Kralın oğlu Türkiyəni ölkəsinə düşmən elan edib

Səudiyyə Ərəbistanın vəliəhdi əslində Ankaranı istəməyənlərin danışan dilinə oxşayır
Qərb dövlətləri Türkiyəyə qarşı “ərəblərin vəkili rolunda” Məhəmməd ibn Salmandan istifadə edirlər




Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman şok açıqlama ilə çıxış edib. Səudiyyə kralının oğlu Türkiyəni öz ölkəsinin düşməni elan edib. Misirdə səfərdə olan Məhəmməd ibn Salman deyib ki, Misir və Səudiyyə Ərəbistanının düşmənləri şeytan uçbucağıdır: "Bu üçbucaq İran, Türkiyə və terrorçulardır”. Kralın oğlu bildirib ki, Türkiyə prezidenti Ərdoğan yeni Osmanlı xilafəti qurmağa çalışır.

Yaxın keçmiş göstərir ki, Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri heç də yaxşı olmayıb. Tərəflər biri-birini dəfələrlə ən sərt formada ittiham ediblər. Ancaq vəliəhd şahzadənin Türkiyəni açıq şəkildə düşmən elan etməsi, özü də bunu Misirdə səsləndirməsi ilk dəfə baş verir. Kralın oğlunun sözləri dövlətin rəsmi münasibəti sayılmasa da, hər halda gələcək dövlət başçısının Türkiyəyə qarşı düşmən mövqedə olması narahatedici amildir.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Səudiyyə Ərəbistanın vəliəhdi Türkiyə düşmənlərinin danışan dilinə oxşayır. Onun sözünə görə, krallıqda əvvəllər Osmanlıya qarşı olan nifrəti və kini Türkiyəyə qarşı yönəldirlər: 

"Neçə il öncə terrorçu "Əl-Qaidə”nin lideri Hüsamə bin Ladenin qardaşlarının başçılıq etdiyi tikinti şirkəti Səudiyyə Ərəbistanı ərazisindəki Osmanlıdan qalma tarixi abidələri dağıdıb. O zaman buna etraz edilsə də, sonradan yüksək səviyyədə rəsmi səfərlər bu məsələni yaddan çıxartdı. Qeyri-rəsmi mənbələrdə bildirilib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Misir Türkiyəyə qarşı gizli fəaliyyət göstərirlər. Bu yaxınlarda BƏƏ-nin televiziyalarında Türkiyə seriallarının və xəbərlərinin yayımının qadağan edilməsi də bu fəaliyyətin tərkib hissəsidir”.

S.Soltan bildirib ki, Türkiyə sərhəd bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün Suriya və İraq ərazilərində anti-teror əməliyyatı aparır. Bu, Qərb dövlətlərinin, özəlliklə ABŞ-ın xoşuna gəlmir:

"Səudiyyə Ərəbistan krallığı, Misir və BƏƏ ABŞ-ın ərəblər arasındakı ən etibarlı müttəfiqləridir. Odur ki, Qərb dövlətləri Türkiyəyə qarşı "ərəblərin vəkili rolunda” Məhəmməd ibn Salmandan istifadə edirlər. Şahzadənin nüfuzunu qaldırmaq üçün onu dünya ictimaiyyətinə "islahatçı varis” kimi sırıyırlar. Krallığın vəliəhdi heç vaxt terrorçu PKK-ya qarşı çıxış etməyib. Yaxud Qərb dövlətlərinin silahlılarının Suriya və İraq ərazisindən çıxarılması barədə danışmayıb. Əlbəttə, o, krallığın birinci adamı sayılmadığından bunu dövlətin rəsmi mövqeyi olaraq qəbul etmək olmaz. Ancaq bu o demək deyil ki, kralın mövqeyi çox fərqlidir”.

İsmayıl