“Kreml heç cürə sakit durmur”

“Rusiya bir tərəfdə ABŞ-ın könlünü alan davranışlar sərgiləyir, digər tərəfdə isə dağıdıcı proseslərin əsasını qoyur”



"Rusiyaya qarşı sanksiyalar bir neçə aya ləğv edilə bilər”. Bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib. Ağ Evin rəsmisi bildirib ki, kifayət qədər səylər və hər iki tərəfdən vicdanlı və qanuni təşəbbüslər olarsa, yaxın bir neçə ayda Minsk razılaşmasını həyata keçirmək və sanksiyaları ləğv etmək mümkünləşər.

Con Kerrinin nikbin bəyanatını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, indiki məqamda Rusiyanın yumşalacağı haqqında verilən proqnozlar həqiqəti əks etdirmir. Çünki Kreml heç cürə sakit durmur: "Rusiya Donbasla bağlı müəyyən şərtlər irəli sürür və bu bölgəyə özünüidarə hüququ tələb edir. Bununla Moskva Ukrayna daxilində ən yüksək özünüidarəetməyə malik olan qurum yaratmağa çalışır. Amma bu, Minsk Qrupunun şərtlərində yoxdur. Amma özünüidarə hüququnun verilməsi Minsk Qrupunun şərtlərində var. Özünü idarəetmə ilə yüksək idarəetmə hüququ arasında xeyli fərq var. Bu, faktiki olaraq Ukrayna konstitusiyasının unitar dövlət quruluşu haqqındakı müddəasına ziddir. Ona görə də hesab edirəm ki, hələlik bu məsələdə ortaq konsensus əldə etmək mümkünsüzdür. Digər tərəfdən Rusiya Moldovada təxribata əl ataraq orada dəyişiklik etmək niyyətindədir. Əgər Rusiyanın dəstəklədiyi kommunistlər Moldovada hakimiyyəti ələ keçirsələr, onda Ukrayna ilə razılaşma xeyli çətinləşəcək”. Ekspertin sözlərinə görə, Avropa Birliyi ABŞ-a təzyiq göstərir ki, Rusiyanın üzərindən sanksiyalar götürülsün: "Rusiyanın sıxışdırılması Avropanı çətin duruma salır. ABŞ məcburdur ki, öz müttəfiqlərinin rəyini nəzərə alsın. Üstəlik, artıq Amerika da neft ixracatına başlayıb. Buna görə də neftin qiymətinin qaldırılmasında maraqlıdır. Bunun üçün isə Qərblə Rusiya arasında əlaqələr düzəlməlidir. Ancaq hazırkı şəraitdə Rusiyanın yumşalması haqqında proqnozlar vermək doğru deyil. Çünki Rusiya bir tərəfdə ABŞ-ın könlünü alan davranışlar sərgiləyir, digər tərəfdə isə dağıdıcı proseslərin əsasını qoyur”.

Politoloq bildirib ki, dünya iqtisadiyyatının çətin vəziyyəti ABŞ-ı da təşvişə salıb: "Amerikanın fond birjalarında enib-qalxmalar müşahidə olunur. Bu isə ölkədə iqtisadi artımın zəifləməsinə səbəb olur. Ona görə də Ağ Ev Rusiya üzərindən iqtisadi sanksiyaları götürməklə neftin qiymətinin yavaş-yavaş qaldırılmasına nail olmağa çalışır. Amma dünya iqtisadiyyatı o zaman düzələr ki, dövlətlərarası qarşıdurmalar səngisin və siyasi ambisiyalar iqtisadi ambisiyaları üstələməsin”.

İsmayıl