Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər

Yeni araşdırmaya görə, əzələlərin arasında toplanan və gözlə görünməyən yağ ürək-damar sağlamlığı üçün risk yarada bilər.

Medicina.az xəbər verir ki, tədqiqatçılar 669 yetkin insanı təxminən 6 il izləyiblər. Nəticələr göstərib ki, əzələlərdə yağın miqdarı artdıqca ürəyin kiçik damarlarının fəaliyyətində pozulma və ciddi ürək-damar hadisələri riski yüksələ bilər.

Mütəxəssislər bildirirlər ki, bu yağ növü insanın çəkisi və bədən kütlə indeksi normal olsa belə mövcud ola bilər. Araşdırmaya əsasən, əzələ daxilində yağın hər 1 faiz artımı ürəyin mikrodövranı ilə bağlı problemlər riskini təxminən 2 faiz, ciddi ürək-damar hadisələri riskini isə 7 faiz artırıb.

Alimlər bunun müşahidə xarakterli araşdırma olduğunu və yağın azaldılmasının ürək xəstəlikləri riskini birbaşa azaltdığını hələ sübut etmədiyini vurğulayırlar.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün müntəzəm fiziki aktivlik, əzələ gücləndirici məşqlər, sağlam qidalanma, qan təzyiqi, xolesterin və qan şəkərinin nəzarətdə saxlanılmasını tövsiyə edirlər.