikirlər səslənib. Valideynlərin sözünə görə, dərs proqramları artıq başa çatıb və şagirdlərin məktəbə yollanması məntiqli deyil.

Tədris ilinin uzadılmasını valideynlər kimi neqativ qarşıladığını deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, Təhsil Nazirliyi dünyanın bir çox ölkələrində illik dərs həftələrinin sayının çox olmasını əsas gətirir: 

"Nazirliyin belə bir əsas gətirməsi yerindədir. Hətta bu gün Avropa ölkələrindəki dərs həftələri Azərbaycanda mövcud olan dərs həftələrinin sayından çoxdur. Əgər bu sahədə bir balans düzəltmək istəyirlərsə, ən yaxşı yol odur ki, sentyabrın 1-dən dərslər başlasın və mayın sonunda bitsin. Hələ ki, elə də güclü isti hava şəraiti yoxdur. 

Lakin bir də görürsən ki, 2 gündən sonra çox isti hava müşahidə oluna bilər. Bu cəhətdən hesab edirəm ki, istilər başlayanda məktəbdə dərs keçmək olduqca çətinləşir. Nə müəllimlər dərs keçə bilir, nə də ki şagird dərsdə otura bilir. Çünki buna dözüm lazımdır. Əgər dövlət infrastruktur yaratsa, yəni hər məktəbin auditoriyasında sərinləşdirici qurğular qoysalar, bəlkə bu yolla məsələni həll etmək olar. 

Digər tərəfdən bunun psixoloji anı var. Psixoloji an ondan ibarətdir ki, biz ata-babadan dərslərin may ayının sonunda bitdiyini görmüşük. Bu qədər oturuşmuş bir ənənəni biz ləğv eləsək, uşaqlar psixoloji cəhətdən özlərini yeni qanuna adaptasiya edə bilməyəcəklər. 

Keçən il də müşahidə apardım, demək olar ki, may ayının sonundan sonra dərs olmadı. Düşünürəm ki, bu il də eyni vəziyyət olacaq. Nə qədər ki, bu balansı yaratmayıblar və ortaq məxrəc tapa bilməyiblər, ona görə belə davam edəcək”.

Yeganə Bayramova