“Kəşkül” - jurnaldan qəzetə doğru...

Jurnalda müxtəlif sahələrdə çalışan mütəxəssislər, savadlı insanlar işə cəlb olunub


"Ziyayi-Qafqaziyyə” qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə "Kəşkül” adlı jurnal buraxılmağa başladı. Jurnalın naşiri "Ziyayi-Qafqaziyyə”nin redaktoru Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə "Ziya” qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi.

Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşüb. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda "Kəşkül” adlı jurnal çıxarmaq istədiyini bildirib. Onun xahişi 1883-cü ildə yerinə yetirilib. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxıb. Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı, mətbəə avadanlığı çatışmırdı, işçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi. Cəlal Ünsizadə təhsil görmüş gəncləri redaksiyaya cəlb etmək üçün lazımi səy göstərirdi. O zaman Tiflisdə işləyən azərbaycanlı müəllimləri tez-tez redaksiyaya dəvət edirdi. 1883-cü ildə Tiflis gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərlini redaksiyada məsul katib vəzifəsinə işə götürdü. Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə iki yarıqaranlıq otaqda yerləşirdi. Bu otaqların birində, tən ortada iri masa, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində redaksiyanın abunə yazdırıb gətirdiyi müxtəlif rus qəzetlərinin dəstləri düzülmüşdü. M.Kəngərlinin vəzifələrindən biri həmin qəzetləri diqqətlə oxumaq, lazımi materialları tərcümə etmək idi. Ünsizadə və Kəngərli məqalələrin tərtibi və jurnalın nəşri məsələlərinə də bilavasitə özləri nəzarət edirdilər.

"Kəşkül” 11 nömrə jurnal şəklində çıxdıqdan sonra C.Ünsizadə onu qəzetə çevirib. "Ziya” qəzetinə nisbətən "Kəşkül”ün həm mövzu dairəsi geniş, həm də məqalələrin yazılış forması müxtəlif idi. "Kəşkül” həyatın hər sahəsindən məlumat verən zəngin materiallar "çantasına” bənzəyirdi. Qəzetə "Kəşkül” adı verilməsi elə bununla əlaqədar idi. Ünsizadə "Kəşkül”də ərəb, fars və rus dillərində materiallar verməyi nəzərdə tuturdu. O, bir sıra Şərq ölkələrində qəzet üçün müxbirlər yetişdirmək, həmin ölkələrdən maraqlı yazılar dərc etmək niyyətində idi. Redaktor bu təşəbbüsünü yerinə yetirə bilmədi. O, təkcə qəzetdə ara-sıra farsca və rusca verilən məqalələrlə kifayətləndi. "Kəşkül”ün müxbir heyəti və müəllifləri özündən əvvəlki qəzetlərə nisbətən geniş idi. Özü də bu müəlliflərin tərkibi beynəlmiləl idi. Azərbaycan yazıçı və publisistlərindən Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, M.Şahtaxtinski, S.M.Qənizadə, M.Sultanov, S.Vəlibəyov, G.Kəngərli, Ə.Qayıbov, R.Axundov qəzetə bədii əsərlər, publisist məqalələr yazdıqları kimi, rus pedaqoqu və publisisti A.Çeriyayevski, gürcü şairi İ.Çavçavadze, Ukrayna yazıçısı N.Qulak, erməni yazıçılarından Raffi, A.Şirvanzadə və başqaları da qəzetin işinə cəlb olunmuşdular. Qəzetdə dil, ədəbiyyat, incəsənət, elm, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus , Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu. "Kəşkül”, "Əkinçi” ilə "Ziya” arasında orta bir mövqe tuturdu, lakin "Əkinçi”yə daha artıq dərəcədə meyli hiss olunurdu. Klassiklərin irsini yaymaqda qəzet mütərəqqi iş görüb.

