Aydın Xan Əbilov: "Sözün həqiqi mənasında ölkədə ailə psixoloji mərkəzlərinə böyük ehtiyac var"
"Azərbaycan ailəsi son vaxtlar Şərqdən, Qərbdən, Avropa və Asiyadan gələn müxtəlif ailə modellərinin təsirinə məruz qalıb”.
Bunu "Sherg.az”a Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin gənc ailələr üçün VVAQ şöbələrində kurslar təşkil edilməsi təklifinə münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov söyləyib.
O qeyd edib ki, əvvəllər Azərbaycan ailəsi dedikdə, yaxın qohumlar da nəzərə alınırdı, indi isə müxtəlif ailə modelləri yaranmaqdadır:
"Əvvəllər ailələrdə baş verən problemləri ailə üzvləri birlikdə həll edirdi. Son vaxtlar müşahidə olunan qeyri-tipik ailələrdə isə belə deyil. Bir ana bir uşaq, ata və övladdan ibarət, ictimai nikahda olan, Avropanın təsiri ilə yaranan eynicinsli ailələrə az da olsa rast gəlinir. Millət vəkili Hadi Rəcəbli düzgün və yerində təkliflə çıxış edib. Sözün həqiqi mənasında ölkədə ailə psixoloji mərkəzlərinə böyük ehtiyac var. Keçmişdə gənclər 1-3 ilə qədər və daha çox nişanlı qalır, bir-birlərini tanımağa imkan qazanırdılar. Bu zaman kəbin kəsilirdi, amma nikah rəsmiləşdirilmirdi. Nəticədə, tərəflər arasında hansısa münasibətlər pozulanda belə, heç bir gəncin adı ləkələnmirdi. Nişanı pozulmuş qız başqası ilə normal ailə qururdu, oğlan da öz həyatını qururdu. Nişanlılıq dövrü əslində bir sınaq olurdu, ailə təcrübəsi olanlar gənclərə öz məsləhətlərini verirdilər”.
Müasir ailə modelinin qurulduğunu diqqətə çatdıran kulturoloqun fikrincə, ailə bağlantıları qırılır:
"Ailə münasibətlərini qorumaq üçün bütün dünyada qəbul olunan ailə mərkəzlərinin yaradılmasına böyük ehtiyac var. Yeni ailə qurmaq istəyən təcrübəsiz gənclər mütləq bu məsləhətlərdən yararlanmalı, tibbi, psixoloji və s. problemləri bilməlidirlər. Gənclər ailə qurmağa tələsməməlidirlər. Sosial şəbəkələrdə tanış olub, bir-birini yaxşı tanıdıqdan sonra evlənmək normaldır. Amma bu gün sosial şəbəkədə tanış olub, sabah evlənmək qərarı alan gənclərin qurduğu ailənin gələcəyi şübhə altındadır”.
Qeyd edək ki, H. Rəcəblinin sözlərinə görə, Azərbaycanda nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilməlidir:
"Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.
Aysel Aslan