Köç dayanmayıb...

Suriya erməniləri Qarabağa yerləşdirilir
Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin qeyri-qanuni məskunlaşdırılması prosesi sürətlə davam etdirilir. Suriyadan gələn erməni köçkünlər, dünyanın başqa ölkələrindən gələn ermənilər məcburi qaydada Dağlıq Qarabağ ərazilərində yerləşdirilir. Bu məsələnin Azərbaycanı narahat edən problemlərdən biri olduğunu vurğulayan baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov martın 31-də Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında bu məsələni qabardıb. O öz çıxışında bildirib ki, Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir.
Qeyd edək ki, dövlət rəhbərliyi ilə yanaşı, Azərbaycan ictimaiyyəti də Suriya ermənilərinin Qarabağa qeyri-qanuni köçürülməsindən narahatdır. İctimaiyyət üzvləri hesab edir ki, rəsmi Bakı Suriya ermənilərinin işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsinə yol verməməlidir.
Ermənilərin Suriya qaçqınlarını işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməsinin qarşısını almaq yollarına gəldikdə isə Azərbaycan Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, sözügedən məsələ daimi olaraq Azərbaycan XİN-in diqqətindədir. Onun sözlərinə görə, problem müntəzəm olaraq beynəlxalq təşkilatlar qarşısında qaldırılır: "Ermənilər ilk dəfə deyil ki, belə təxribat xarakterli addımlara əl atır. Artıq rəsmi İrəvanda təxribat yaratmaq və münaqişənin həllini uzatmağa çalışmaq adət halını alıb. Hələ 2005-ci ildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal altında olan Azərbaycan torpaqlarına faktaraşdırıcı missiya xarakterini daşıyan səfəri zamanı sübuta yetirilib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda təsbit olunmuş prinsiplərdən biri də ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyət dəyişdirilə bilməz. Beynəlxalq prinsiplərə zidd olmasına rəğmən işğalçı Ermənistan bu siyasəti həyata keçirir. Azərbaycan tərəfindən isə mütəmadi olaraq bu məsələ beynəlxalq ictimaiyyət qarşısında qaldırılır. Tələbimiz odur ki, Ermənistana bu kimi işğalçılıq siyasətindən əl çəkmək və münaqişənin həllinə töhfə verəcək addımlar atmaq üçün təzyiqlər edilsin”.
Ermənilərin Azərbaycanın işğal altında qalan torpaqlarında məskunlaşdırılmasının çox ciddi və aktual problem olduğunu vurğulayan "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü, millət vəkili Elman Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti problem ortaya çıxdığı gündən bu məsələni gündəmdə saxlayır: "Bu məsələ doğrudan da Azərbaycan üçün kifayət qədər narahatlıq doğuran faktdır. Azərbaycan tərəfi bu məsələni daimi gündəmdə saxlayaraq ölkə başçısı, Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Milli Məclis səviyyəsində, həmçinin Azərbaycanı Parlament Assambleyasında, Avropa Şurasında təmsil edən qurum səviyyəsində qaldırır. Beynəlxalq güclər bu barədə məlumatlandırılıb və lazımi ünvanlara bəyanatlar göndərilib”.
Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul qurum olan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə toxunan millət vəkilinin sözlərinə görə, Azərbaycanın işğal altında qalan ərazilərində ermənilərin yerləşdirilməsi beynəlxalq hüquq normalarına zidd olduğu üçün həmsədr bu problem ortaya çıxan andaca həll etməli idi. Həmsədrlərin bölgəyə ötən səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdüklərini vurğulayan E.Məmmədov görüş zamanı sərt şəkildə öz iradlarını həmsədrlərin diqqətinə çatdırıb: "Görüş zamanı həmsədrlərə öz tənqidi fikirlərimi söylədim ki, siz ötən dəfə də bölgəyə səfəriniz zamanı bu məsələni araşdırdınız. Gördünüz ki, həqiqətən də Azərbaycanın işğal altında olan torpaqlarında dünyanın müxtəlif ölkələrindən ermənilərin köçürülməsi və məskunlaşdırılması prosesi gedir. Xüsusilə də, cənub ölkəsi sayılan Suriya, Livandan. Orda-burda acından ölən erməniləri pul verib şirnikləşdirərək gətirib, Qarabağda yerləşdirirlər. Bu məsələ beynəlxalq hüquqa zidd olsa da, dünya ictimaiyyəti surur. Fakt odur ki, artıq bir neçə ildir Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması prosesi başlanıb və davam edir. Ancaq bunun qarşısını almaq üçün heç bir tədbir görülmür. Əksinə, situasiyalar göstərir ki, onlar ermənilərlə həmfikir və əlbirdirlər. Beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Lakin beynəlxalq birlik tərəfindən hələ də sanksiya tətbiq olunmaması, ikili standartların davam etməsindən xəbər verir. Dağlıq Qarabağ probleminin həlli 3 dövlətdən asılı olmamalıdır. Bu dövlətlər tarix boyu erməniləri və erməni işğalını dəstəkləyiblər, erməniləri dünyanı müxtəlif yerlərindən köçürüb Azərbaycanın tarixi torpaqlarında yerləşdiriblər. Ona görə, bu dövlətlər ədalətli yol seçə bilməyəcəklər. Əslində, həmsədrlərin işğalçı Ermənistanı dəstəkləməsi məndə təəccüb doğurmur. Bunu həmsədrlərin özünə də demişəm. ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərin hər üçünün bütün tarixi müstəmləkəçilikdən ibarətdir. Amerikalı həmsədrə xatırlatmışam ki, siz Avropadan yığışıb getmiş ispanlar, portuqallar, fransız, ingilislər və irlandlar, şotlandlarsınız ki, Amerikanın yerli əhalisini qırıb-çapdınız, aborigenləri qovub, yerində oturdunuz. İşğalçılığa öyrənmiş adamlarsınız, ona görə də biz sizdən heç nə gözləmirik. Siz açıq-aşkar ermənilərə havadarlıq edirsiniz? Həqiqətən də belədir. Minsk Qrupunun 20 ildən artıq fəaliyyətinin heç bir nəticəsi yoxdur. Əldə etdikləri nəticələr Azərbaycanın ziyanınadır. Münaqişənin ədalətli həllinə maneə yaradır. Sanki bu qrup yaradılanda bunlara pərdəarxası gizli olaraq tapşırıq verilib ki, siz bu münaqişənin həlli ilə yox, həllinin əngəllənməsi ilə məşğul olmalısınız. Onlar da bu missiyanı məharətlə yerinə yetirirlər. Bununla da Dağlıq Qarabağ probleminin həlli günü-gündən uzanır. Bu ləngimələr nəticəsində Azərbaycana maddi və mənəvi ziyanlar vurulur. Təəssüf ki, işğalçı ilə işğala məruz qalan dövlətə bərabər münasibət göstərilir. Beynəlxalq birlik konkret mövqe ortaya qoymasa, həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmasa, Sarkisyan hakimiyyəti müxtəlif bəhanələrlə münaqişənin uzanmasına çalışacaq. Bütün bunlar isə Azərbaycanı öz torpaqlarını hərbi yolla işğaldan azad etmək məcburiyyətinə sövq edir”.
Şəymən