“Kriminal avtoritetlər”i zərərsizləşdirməyin yolu tapılmalıdır

Ya gərək Gürcüstan variantına üstünlük verilsin, ya da Rusiya variantına...




Daxili İşlər Nazirliyi Şirvan şəhərində törədilmiş qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirərək hadisə yerini tərk edib. Z.Sarıbalayev hadisə yerində, E.Nəciyev isə xəstəxanada ölüb.

Hadisə yerinə baxış zamanı "Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılıb. Lent.az-ın məlumatına görə, qətlə yetirilən 32 yaşlı Elvin Nəziyevin və 25 yaşlı Zaur Sarıbalayevin meyiti Patoloji Anatomiya Birliyində müayinə edilir. Hadisə ilə bağlı saxlanılanlar olsa da, atəşin konkret kim tərəfindən açılması məlum deyil.

Hadisə barədə ziddiyyətli xəbərlər də yayılıb. Bəzi mənbələr güllələnmə hadisəsinin Şirvan şəhərindəki kafelərdən birində, kriminal aləmə aid şəxslərin mübahisəsi zəminində baş verdiyini bildirir. Xəbərlərə görə, qətlə yetirilənlər əvvəllər məhkum olunmuş şəxslər - 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və kriminal aləmdə "krıtıy Elvin” adı ilə tanınan 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğludur. Onlara atəş açan da məhkumluq həyatı yaşamış şəxs - Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğludur. T.Salmanov və daha bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı da deyilir.

Xatırladaq ki, avqust ayında paytaxtda iş adamları arasında silahlı insident baş vermişdi. Və biri digərini odlu silahdan açdığı atəşlə qətlə yetirmişdi. Baş verən olaylar kriminal hadisələrin sayca artdığını söyləməyə əsas verirmi?

Məsələyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında qətl hadisələrinin, silahlı insidentlərin sayında artım müşahidə olunmasının səbəbləri olduğunu dedi:

- Ümumiyyətlə, son zamanlar ölkədə ekstremis qüvvələrin, kriminal avtoritetlərin əl-qol açmağa cəhd göstərməsi hiss olunur. Radikal qruplaşmaların hərəkəti ekstremist xarakter alır. Onların polisə müqavimət göstərmələri əslində dövlətçiliyə təhdiddir. Bu da ictimaiyyəti narahat edir. Kriminallar həmişə var. Amma onlar hər zaman üzə çıxmırlar. Elə ki, bir balaca məqam olur, radikal qüvvələr aktivləşir, kriminal ünsürlər "razborka”lara başlayır. Mən hazırda ən təhlükəli qrup olaraq radikal qüvvələri və kriminal aləmin üzvlərini hesab edirəm. Amma Azərbaycan hüquq-mühafizə orqanları çox güclüdür, peşəkardırlar. Və kriminal ünsürləri də, radikal qruplaşmaları da zərərsizləşdirməyi bacarırlar. Hesab edirəm ki, kriminal avtoritetləri zərərsizləşdirmək lazımdır. Çünki onlar azadlıqdadırsa, dövlətçilik üçün də, cəmiyyət üçün də potensial təhlükədirlər. Bunları nəzarətdə saxlamağa ehtiyac var. Bunu da DİN strukturları etməlidir. Bu cür ünsürlərə əl-qol açmağa imkan verməməlidirlər.

İ.Altay qeyd etdi ki, Prezident İlham Əliyevin səyləri ilə özbaşınalıqların qarşısı alınır:

- Ötən il məmur övladlarının, qeyri-qanuni varlanmış oliqarxların, vəzifə sahiblərinin pozğun əməlləri daha çox baş verirdi. Lakin cənab Prezidentin iradəsi, əzmi sayəsində belə neqativ halların qarşısı alındı. Cənab Prezident sərt addımlar atdı və bu tip insanlar artıq özlərini yığışdırdılar. Görürük ki, Prezident çıxışlarında təkidlə bildirir ki, heç kim toxunulmaz deyil. Kimin qanunsuz əməli olarsa, cəzasını alacaq. Bütün bunlar məmur övladlarının da, bəzi harınlamış oliqarxların da davranışlarına təsir etdi. Hazırda ölkədə korrupsiya hallarına qarşı ciddi mübarizə aparılır. Belə bir vaxtda radikal qruplaşmalar, kriminal aləmin üzvləri aktivləşməyə cəhd edir. Lakin görürük ki, onların da qarşısı alınır. Həyata keçirilən bütün tədbirlər dövlətin təhlükəsizliyinə, ictimai asayişin qorunmasına xidmət edir. Azərbaycan hüquq-mühafizə orqanları qanun pozucularına, cinayətkarlara qarşı lazımi qaydada sərtdirlər və ictimai asayişi də kifayət qədər nəzarətdə saxlayır, qoruyurlar. Kriminal avtoritetləri zərərsizləşdirməyin də yolu tapılmalıdır. Ya gərək Gürcüstan variantına üstünlük verilsin, ya da Rusiya variantına. Gürcüstan hökuməti kriminal avtoritetləri ölkədən çıxardı. Hamısı xarici ölkələrə getdilər. Rusiya isə "avtoritetləri” həbs etdi. Azərbaycanda "kriminal avtoritet”lərin geniş fəaliyyəti mümkün deyil. Daxili İşlər Nazirliyi ölkədəki kriminal durumu nəzarətdə saxlayır. Təhlükəli şəxslər həmişə, hər bir cəmiyyətdə olub və var. Amma mən deyərdim ki, bizim hüquq-mühafizə orqanları cinayətkarları yaxalamaqdan çəkinmir, faktlar, dəlillər ortada olduğu halda bir əməliyyat keçirməklə belə adamları zərərsizləşdirir, belə insanların ölkə daxilində əl-qol açmasına imkan vermirlər.

Məlahət Rzayeva