Kütlə içərisində intihar...

“Elə adam var ki, ölümünün cəmiyyətdə rezonans doğurmasını istəyir”Ekspertlər hesab edir ki, intihar edənlərin əksəriyyətinin ictimai yerləri seçməsi əslində onların ölmək istəməməsini göstərir
İntihar hadisələrinin sayı günü-gündən artır. Demək olar ki, hər gün bir neçə intihar hadisəsi baş verir. Ən maraqlısı da odur ki, intihar edən insanlar bu addımı daha çox ictimai, insanların sıx toplaşdığı məkanlarda atırlar.
Ekspertlər isə hesab edir ki, intihar edənlərin əksəriyyətinin ictimai yerləri seçməsi əslində onların ölmək istəməməsini göstərir. İntihar formalarının situasiyalara, dövrlərə uyğun olaraq dəyişdiyini vurğulayan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın da insanların öz canına qəsd etməsinin artıq qarşısıalınmaz tendensiyaya çevrilməsi bir növ "dəb” xarakterlidir. Təcrübəmə əsasən deyə bilərəm ki, kriminalist işlədiyim vaxtlarda Rusiyada qadınlar adətən kislota içərək canlarına sui-qəsd edirdilər. Kişilərin əksəriyyəti isə özünü asırdı. Sonradan isə zaman keçdikcə, həyat dəyişdikcə, intiharın yolları da dəyişməyə, "inkişaf” etməyə başladı. Bir vaxtlar Bakıda Qız Qalasından özünü atmaq "moda minmişdi”. Hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdən sonra artıq belə bir intiharın şahidi olmuruq. İndi də insanların ağzı körpülərə düşüb. Xüsusən də kişilərin. Bu yaxınlarda psixoloji durumu yerində olmayan bir nəfər də körpüdən özünü atmışdı. İnsanların gözü qarşısında körpüyə çıxıb intihara cəhd etmək bir növ nümayişkaranəlik yaradır. İnsanların, maşınların çox olduğu yerlərdə intihara cəhd zamanı həm özünə qəsddən, həm də özünü isbatdan söhbət gedir ki, bu da şüurda olan mənfi təzahürlərin nəticəsidir. Yəni intiharı qarşısına məqsəd qoyan elə adam var ki, ölümünün cəmiyyətdə rezonans doğurmasını istəyir. Hamı onun intiharından danışsın, bütün mətbuat, media ondan yazsın. Halbuki, o adam başa düşmür ki, onsuz da sən ölüb gedirsən, bütün bunların sənə nə xeyri...”
İnsanların sıx toplaşdığı məkanlarda baş verən özünə qəsdlərin nümayişkaranə intihar olduğunu vurğulayan kriminalistin dediyinə görə, indi çox az sayda adam intihar edərkən səssiz məkanları seçir: "İntiharların ictimai yerlərdə daha çox yayıldığını nəzərə alsaq, hüquq-mühafizə orqanları bunun qarşısını asanlıqla ala bilər. İstənilən halda körpüdə yaranan cüzi bir problem şəhərdə hərəkətin dayanması deməkdir”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Orucun sözlərinə görə, ictimai rəylə intiharların qarşısını almaq artıq mümkünsüz hala çevrilib: "Son 3-4 il ərzində jurnalistlər tərəfindən ildə bir neçə dəfə biz psixoloqlara verilən bir sual var - "Son dövrlərdə artan intihar hadisələrinin səbəbini nədə görürsüz?”. İl ərzində bu sual bir neçə dəfə verilirsə, demək ki, intihar hadisələri son dövrlərdə artmayıb, həmişə olub. Amma nədənsə bəzən ard-arda intihar xəbərləri eşidirik və bu, belə bir fikir yaradır ki, intihar hallarının sayı çoxalıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya əsasən dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Ümumiyyətlə isə hər il təxminən 700-800 min insanın ölüm səbəbi intihar olur. Təsəvvür edirsiz, bu nə qədər ciddi rəqəmdir. Bəzən viruslarla, epidemiya xarakterli xəstəliklərlə mübarizə aparılır, külli miqdarda vəsait xərclənir ki, həmin xəstəliklər ölümlə nəticələnməsin. Amma intiharlarla bağlı qabaqlayıcı tədbirlər bəzən diqqətdən kənarda qalır”.
