Kolleclər ötən əsrdən qalır
Bu məktəblər ali məktəblərin nəzdinə keçirilərsə, daha müsbət dəyişikliyə gətirib çıxaracaq
Təhsil Nazirliyi kolleclərin fəaliyyətindən narazıdır və əsassız da sayılmaz. Hazırda əksər kolleclər pulla qiymət yazmaqdan, savadsız kadrlar yetişdirib, "diplomlular”ın sayını süni şəkildə artırmaqdan savayı bir işin sahibi deyil onsuz da.
Kolleclərin fəaliyyəti ilə bağlı keçirilmiş müşavirədə təhsil nazirinin müavini Firudin Qurbanov bu sahədəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını xüsusi vurğulayıb. Nazir müavini kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsini vacib sayıb.
Amma konkret açıqlanmayıb ki, "müvafiq tədbirlər” nədən ibarət olmalıdır? Sadəcə, ümumi ifadələr işlədilib: tələbələrin dərsdən yayınmasının qarşısı alınmalı, imtahan sessiyalarına nəzarət gücləndirilməlidir. Bir yerdə ki, tələbəyə "50 manatdan yığın, "zaçotniklər” yazılsın” tapşırığı verilir, orada hansı nəzarətdən danışmaq olar?
Kolleclərdəki vəziyyət hər kəsə gün kimi aydındır. Bizim bəzi ali məktəblərdə, necə deyərlər, "köklü-budaqlı” universitetlərdə, akademiyalarda hələ də imtahan sessiyalarında tələbələrdən pul yığıldığı, qiymətlər pulla yazıldığı halda kolleclərdə bunun qarşısı necə alınacaq, görəsən?
Xatırlayırsınızsa, təhsil naziri Mikayıl Cabbarov bir neçə ay öncə, kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi məsələsini gündəmə gətirmişdi. Nazir bildirmişdi ki, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır. Yaxın gələcəkdə onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq.
Nazir qeyd etmişdi ki, 3 kollecin ali təhsil müəssisələrinin tərkibinə qatılması üçün Nazirlər Kabinetinə təkliflər artıq təqdim edilib.
Bəlkə nazirin dedikləri elə kolleclərin fəaliyyəti ilə bağlı yeni mərhələyə keçiddir?
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, kolleclərin fəaliyyətinin keyfiyyətcə yenilənməsi zamanın tələbidir:
- Ali təhsil müəssisələrində olan elmi-pedaqoji potensial daha yüksəkdir. Ali məktəblərdə Baloniya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha sürətlə gedir. Orta ixtisas təhsili pilləsində də tələbələrə verilən təhsilin səviyyəsi daimi yüksəldilməli və müasir əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirilməlidir. Kolleclər ali məktəblərin nəzdinə keçirilərsə, orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edər.
Bu, orta ixtisas təhsilinin müasir təhsil sisteminə inteqrasiyası olar. Kolleclərin ötən əsrdə qaldığını vurğulayan Ə.Ağayev bildirdi ki, hər işin, hər hadisənin öz zamanı var:
- Ötən əsrin 20-30-cu illəri üçün orta ixtisas müəssisələri kifayət qədər gərəkli bir proses idi. Təcili kadrların hazırlanması üçün kolleclərin xidmətindən istifadə olunurdu. Həmin illərdə göstərilən fəaliyyət hesabına kolleclərin fəaliyyəti genişləndi və müəyyən qədər də nəticələr əldə edildi. Müharibə illəri və ondan sonrakı illərdə də orta ixtisas təhsili müəssisələrinə ehtiyac vardı. Amma bu gün dövran dəyişib. İndi dünyanın heç bir yerində ayrıca olaraq orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərmir. Eləcə də, artıq Azərbaycanda onların fəaliyyətinə ehtiyac duyulmur. Ali məktəb var və həmin təhsil ocaqları ali ixtisaslı kadr hazırlayırsa, deməli, orta ixtisaslı kadrlara ehtiyac olmamalıdır. Əslində artıq Azərbaycanda həmin kadrları gözləyən iş yerlərimiz də yoxdur.
Ə.Ağayevin sözlərinə görə, kolleclər ali məktəblərin nəzdinə keçirilərsə, bu, dünya təhsil sisteminə inteqrasiya baxımından müsbət hal olar:
- Bu isə o deməkdir ki, universitetlərimizin tərkibində orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərəcəksə, deməli, artıq ali məktəblərimiz dünya universitetləri səviyyəsinə qalxacaq. Çünki dünyanın aparıcı ali təhsil ocaqlarının nəzdində orta məktəblər və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Hətta elə məktəb var ki, özünün fabriki, zavodu var. Hətta ferması olan universitetlərə də rast gəlmək olur. Eyni zamanda, kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi peşəkar kadr hazırlığına da öz təsirini göstərəcək. Bu gün kollec tanıyıram ki, oranı bitirən 100 uşaqdan cəmi 5-i kadr kimi istifadəyə yararlıdır. Kolleci yüksək qiymətlə bitirənlərin sonradan həmin müəssisədə ali təhsil almaq imkanları olmur. Amma yeni sistemdə bu imkanlar var. Orta ixtisas məktəbini əla qiymətlərlə bitirənlər birbaşa universitetin üçüncü kursuna qəbul ola bilirlər. Hesab edirəm ki, belə olarsa, kolleclərə qəbul keyfiyyətcə yeni mahiyyət qazanar, gənclər buna maraq göstərər, kolleci bitirəndən sonra isə istəsə ixtisası üzrə işləyər, təhsilini davam etdirmək istəyən də davam etdirər. Müasir tələblər nəzərə alınmaqla kolleclərin fəaliyyəti ilə bağlı köklü islahatlar aparılmalıdır.
Məlahət Rzayeva