Elman dayının ziyası bir dünyaya yetərdi
Kitab heykəl...
Azərbaycanın ən yekə kişisini itirdik
Elman dayının ziyası bir dünyaya yetərdi
Elman dayının ziyası bir dünyaya yetərdi
«Bu şəhərdə kitab həvəskarı olan hər kəsin bir Elman dayısı vardı.
Qız Qalasının yanındakı balaca kitab dükanına tələbəlikdən üzübəri 20 ildən çox idi gedib-gəlirdim…»
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Yadigar Cəfərlinin kitabsevərlərin gözüyumulu gedib tapa biləcəyi, Qız Qalasının yanındakı kitab mağazasının satıcısı Elman dayı haqqında anım yazısı bu cümlələrlə başlayır. Çox kədərlidir; Elman dayı rəhmətə gedib…
Dünən sosial şəbəkədə Y.Cəfərlinin Elman dayı ilə bağlı paylaşımını oxuduq. Hamımız üzüldük bu xəbərə. Sanki ölkədə bircə dənə – yeganə kitab mağazası qalmışdı, o da bağlandı. Elman dayının ömrünün bağlanması ilə. Yadıma unudulmaz Vaqif Səmədoğlunun misraları düşdü: dəniz də bağlandı, yay kinosutək…
Jurnalist dostumuz çox gözəl təsvir edir, o kitab mağazasını da, onun satıcısını da:
«… Kitabları çox ucuz satırdı. Oradan qəpik-quruşa aldıqlarım hesabına indi evdə böyük bir kitabxana yığılıb.
Elman dayının dükanına getmək, kitab almaqdan çox bir qədər də ibadət kimi idi.
Bu dükanda zaman dayanmışdı elə bil.
Elman dayı özü isə XIX əsrin ortalarından başlanmış maarifçilik hərəkatımızın balaca bir parçası kimi, o dövrdə yaşamış ziyalılarımızın kiçik bir nişanəsi sayaq sanki Qız Qalasının arxasında daldalanıb özünü də, aid olduğu dövrü də, o dövrdən gələn işığı da necəsə gizlədə bilmişdi.
Dükan darısqal və alaqaranlıq idi. Amma içəridə vərəqləri saralmış kitabların və Elman dayının ziyası bir dünyaya yetərdi.
Hər dəfə bu dükandan ayrılandan sonra həyat adama olduğundan daha işıqlı gəlirdi.
Onu sonuncu dəfə yazda gördüm. Həmişəki hücrəsində bir küncə sıxılmışdı. Daha adamları tanıya bilmirdi. Danışmağa çətinlik çəkirdi.
İkiqat əyilmiş qəddini, saralmış çöhrəsini, zəif vücudunu bu halda görəndə mənə elə gəldi ki, artıq vədə tamamdır, o, özü də yavaş-yavaş bir kitaba çevrilməyə başlayıb.
Ondan bir neçə gün sonra dükanın qapısı qıfıllandı. Mən Elman dayını daha heç vaxt görə bilmədim. Ardınca dükanın pəncərələrini də qapayıb içəridə təmirə başladılar.
Və bu, çox qüssəli idi.
Bu günsə eşitdim ki, Elman dayı artıq üç gündür, haqqa qovuşub.
Deyirlər ki, ölmək əslində yox olmaqdır.
Əgər belədirsə, o yenə yaşayır.
Bir vaxtlar Qız Qalasının böyrünə sığındığı kimi, indi də kitablara, sətirlərə, sözlərə qarışaraq...
Allah rəhmət eləsin!».
Yazını oxucularımıza təqdim edən bəndəniz də, Elman dayının dükanının ziyarətçilərindən olub. Mən də o dükandan kitablar almışam. Yadımda qalan budur ki, Cəlil Məmmədquluzadənin 10 cildliyinin hansısa cildi yoxuydu, çatışmayan cildi məhz Elman dayıdan tapıb almışdıq. Sonra o dükandan «Xacə Şah» və «Əmir Teymur»u almışdım və həyat yoldaşıma göndərmişdim. Bəyənmişdi hər iki əsəri. Uzun müddət fikrini, düşüncələrini məşğul etmişdi bu əsərlər.
Həqiqətən də, o kitab mağazasına daxil olanda insan özünü başqa bir aləmdə hiss edirdi. Çapında, hasilə gəlməklərində neçə-neçə insan taleyinə şahidlik edən o kitablar sanki dilə gəlib, lap «Bir qalanın sirri»ndə olduğu kimi «sən bizi oxumamısan» deyə dilə gəlirdilər və insan istəyirdi ki, oradaca qalıb o kitabların hamısını oxusun…
Kitabları baha qiymətə satmazdı. Buna görə də kitabsevərlər (adətən maddi cəhətdən kasıb olurlar axı…) o mağazaya tez-tez gedərdilər. Hamı oranı məhz belə tanıyırdı; Qız Qalasının yanında ucuz kitablar satılır… Əslində isə satılanlar ucuz kitablar deyildi, sadəcə Elman dayı onlara elə qiymət qoyurdu ki, istəyənlər ala bilsin. Ucuz qiymətə dəyərli bilik əldə etsinlər. Ucuz kitab ala-ala varlansınlar – biliklə.
Elman dayının həyatdan köçməsi xəbərini kim eşitdisə, hər kəs məyus oldu. Dəyərli ziyalılarımız Elman dayının vəfatını təəssüflə qarşıladılar.
Xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlı «Şərq»ə açıqlamasında Elman dayını kitabların böyük təbliğatçısı adlandırdı:
- Çox gözəl insan idi. Allah rəhmət eləsin. Vəfatına çox təəssüflənirəm… Mən də Elman dayının mağazasına çox getmişəm, oradan kitablar almışam. Hətta öz kitablarımı da tapmayanda, o mağazadan almışam. Bu insan kitab bilicisi idi, kitabları tanıyırdı və kitabın böyük təbliğatçısı idi. Təkcə ədəbiyyat nümunələri almamışam o mağazadan, həm də bədii sənətlə bağlı dəyərli kitablar əldə etmişəm. Onunla söhbət edirdim. Çox maraqlı insan idi. Özü də maraqlı idi, mağazası da. Elman dayı həm də mənim işçim olub - mən mətbuat və informasiya naziri olduğum vaxtlarda kitab mağazaları da nazirliyə tabe idi. Belə insanlar, həqiqətən də dünyaya az-az gəlir…
Yazıçı-dramaturq Seyran Səxavət də Elman dayının vəfatı xəbərini eşidəndə məyusluğunu dilə gətirdi:
- Qəbri nurla dolsun. O kişiylə şəxsi tanışlığım vardı. Çox getmişəm o dükana. Yəni 10-15 dəfə mağazaya getmişəmsə, onun 12-də istədiyimi ala bilmişəm. Hətta öz kitablarım üçün də Elman dayının mağazasına getmişəm. Bilirsiz də, yazıçı, şair belədi ki, kitabı nəşr olunur, başlayır hədiyyə verməyə, peşkəş etməyə. Bir də görür ki, özünə kitab qalmayıb. «Daş evlər» romanımı, «Mənim planetim» şeirlər kitabımı Elman dayıdan almışdım. Onu da deyim ki, bu kitablara görə kişi məndən pul almadı, dedi, axı bu kitabları sən yazmısan, necə pul alım səndən?! Elman dayı xalqın dayısı idi, bütün yazıçıların dayısı idi, çoxuşaqlı dayı idi. Mən onun varlığından təsəlli alırdım. Nə qədər ki, o yaşayırdı, elə bilirdim, kitab oxuyanlar var. İndi kitaba sevgi o qədər azalıb ki, lap dünyanın o başına gedib çıxıb. Amma Elman dayı hətta o dünyaya gedib çıxan kitab sevgisi ilə bu dünya arasında körpü idi. O körpü uçdu artıq mənim üçün. Günümüzün reallığı budur. Onunla söhbət edirdim, zarafat da edirdik. Hesab edirəm ki, ən yaxın bir adamımızı itirmişik. Kiçik bir mağazada satıcı işləyəsən, amma nə boyda məşhur bir adam olasan. Mən Elman dayını ölkəmizin ən yekə kişisi bilirəm. Allah ona rəhmət eləsin…
«Şərq» qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı da Elman dayının mağazasının daimi ziyarətçilərindən olub:
- Çox həssas, səmimi insan kimi xatirimdə qalıb. Kitaba hədsiz maraq oyadırdı. Kitablar onun ən yaxın dostu idi, hətta balası kimi yanaşırdı kitablara. Mağazaya gələnləri həmişə səmimi qarşılayırdı, söhbət edirdi, məsləhət verirdi, hansı kitabı haradan əldə etmək olar… Onunla söhbət etmək insana zövq verirdi. Hiss edirdin ki, geniş bilgiyə sahib bir insandır. Mən o mağazadan mətbuat tariximizlə bağlı, jurnalistika ilə bağlı kitablar almışam. Öz kitablarım da orada satılıb. Nə zaman mağazaya getmişəmsə, əliboş dönməmişəm. Hər dəfə 5-6 kitab almışam. Elman dayı kimi insanlara günümüzdə nadir hallarda rast gəlinir. Təəssüf ki, belə bir insanı itirdik.
"Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu da Elman dayı ilə bağlı xatirələrini paylaşıb:
- Elman dayı demək olar ki, bütün kitabsevərlərin, kitabla əlaqəli hər kəsin sevimli dayısı idi. Çox kitab almışam onun mağazasından. Köhnə kitabları lap ucuz qiymətə satdığından, həm də kitabları bildiyindən onun mağazasına gedirdim. Elman dayı mağazasına pul qazanmaq yeri kimi baxmırdı. Onun üçün maraqlı olan insanların kitab oxuması idi, kitaba sevginin aşılanması idi. Çox sevirdi, daimi oxucu olan insanlarla söhbət etməyi. Həddindən artıq mütaliəli şəxs idi, mağazasındakı kitabların demək olar ki, hamısını oxumuşdu. O, bir kitab, ədəbiyyat sevdalısı idi. Mən deyərdim ki, Elman dayı Azərbaycan ədəbiyyatına bir sanballı yazıçının verdiyi töhfə qədər iş görmüşdü. Kitab həvəskarlarının, ədəbiyyat sevdalılarının sevimlisi olan Elman dayının vəfatı üzücüdür. Kitabsevərlər üçün ağır itkidir. Ruhu şad olsun!
Məlahət Rzayeva