Bu işə qadağa qoymaq yox, onu tənzimləmək lazımdır
Küçə ticarəti ləğv olunur. Artıq səhərlər limon, göyərti, balıq, xlor satanların səsinə oyanmayacağıq. Ucuz satırlar deyə, həftə sonları onların yolunu gözləməyəcəyik. Çünki küçə ticarəti yığışdırılır.
Məlumata görə, mayın 1-dən etibarən küçə ticarəti ilə məşğul olanlar məsuliyyətə cəlb olunacaqlar. Yeni İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması ilə məşğul olan şəxslər 80 manat cərimələnəcək. Hazırda qüvvədə olan məcəlləyə əsasən, bununla bağlı məsuliyyət yoxdur.
Qərarı "Şərq”ə şərh edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bu addımın əleyhinədir. Ekspert bildirib ki, bu ticarət növünü ləğv etmək deyil, tənzimləmək lazımdır: "Küçə ticarəti bütün dünya ölkələrində mövcuddur. Birincisi, bunun yerlərini təyin etmək lazımdır. İkincisi, satılan malların sanitar-gigiyenik vəziyyətinə baxılmalıdır. Üçüncüsü, onu patentləşdirmək olar. Lakin gəlirlərindən asılı olmayaraq sabit məbləğ ödənilməlidir. O məbləğ isə çox böyük olmalı deyil. Bu cür etmək lazımdır. Dəyənəklə küçə ticarətini yığışdırmaq mümkün olmayacaq. Bu hər zaman olub və olacaq da. Burdan ora, ordan bura qovurlar. Bir daha qeyd edirəm, küçə ticarətini yığışdırmaq deyil, tənzimləmək lazımdır”.
Siyasi elmlər doktoru, ekspert Cümşüd Nuriyev isə söyləyib ki, sözügedən qərarın həm mənfi, həm də müsbət tərəfləri ola bilər: "Bilirik ki, paytaxta çoxsaylı əcnəbilər gəlir. Şəhərin görüntüsünü korlamamaq baxımından küçə ticarətinin yığışdırılması yaxşı addımdır. Amma neqativ tərəfi odur ki, bunun ləğvi işsizliyə yol açacaq. Düzdü, manatın ucuzlaşmasından sonra cərimə və vergilərlə büdcəni doldurmaq istəyirlər. Amma bu özünü doğrultmayacaq”.
Həmsöhbətimizin fikrincə, küçə ticarəti ilə məşğul olanları həmin ərazilərə yaxın bazarlara yerləşdirilməsi daha yaxşı olar: "Adətən insanlar məhsulu küçədən deyil, bazardan almağa meyl edirlər. Küçədə satılan məhsullar təmiz olmur. Çəkidə aldadırlar. Məhsulların keyfiyyətinə heç bir zəmanət verilmir. Əksər insanların küçə alverçilərinə etibarı yoxdur. Hər halda küçə ticarətinin yığışdırılması daha yaxşı olardı. Bir şərtlə ki, bu işlə məşğul olanlara sonradan "gün ağlanılsın”. Çünki küçə ticarəti ləğv olunacaqsa, bu işlə məşğul olanlar işsiz qalacaq. Onların işlə təminatına baxılmalıdır. Sosial yardıma ehtiyacları olarsa, bunu gerçəkləşdirmək lazımdır. Dövlətin hökuməti, hökumətin də müvafiq nazirlikləri var. Təbii ki, DİN daxili təhlükəsizliyi təmin etmək üçün bu addımı atır. Vergilər Nazirliyi də cərimələrdən gələn vergiləri yığacaq. Yaxşı bəs bu insanların dolanması ilə kimsə maraqlanmalıdır, ya yox? Həmin şəxslərin sosial rifahı ilə maraqlanacaq? Bu məsələ dövlətin konstitusiya ilə öz üzərinə götürdüyü öhdəlikdir. Dövlət belə addım atırsa, onun mütləq bir konsepsiyası olmalıdır və ona uyğun olaraq həmin insanların normal yaşayışı təmin olunmaldır. Əks halda, həmin insanların gündəlik yaşayış tələbi tələbata çevriləcək və siyasiləşəcək. Küçələrin siyasiləşməsi Azərbaycanı yenidən ötən əsrin 90-cı illərinə qaytara bilər. Bunu da heç kim istəmir. Biz müstəqil dövlət olaraq təzəcə ayaq üstə dayanırıq. Yenidən geriyə sürünməyimiz başımıza faciə aça bilər”.
Ayyət Əhməd