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi - (1875-1920)” adlı əsərində "Kəşkül” qəzetinə geniş yer ayırıb. Müəllif kitabında qeyd edib ki, Qafqaz Senzura Komitəsinin 1883-cü ildə Peterburq Baş Mətbuat İdarəsinə göndərdiyi məlumatdan aydın olur ki, "Kəşkül” jurnalının nəşrinə 1882-ci ilin oktyabr ayının 20-də icazə verilib: "Jurnalın ərəb, fars və Azərbaycan dillərində nəşr edilməsi nəzərdə tutulub. "Kəşkül”ün ilk nömrəsi 1883-cü ilin yanvarında çıxıb. Həm jurnal, həm də qəzetin aşağıdakı şöbələri vardı - daxili şöbə, tarix və siyasi şöbə, tənqid və mətbuat xülasəsi, pedaqogika, həkim məsləhəti, şeir şöbəsi, təqvim, müxtəlif materiallar və elanlar. Şöbələrin adından göründüyü kimi jurnal müxtəlif sahələri əhatə edən publisistik-elmi məqalələrlə çıxış etməli, baş verən hadisələri, yenilikləri izləməli idi. Buna görə də siyasi, iqtisadi və ədəbi məsələləri işıqlandırmaq üçün "Kəşkül” müxtəlif sahələrdə çalışan mütəxəssisləri, savadlı insanları işə cəlb etdi. Cəlal Ünsizadə "Kəşkül”ün 3-cü sayında yazırdı: "Kəşkül”ün daireyi-qələmiyyəsi bu tərəflərdə, yəni Qafqaziyyə qitəsindən müxtəlif mövqelərdə, Rusiyanın içərilərində, həmçinin islam malikində (İran, Osmanlı və Misir səmtlərində) xüsusi müxbirləri olacaqdır”. Ünsizadə verdiyi vədə əməl etməyə çalışır, adlarını sadaladığı bu məmləkətlərdən bəzi ziyalıları "Kəşkül”ün ətrafında cəm etməyə səy göstərirdi. Jurnalın işində Həsən bəy Zərdabi və Seyid Əzim Şirvani yaxından iştirak edirdilər. C.Ünsizadə Azərbaycan milli mətbuatının yaranmasında və inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətlərinə böyük qiymət verir, "Əkinçi” qəzetini milli mətbuatın bünövrəsi adlandırırdı. Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə, iki yarımqaranlıq otaqda yerləşirdi ki, bu da işlərin normal məcrada getməsi üçün əngəl yaradırdı. Otaqların birində, ən ortada iri miz, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində isə abunə yazılmış qəzetlərin dəstləri düzülmüşdü. Jurnalın ilk nömrəsinə yazılan proqram mahiyyətli məqalə xüsusi ilə maraqlıdır. Məqalədə "Kəşkül”ün xalqa bağlı olacağı bildirilirdi. Bu, "Kəşkül”ün ana dilinə olan münasibətdə özünü göstərirdi. Ünsizadə bu barədə yazırdı: "Məcmuəmizin dili və əsil ibarəsi məmləkətimizin müsəlmanlarının məfhumu olan türki-Azərbaycan dilindən ibarət olacaqdır”. Araşdırmaçı kitabında bəyan edib ki, Cəlal Ünsizadə "Kəşkül”ün ilk saylarında "vətənimiz”, "Azərbaycan” kəlmələrini tez-tez işlətməklə xalqda milli kimlik və milli şüur hissi formalaşdırmağa çalışırdı: "Onun məqalələrində xəlqilik və müasirlik prinsipləri aydın görsənirdi. O, Tiflisdə yaşayan bir çox görkəmli şəxsiyyətləri "Kəşkül”ün ətrafında toplamışdı. Tiflisin baş hakimi Babov, maarif məclisinin keçmiş müdiri Qursaladze, Qori müəllimlər seminariyasının müəllimi Çernyayevski, ədib və jurnalist Eritsov və başqaları "Kəşkül”ün əsas əməkdaşları idilər. Həmçinin, Firudin bəy Köçərli, S.M.Qənizadə, M.F.Axundovun oğlu Rəşid bəy Axundov, Gülməhəmməd bəy Kəngərli nəşrin fəaliyyətində yaxından iştirak edirdilər. Xüsusən Firudin bəy Köçərli və Gülməhəmməd bəy Kəngərli Cəlal Ünsizadənin yaxın dostları olmuş, redaksiya bir müddət Kəngərlinin evində yerləşmişdi. Cəlal əfəndi təhsil görmüş gəncləri redaksiyaya cəlb etməyə çalışır, onlarla yaxından maraqlanırdı. Müəllim və tələbələrlə təmas qurur, onların yaradıcılıq istedadından yararlanmağa səy edirdi. Örnək üçün bu faktı qeyd etmək olar ki, 1883-cü ildə Tiflis gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərlini redaksiyada məsul katib vəzifəsinə işə götürmüşdü. "Kəşkül”də dil, ədəbiyyat, incəsənət, elm, maarif kimi bir çox məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu”.

