"Atamın vəziyyəti çox ağırdır. O, hər həftə kimyaterapiya olunmalıdır. Amma yanına heç kimi buraxmırlar. Heç vəkillərini də. Onun həyatı təhlükə altındadır”.
Bu sözləri Lent.az-a Komi respublikasının Dövlət Şurasının keçmiş deputatı, "Uxtanefteqazgeologiya” ASC-nin baş direktoru Akif Sayadovun qızı Nigar Sayadova deyib. Nigar xanımın dediyinə görə, atası 2014-cü ilin oktyabrında əsassız yerə həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb.
"Atamın həbsi Komidə böyük rezonansa səbəb oldu. Biz nə baş verdiyini anlamırdıq. Sonradan atam özü də məhkəmədə bəyanat verdi ki, həbsi sifarişlidir. Atam tələb edirdi ki, onun həbsini yerli istintaq orqanları yox, Moskva, FTX araşdırsın. Məhkəmədə açıq şəkildə bildirdi ki, əslində onu fiziki cəhətdən məhv etmək istəyirlər”.
Həbs ediləndən sonra Akif Sayadov Kominin paytaxtı Sıxtıvkardakı təcridxanada saxlanılıb. Vəkilləri onun səhhətinin ağır olduğunu əsas gətirərək ev dustaqlığına buraxılmasına çalışıblar. Və nəhayət buna nail olublar.
Sayadov həbsdən buraxılandan sonra yerli prokurorluq "Uxtaneftaqazgeologiya” şirkətinin keçmiş baş direktoru ilə bağlı verilmiş 4 il azadlıqdan məhrum etmə qərarını həddindən artıq yumşaq hesab edib. Müdafiə tərəfi isə müttəhimə tam bəraət istəyir.
Bundan başqa, keçmiş baş direktorda onkoloji xəstəlik qeydə alınsa da, nümayəndələrinin bildirdiyinə görə, o, lazımi yardım almır. Hazırda A. Sayadov Sıktıvkar şəhər xəstəxanasının məhkumlar üçün olan bölümündə xərçəng xəstəliyindən müalicə olunur.
Maraqlıdır ki, Sayadovun ağır xəstə olması ilə bağlı Moskvada yerləşən Bloxin adına Onkologiya İnstitutu da onun ev şəraitində və həkim nəzarətində müalicə alması haqda rəy verilib.
İş hətta Avropa Məhkəməsinə kimi gedib çıxıb. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Georgi Matyuşkin də Sayadovla bağlı işdə insan hüquqları konvensiyasının bir neçə müddəasının pozulduğunu təsdiq edib. Hətta Sayadova kompensasiya verilməsinin təmin edilməsini də təsdiqləyib.
Bundan başqa, Sayadovun vaxtı ilə rəhbəri olduğu "Uxtanefteqazgeologiya”un kollektivi də Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edərək baş direktorun günahsız olduğunu bildiriblər.
"Bütün bu müraciətlərə baxmayaraq atamdan əl çəkmirlər. Atamın 65 yaşı var, Ağır xərçəng xəstəsidir, ölüm ayağındadır. Biz onun müalicəsini təşkil etmək istəyirik. Amma əvəzində onu palatada qapadıblar. 4 nəfər də mühafizəçi qoyublar. Nə yediyini, nə müalicə aldığını isə bilmirik”, deyə Nigar Sayadova bildirib.
Xatırlıdaq ki, 65 yaşlı A.Sayadov Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə "Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında "İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında "Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən "Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim "Vahid Rusiya” fraksiyasının üzvüdür.