Kommunistlər yola getmir

“Telman Nurullayev hansı möhürdən danışır?”
Rauf Qurbanov: “Parlament seçkisində mənim qanuni möhrümlə 8 nəfərin namizədliyi qeydə alınıb”


Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun deputatlığa namizədliyi ilə bağlı mətbuata danışan Telman Nurullayev AKP-nin möhürünün onda olduğunu iddia edib. Nurullayev həmçinin, partiya sədrinin özü olduğunu deyib: "Rauf Qurbanov partiyanın sədri deyil. Kommunistlər onun partiyadan çıxarılması haqqında qərar qəbul ediblər. Məndə R.Qurbanovun partiyadan çıxarılması ilə bağlı protokol var. O, özünü AKP-nin lideri hesab edir. Yaxşı olardı ki, Kommunist Partiyasının hansısa qrupunun rəhbəri olduğunu desin”. T.Nurullayevin sözlərinə görə, R.Qurbanovun namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülə bilməz.

Telman Nurullayevin ittihamlarına münasibət bildirən Rauf Qurbanov "Şərq”ə verdiyi açıqlamada deyib ki, AKP-nin sədrinin kim olduğu hamıya yaxşı bəllidir: "Partiyadan qovulmuş adamların mövqeyinə münasibət bildirməyi öz səviyyəmə yaraşdırmıram. Amma bəzi məsələləri açmaq lazımdır. Telman Nurullayev partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə, qurum sıralarından xaric olunub. Özünü "sədr” kimi qələmə verən T.Nurullayev indiyə kimi hansısa seçkidə iştirak edibmi? Hansı dövlət qurumunda qeydiyyata düşüb? Onun bu cür replikalar atmaqdan başqa Azərbaycanın ictimai-siyasi həyatında heç bir rolu, fəaliyyəti olmayıb. Lakin Rauf Qurbanov hər zaman gündəmdə olan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir şəxsdir”.

R.Qurbanov möhür söhbətinə də aydınlıq gətirib: "Partiyanın möhürü əvvəllər Ramiz müəllimdə (red: AKP-nin əvvəlki sədri Ramiz Əhmədov) olub. Amma Ramiz müəllim 2007-ci ildə dünyasını dəyişəndən sonra möhür itib. Mən daha sonra rəsmi şəkildə dövlət qurumu tərəfindən itən möhürü bərpa etdirmişəm. İndi bilmirəm, Telman Nurullayev hansı möhürün onda olduğunu iddia edir. Parlament seçkisində mənim qanuni möhrümlə 8 nəfərin namizədliyi qeydə alınıb. MSK-nın saytında da AKP-nin sədri kimi Rauf Qurbanov göstərilib. Beynəlxalq Kommunist Təşkilatının İcraiyyə Komitəsinin üzvü də mənəm”.

AKP sədri bildirib ki, bütün seçkilərdə hamı onun adını eşidir, fəaliyyətini izləyir. T.Nurullayevi isə tanıyan yoxdur: "O, sadəcə "facebook”da başqalarını söyməklə, pozuculuq etməklə məşğuldur. Hacı Hacıyev, Ələsgər Xəlilov, Rüstəm Şahsuvarov da ona qoşulub, bir koalisiya yaradıblar. Onların işi sosial şəbəkədə ünvanıma nalayiq ifadələr yazmaqdır, qoca qarılar kimi dedi-qodu etməkdir. Amma bilmirlər ki, barəmdə yazdıqlarının hamısı məhkəmə predmetidir. Buna görə məhkəmə qarşısında cavab verəcəklər. Bu insanların əməli fəaliyyəti yoxdur. İşləri-gücləri Rauf Qurbanovu gözdən salmaq, nüfuzuna zərbə vurmaqdır. Amma əmin olsunlar, istəklərinə nail ola bilməyəcəklər”.

İsmayıl