A.Aşırlı bildirib ki, "Kəşkül” ideya-siyasi istiqamət və taktiki baxımdan "Əkinçi” və "Ziya”nın yolunu gedir, hətta bir çox məsələlərdə "Əkinçi”yə artıq dərəcədə meyl göstərirdi: "Bu cür qəzetçilik siyasəti çar senzurası tərəfindən diqqətə alınmaya bilməzdi. Ona görə də "Kəşkül” senzura təqiblərinə daha çox məruz qalmışdır. Jurnalın səhifələrində "Kəşkül” vəqti-müəyyəndə çıxmadı” ifadəsinə tez-tez rast gəlinir. Bu mətbu orqanda dil-ədəbiyyat, incəsənət, elm və maarifə dair nəzəri-publisistik materiallar, bədii-publisistik yazılar, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr də çap olunurdu. Klassik Azərbaycan ədəbiyyatının böyük simalarından olan Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı "Kəşkül”də geniş şəkildə işıqlandırılırdı. "Kəşkül” onun tərcümeyi-halını ilk dəfə nəşr etmiş, komediyalarının xarici dillərə tərcümə olunması və onların Avropada şöhrət qazanması, həmçinin komediyalarının tamaşaya qoyulması barədə oxuculara məlumat mütəmadi verirdi. İslamda fanatizmin tənqidi "Kəşkül”də qabarıq şəkildə özünü büruzə verirdi. Mətbu orqanın səhifələrində din pərdəsi altında aparılan mövhumatçılıq tənqid edilirdi. İslam dininin əsaslarına toxunmadan cəhalət yayan ruhani zümrə ciddi tənqidə məruz qalırdı. "Kəşkül” özünün 1889-cu il tarixli 81-ci sayında yazırdı: "Bu zümrənin çoxusu elmsizdir”. Qəzet satirik məqalələrinin birində ruhani idarələrinin mövhumatçılıq siyasətinə qarşı çıxırdı: "Zira, bu attestatlı ruhanilərimizdən hansı birinə yaxın gedib, o quzum, yaxud a qoyunum, harada təhsili ümumi-finun eylədiniz” deyə sual eyləsək, cavabında əblahanə bir təbəssüm ilə iktifa eylər”. "Kəşkül” dövrün bir sıra aktual məsələlərinə, beynəlxalq hadisələrə də toxunur, bu səpkidə məqalələr dərc edirdi. İlk sayında İngiltərənin və çarizmin Orta Asiyada apardığı müstəmləkəçilik siyasəti, Şeyx Şamilin rəhbərliyi altında aparılan milli azadlıq hərəkatı barədə oxucuya məlumat verirdi. "Kəşkül” 1889-cu il 12 aprel tarixli 84-cü sayında ruhaniləri tənqid edən məqalə dərc edib. Qafqaz Senzura Komitəsi yerlərdəki real vəziyyətlə bağlı məlumat səciyyəli yazıları işıqlandırmağı "Kəşkül”ə icazə vermirdi. Məsələn, qəzet 1889-cu il 23 oktyabr tarixli sayında Qarabağda boğaz xəstəliyinin yayılması ilə bağlı xəbərin dərcinə razılıq verməyərək, onu kəsib götürdü. "Kəşkül”də çıxan sosial-siyasi yazıların əksəriyyəti rus dilində nəşr olunan mərkəzi qəzetlərdən, yaxud yayılmasına icazə verilmiş xarici mətbu orqanlardan götürülürdü. Sonra isə buna icazə verilmədi. Senzura Komitəsi bu tip yazıların Qafqaz müsəlmanları arasında yayılmasını təhlükəli hesab edirdi. Senzor "Kəşkül”ün "Əl-Qahirə” qəzetindən "məsəleyi-erməniyyə” başlıqlı məqalənin bir abzaslıq xülasəsini də qadağan etmişdi. Bu kimi qadağalara baxmayaraq, öz nəşrini davam etdirən "Kəşkül” əsasən öz səhifələrində qonşu xalqların ədəbiyyatının təqdimatına, ədəbi nümunələrin Azərbaycan dilinə tərcüməsinə xüsusi yer verirdi. Qəzet mühərrirlərindən biri gürcü klassiki İ.Çavçadzenin "Bahar” şeirini Azərbaycan dilinə tərcümə etsə də, çapına icazə verilməyib. "Kəşkül” Çavçadzeni gürcü ədəbiyyatının məşhur ədəbi siması kimi təqdim edir, onun vətənpərvərliyini, yaradıcılığının gürcü ədəbiyyatını zənginləşdirib inkişaf etdirdiyini göstərirdi”.