İntiharların hər yaş dövrünə, cəmiyyətə, tarixi dövrə görə fərqli-fərqli səbəbləri olduğunu vurğulayan psixoloq başqa bir statistikaya istinadən deyib ki, hər bir şəxsin həyatı boyu ən azı bir dəfə intihar etməklə bağlı düşüncələri olur: "Son günlər ard-arda intihar xəbərlərinin gəlməsinə hər hansı xüsusi səbəb demək araşdırma tələb edir. Ancaq əksər intiharların səbəbi uzun müddət davam edən depressiya olur. Depressiyanın yaranması üçün isə yüzlərlə səbəb demək olar, maddi vəziyyətin çətinləşməsindən başlamış təbiətdə baş verən dəyişikliklərin yaratdığı depressiyaya qədər. İnsanın həyatda ən vacib instinktlərindən biri də məhz sağqalma instinktidi. Bütün həyati fəaliyyətimizin kökündə bu durur. Lakin elə məqamlar olur ki, insan sağqalma istəyinə üstün gələn hisslər yaşayır, məsələn, şərəf və ləyaqətin tapdanılması kimi, rüsvay olmaq kimi, böyük bir vicdan əzabı kimi, imkansızlıqdan övladlarının üzünə baxa bilməmək kimi, həyatla bağlı bütün ümidlərinin ölməsi kimi və s. intiharla bağlı qərar verilir.
Bəzən olur ki, intihar edən bir insan kimi eyni problemləri yaşayan başqa birinin ağlına çıxış yolu kimi intihar etmək gəlmir, lakin eşidir ki, eyni onun kimi, məsələn, nakam sevgi problemi yaşayan başqası özünə qəsd edib. Bu artıq bir növ davranış modelinə çevrilir və intihar davranışı eyni problemli insanlarda təkrarlanır. Bu o deməkdir ki, cəmiyyətdə bəzən intihar hadisələrinin ard-arda baş verməsinin səbəbi elə intiharla bağlı xəbərlər ola bilər. Eyni zamanda onu da nəzərə alın ki, eşitdiyimiz xəbərlər ölümlə nəticələnən intihar cəhdləridir. Hər gün yüzlərlə ölümlə nəticələnməyən intihar hadisələri də baş verir. Lakin bunlar ictimailəşmədiyi üçün xəbərsiz qalırıq. Ümumiyyətlə, bir psixoloq kimi intiharla bağlı xəbərlərin ictimailəşməsinin birmənalı şəkildə əleyhinəyəm. Razıyam ki, bu kimi xəbərlər, bəzən ətrafımızda intihara meyilli şəxslərlə ehtiyatlı davranmağımız üçün cəmiyyətdə bir xəbərdarlıq siqnalı funksiyasını daşıya bilər. Amma əmin olun ki, bu cür xəbərlər intihara meyilli şəxslər üçün eyni zamanda cəsarət funksiyasını da daşıyır”.
Orxan Orucun sözlərinə görə, intihar üsullarının seçilməsi, intihar edən şəxsin dünyagörüşünə, xarakterinə, yaşadığı mühitə, aktuallıq dərəcəsinə və s. əsasən dəyişir: "Şəhərimizdə körpülərin sayının çoxluğu, hündür mərtəbəli binaların olması, dəniz sahilində yerləşməsi sözsüz ki, bu təbii imkanların intihar vasitəsinə çevrilməsinə səbəb olur. İntihar üsullarının seçilməsi də düşünürəm ki, intiharla bağlı xəbərlərin təsiri ilə "dəb” halını ala bilər. "Uğurlu” intihar üsulu axtaran insan xəbər tutursa ki, kimsə körpüdən atlayıb və ölüb, bu artıq intihar üçün üsula çevrilməsinə bir vasitə olur. Yəni, əvvəlkilərin təcrübəsi, növbəti intihar cəhdlərinin tərzinə çevrilir”.
Şəymən