Azərbaycanda da magistral yolların üzərindən “heyvan körpüləri” salınmalıdır - EKSPERT

  • Bu, təkcə heyvanların deyil, həm də sürücülərin və sərnişinlərin təhlükəsizliyi məsələsidir

Mal-qaranın magistral yollara çıxması adi haldır. Bölgələrdə, kəndlərdə bu mənzərəyə hər zaman rast gəlinir. Mal-qaranın yollarda sərbəst hərəkəti təbii ki sürücülərə təhlükə yaradır, qəzaların baş verməsi bəzən qaçılmaz olur. Amma bu vəziyyətdə çıxış yolu kəndlidən “heyvanını həyətində saxla, yola çıxmasın” tələbi etmək deyil. Heyvan, adından da göründüyü kimi heyvandır.

Otlamağa göndərilir, harda yaşıl, yeməyə yararlı ot varsa o istiqamətə gedəcək. Onun hərəkətini məhdudlaşdırmaq mümkünsüzdü. Bəs biz insanlara nə gəlib? Bizimki ağlımız, dərrakəmiz var. Yəni, olmalıdır, əslində. Mal-qara təkcə bizim ölkədə deyil ki. Dünya ölkələrində də mal-qara var, bizimkindən sağlam, verimli. Və bir sıra ölkələr heyvanlarla avtomobillərin qarşılaşmamasının maksimal həllini çoxdan tapıb.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bunun çox gözəl nümunələrini fotolar vasitəsiylə sosial şəbəkədə paylaşıb. Sherg.az-a açıqlamasında isə mütəxəssis bildirdi ki, Azərbaycanın magistral yolları heyvanların miqrasiya marşrutlarını, təbii yaşayış areallarını və heyvandarlıq-fermer təsərrüfatlarının yerləşdiyi əraziləri kəsir. Dünya təcrübəsində bu risklərin azaldılması üçün ekoduklar və digər heyvan keçidləri tətbiq olunur: 

- Ekoduk nədir? Bu, heyvanların avtomobil yollarını təhlükəsiz keçməsi üçün nəzərdə tutulmuş, körpüyə bənzər xüsusi qurğudur. Belə keçidlər həm vəhşi heyvanların, həm də kənd təsərrüfatı heyvanlarının təhlükəsiz hərəkətinə şərait yaradır, eyni zamanda heyvanların yola qəfil çıxması nəticəsində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. 

R.Ağamirzəyev bildirdi ki, Azərbaycanda 421 min hektardan çox milli park ərazisi və zəngin biomüxtəliflik mövcuddur. Buna görə yeni magistral yolların və rekonstruksiya layihələrinin planlaşdırılması zamanı heyvan miqrasiyası, ekoloji dəhlizlər və fermer təsərrüfatlarının yerləşməsi nəzərə alınmalıdır: 

- Düşünürəm ki, Azərbaycanın magistrallarında, xüsusilə meşəlik, dağlıq, milli park və heyvandarlıq təsərrüfatlarına yaxın ərazilərdə ekodukların və xüsusi heyvan keçidlərinin inşasına ehtiyac var. Bu, təkcə heyvanların deyil, həm də sürücülərin və sərnişinlərin təhlükəsizliyi məsələsidir. Təhlükəsiz yol yalnız avtomobillər üçün deyil, təbiətlə birgə yaşamaq üçün də qurulmalıdır.