Müəllif əsərində qeyd edib ki, cəmiyyətin həyatında baş verən dəyişiklikləri vaxtında oxuculara çatdırmaq istəyən "Kəşkül” XIX əsrin sonlarında Azərbaycanda baş verən milli oyanış və milli özünüdərk prosesinin də iştirakçısına çevrildi: "Cəmiyyətdə azərbaycançılıq şüurunun oyanmasında "Kəşkül”ün fəaliyyəti danılmazdı. Millət və din məfhumlarının ayrı-ayrı şeylər olduğunu xalqa çatdıran, bu məsələyə daha geniş yanaşma tərzi ortaya qoyan "Kəşkül”çülər ictimai-siyasi şüurun inkişafına da kömək etdilər. "Kəşkül” ilk dəfə olaraq ümmət və millət anlayışlarının fərqli məzmuna malik olduğunu, öz həmvətənlərinin milliyyət baxımdan müsəlman deyil, azərbaycanlı olduqlarını anlatmağa çalışırdı. Burada bir məsələ aydın idi ki, bu ilk təşəbbüs hələ azərbaycanlıların etnik mənsubiyyətini konkret müəyyənləşdirmirdi. Yusif Akçuralı fikrincə, "Ziya” kimi "Kəşkül”də türklük məfkurəsini deyil, islam birliyi görüşünün daşıyıcısı olub. Azərbaycan dilinə önəm verən "Kəşkül”ün 1887-ci il tarixli 15-ci sayında "Bir şəxs” imzası ilə çap etdirdiyi "Ana dilimiz” məqaləsində yazırdı: "Öz millətini əbədi saxlamaq istəyənlər bu ana dillərini saxlamalıdırlar və o dildə elm və fünuni övladi-millətə verilməlidir”. Müəllif qeyd edirdi ki, ana dilini yaxşı bilməyən, onun ləyaqətini qiymətləndirməyən adam başqa dilləri heç cür qiymətləndirə bilməz. Qəzet Azərbaycan dili ilə yanaşı, başqa dilləri öyrənməyi də təbliğ edirdi: "İnsan öz ana dilindən başqa neçə dil bilmiş olursa, o qədər də qədrini artırar. Lal yarımadam olduğu kimi çox dil bilən də çox adam sayılmalıdır”. Qəzet rus dilini öyrənməyi daha vacib hesab edirdi. "Bir şəxs” imzalı müəllifin "Bir suala cavab”, "Bilmək nə böyük bəladır”, "Bəylərimizin gələcək halı” sərlövhəli yazılarında da maarif, elm, mədəniyyət məsələlərindən danışılır, nadanlıq tənqid olunur, qonşu xalqların inkişafından söz açılır. Baxçasarayda İsmayıl bəy Qaspralı tərəfindən nəşr olunan "Tərcüman” qəzeti elə ilk saylarında Rusiya müsəlmanları arasında qəzet-jurnal nəşri ilə məşğul olan şəxslərin adlarını ehtiramla xatırlamış, ilk səhifədə "Rusiyada mətbuati-islamiyyə” ilə bağlı məqalə dərc etmiş, "Tərcüman” qəzetinədək Azərbaycan türkləri tərəfindən nəşr olunmuş "Əkinçi”, "Ziya”, ("Ziyayi-Qafqaziyyə”), "Kəşkül” kimi mətbuat orqanlarının adını çəkmişdi.
"Kəşkül”ün dövrün bir sıra mütərəqqi ziyalılarla əlaqəsi olduğu kimi, Qori Müəllimlər Seminariyasında təhsil alan Nəriman Nərimanov ilə də əlaqəsi vardı. Qəzetin 1890-cı il tarixli 109-cu sayında Qori Müəllimlər Seminariyasını bitirən azərbaycanlının, o cümlədən Nərimanovun adını çəkib yazmışdı. "Bunlar dəxi o günlər mətbəəmizə dəxi gəlib irəlidə vətən və əhnayi-vətənə xidmət edəcəklərini vəd vermişlər”. Qəzetin başqa bir sayında dərc olunmuş məqalədə Bakıda açılan təzə gimnaziyadan, onun şagirdlərindən və təhsil prosesindən bəhs olunur. Nəriman Nərimanovun Bakıda işə başlaması haqqında oxuculara məlumat verilir.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb