Kibercinayətkarlara qarşı mübarizə indi effekt verəcək

“Çünki MTN-ə nisbətən DİN-in infrastrukturu daha genişdir”



Daxili İşlər Nazirliyinə (DİN) kibercinayətkarlıqla mübarizə sahəsində səlahiyyətlər verilib. Artıq daxili işlər orqanları da kibercinayət işləri üzrə ibtidai istintaq apara biləcəklər.

Bu dəyişiklik Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb. İndiyə qədər isə kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub.

Azərbaycan İnternet Forumunun sədri, "Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz kibercinayətkarlıqla mübarizə sahəsində polis orqanlarına səlahiyyətlər verilməsinin gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, uzun müddət kibercinayətkarlıq sahəsində səlahiyyət bölgülərinin konkretləşdirilməsinə ehtiyac vardı: "Xeyli sayda milli əhəmiyyət kəsb etməyən cinayətlər vardı, amma bu sahə ümumilikdə xüsusi xidmət orqanlarının səlahiyyətində olduğu üçün DİN həmin cinayətlərin ibtidai istintaqını apara bilmirdi”. Ekspert deyib ki, operativ əməliyyatlar həyata keçirmək və prosesləri irəliyə aparmaq üçün sözügedən səlahiyyətlərin Daxili İşlər Nazirliyinə verilməsi təqdirəlayiq haldır: "Müasir dünya üçün kibercinayətkarlıq çox ciddi bir problemdir. Kibercinayətkarlıq sıradan bir məsələ olmadığı üçün aparıcı dünya ölkələri də ona qarşı mübarizəni maksimum dərəcədə gücləndirməyə çalışır. Ancaq həmin ölkələrdə belə, yalnız tərkibində milli təhlükəsizlik komponenti olan kibercinayətkarlıq sahələrinə qarşı mübarizə, xüsusi xidmət orqanlarına həvalə olunur. Digər kibercinayət sahələri isə hüquq-mühafizə orqanlarının səlahiyyətləri sırasına aid edilir. Hətta xarici ölkələrdə bizim Daxili İşlər Nazirliyinin funksiyasını icra edən qurumların tərkibində kibercinayətkarlıqla bağlı çoxlu sayda departamentlər olur. Yaxud da rayon şöbələrində kibercinayətkarlıqla bağlı ibtidai istinaq aparan, konkret olaraq bu istiqamət üzrə formalaşan bölmələr olur. Bizim hüquq-mühafizə sistemində isə belə bir fəaliyyət sahəsi yoxdur. Ancaq yeni sərəncamla kibercinayətkarlığa qarşı mübarizədə DİN-ə müəyyən səlahiyyətlər verilib. Hətta bir müddət öncə də Prokurorluq orqanlarına kibercinayətkarlıqla mübarizə istiqamətində müəyyən səlahiyyətlər verilmişdi. Hesab edirəm ki, bu addım cinayətkarlıqla mübarizədə müəyyən canlanma yaradacaq. Çünki MTN-ə nisbətən DİN-in infrastrukturu daha genişdir”.

O.Gündüzün sözlərinə görə, sözügedən dəyişikliklərin effekt verməsi üçün DİN kibercinayətkarlıqla mübarizə istiqamətində kadr potensialını və maddi-texniki bazasını gücləndirməlidir. Bizdə bu sahədə müəyyən çatışmazlıqlar olduğu üçün ilk növbədə bu sahəyə diqqət artırılmalı və sonradan ibtidai istintaq işlərinə start verilməlidir.

Şəymən