“Vəziyyət getdikcə ağırlaşır”
Bu günlərdə Türkiyə Egey dənizində baş verən insidentə baxmayaraq Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Sezar Kunikov” desant gəmisinin Dardanel boğazından keçməsinə icazə verib. Məlumata görə, gəmi boğazdan Türkiyə sahil mühafizəsi katerinin müşayiəti ilə keçib. 158 saylı "Sezar Kunikov” hərbi gəmisi Egey dənizindən Mərmərə dənizi istiqamətində hərəkət edib. Bir sözlə, Ankara bu yolla Moskva ilə münasibətlərin yumşalmasında maraqlı olduğunu ifadə edib. Buna rəğmən Rusiya lideri Vladimir Putin heç bir güzəştə məhəl qoymur və Ankaraya qarşı mövqelərinin dəyişməz olduğunu iddia edir.
Məsələlərin gərgin fazaya keçəcəyini iddia edən ekspertlər tərəflər arasında münaqişənin alovlanacağını istisna etmirlər.
Gərginliyi şərh edən "Atlas " Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, Ankara yumşalma üçün lazım olanları etdi və dialoqa hazır olduğunu söylədi: "Təəssüflər olsun ki, Moskvadan bir cavab yoxdur. Kreml ayağını dirəyib ki, Ankara üzr istəsin, sonra təzminat versin. Türkiyə də buna getməz. Dünyanın əksər dövlətləri etiraf etdi ki, Rusiya təyyarəsi Türkiyə sərhəddini pozub. İndi də Putinin mövqeyi getdikcə sərtləşir və özünə dəxli olmayan məsələlərə müdaxilə edib, Ankaraya hücum edir. Təsəvvür edin, İraqla Türkiyə arasında münasibətlərdə suallar yaranıb. Moskva buna da qarışır və məsələni BMT müstəvisinə çıxarır. Neçə həftədir təkrarlayır ki, guya, Türkiyə İŞİD-dən neft alır. Halbuki iddiaları həqiqəti əks etdirmir. Şimali İraqdan keçən tankerləri İŞİD-dən alınan neft kimi qələmə verməyə çalışır. Moskvanın mövqeyində heç bir dəyişiklik müşahidə olunmur. Sanki Putin intiqam hissi ilə yaşayır”.
Ekspertin sözlərinə görə, 13 dekabr tarixində də çox faciə baş verə bilərdi: "Rusiya hərbi gəmisinin Türkiyə balıqçı gəmisinə atəş açması mümkün idi. Rusiya Türkiyəyə zərbə vurmaq üçün bütün vasitələri işə salmaq istəyir ki, bu da yaxşı heç nə vəd etmir. Kremlin mövqeyində dəyişiklik olmasa, vəziyyət gərginləşməkdə davam edəcək”.
Politoloq bəyan edib ki, Rusiyanı öz müttəfiqləri də dəstəkləmir: "Şimal qonşumuzun ən yaxın müttəfiqi olan Belarusiya Prezidenti Lukaşenko çox məntiqli fikirlə çıxış etdi. Qeyd etdi ki, Türkiyə ilə Rusiya barışmalıdır. Amma təəssüf ki, Kreml bütün təklifləri rədd edir”.
E.Şahinoğlu onu da əlavə edib ki, Rusiya hakimiyyəti siyasətini dəyişməzsə, vəziyyət daha da pisləşəcək: "Kreml Ankaraya zərbə vurmaq istəyəcək. Moskva ya PKK-ya silah verəcək, ya da Suriya və yaxud Ermənistan sərhəddinə yaxın ərazilərdə Türkiyə təyyarəsini vuracaq. Rusiya hakimiyyətinə yaxın insanların çıxışlarından ancaq bu qənaətə gəlmək olar. Şimal qonşumuz özünü Türkiyə ilə növbəti qarşıdurmaya hazırlaşdırır. Rusiya çox ölkə ilə qarşıdurma vəziyyətindədir və bundan da çəkinmir. Təsəvvür edin, hücum edib Gürcüstanı, Ukraynanı parçaladı. İndi də Türkiyə ilə münasibəti gərginləşdirib. Rusiya sanki özünə nəzarəti itirib. Kimlə istəsə, dərhal münasibətlərini korlayır. İnanmıram ki, Putin geri addım atsın. Əfsuslar olsun ki, vəziyyət getdikcə ağırlaşır”.
Ayyət Əhməd