Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahənin inkişafı və bu sahədə məhsuldarlığın artırılması, subsidiyaların verilməsi, qida təhlükəsizliyinin təmin olunması və ixrac potensialının genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olundu. Cənab Prezidentin müşavirədə kənd təsərrüfatının yeni inkişaf hədəfləri ilə bağlı fikirləri konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müşavirədə diqqətçəkən başlıca mövzulardan biri ölkənin milli ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yerli istehsalın və özünü təminetmə səviyyəsinin gücləndirilməsi ilə bağlıdır. Vurğulandığı kimi, dünyada artan geosiyasi risklər, müharibə və münaqişələr enerji sektorundakı böhranı dərinləşdirməklə həm təchizat və logistika zəncirlərini qırır, həm də yüksək xammal qiymətləri fonunda kənd təsərrüfatına mənfi təsirlər göstərir. Habelə iqlim dəyişikliyi aqrar sahəyə zərər vurur. Belə bir mürəkkəb şəraitdə hər bir ölkənin öz ərzaq təhlükəsizliyini təmin etməsi məsələsi aktuallaşır.
Məhz bu kontekstdə Azərbaycan öz ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirməyi strateji vəzifələrindən biri hesab edir. Sözsüz ki, ötən illərdə aqrar sahədə bir çox istiqamətlər üzrə məhsul istehsalında böyük artım olub və bu, özünü təminetmə səviyyəsinin yüksəlməsində də əhəmiyyətli rol oynayıb.
Cənab Prezidentin qeyd etdiyi kimi, qəbul edilən bir neçə dövlət proqramı çərçivəsində Hökumətin kənd təsərrüfatı istehsalçılarına hərtərəfli dəstəyi, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərinin tətbiqi, güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verib. Meyvə-tərəvəz, bostan məhsulları, giləmeyvə üzrə özünü təminetmə 107 faiz, şəkər üzrə 102 faiz, kartof üzrə 91 faiz, üzüm üzrə 92 faiz, çay 86 faiz, mal əti üzrə 84 faiz, quş əti üzrə 82 faiz, balıq və balıq məhsulları üzrə 81 faizə çatıb. Yumurta tam tələbatı ödəyir və yüksək həcmdə ixrac potensialını formalaşdırır.
Həmçinin fındıq ixracında Azərbaycan dünyanın 3-4 ölkəsindən birinə çevrilib.
Ancaq bir çox mallarda idxaldan böyük asılılıq var, xüsusilə də buğda kimi strateji məhsulla özümüzü cəmi 55 faiz səviyyəsində təmin edirik və illik 1,2 milyon tondan çox ərzaq buğdası idxal edilir. Eləcə də, dənli paxlalar üzrə özünü təminetmə əmsalı 63 faiz, bitki yağları üzrə 52 faiz, kərə yağı üzrə 62 faizdir.
Müsbət nəticələrə baxmayaraq, kənd təsərrüfatı istehsalında dinamikanın qaneedici olmaması səbəbindən dövlət başçısı yeni Dövlət Proqramının hazırlanması ilə bağlı bir müddət öncə müvafiq qurumlara tapşırıqlar verdiyini bildirib.
2030-cu ilə qədər milli prioritetləri nəzərdə tutan Proqramın əsas məzmunu bütün məhsullar, o cümlədən buğda ilə 100 faiz özümüzü təmin etmək, digər məhsullar üzrə isə ixracı daha da böyütməkdir. Proqramın icrasının hərtərəfli və əhatəli olması üçün həm dövlət investisiyalarının, həm özəl sektor tərəfindən cəlb ediləcək sərmayələrin müştərək yatırılması nəzərdə tutulur.
Həmçinin yerli fermerlərə və mülkiyyətçilərə güzəştli kreditlərin verilməsi və subsidiya mexanizmlərinin daha da təkmilləşdirilməsi, digər stimullaşdırıcı alətlərdən istifadə planlaşdırılır. Proqramda digər məqsədlərdən biri ixracın şaxələndirilməsi və ənənəvi bazarlardan yeni bazarlara çıxışın təmin edilməsi, ixrac məhsullarının həm çeşidinin, həm də coğrafiyasının diversifikasiyası və xaricdə ölkəmizin artan iqtisadi nüfuzunun daha da möhkəmləndirilməsidir.
Ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində xarici investisiyaların aqrar sahəyə cəlbi üçün təşviqedici siyasətin davam etdirilməsi də əsas istiqamətlərdən biridir. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra yaranmış münbit geoiqtisadi imkanlar Azərbaycanın imicini daha da yüksəldərək dünyada onu orta güc kimi tanıtmaqdadır. Bu amil bir çox ölkələrin və nüfuzlu xarici şirkətlərin əməkdaşlıq istəklərini də artırır. Bu baxımdan müşavirədə səsləndirilən rəqəmlər həm də investorlara bir mesaj olmaqla, onların da yeni Dövlət Proqramında nəzərdə tutulan layihələrdə iştirakı üçün çağırış hesab edilə bilər.
Ümumilikdə, kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyulmuş tədbirlərin icrası Azərbaycanın dayanıqlı milli istehsal dəyəri zəncirinin formalaşmasına, rəqabətədavamlı aqrar emal sənayesinin inkişafına, idxaldan asılılığın azaldılmasına və ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin tam təmin olunmasına imkan verəcək.
Cənab Prezidentin bəyan etdiyi kimi, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcək.
Ramid Namazov,
Milli Məclisin deputatı