Lavrovla görüşün nəticəsi olmayacaq

Rusiya Ermənistana münaqişənin həlli istiqamətində təzyiq göstərməlidir
Xəbər verdiyimiz kimi, dünən Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın xarici illər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib. Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
Azərbaycan və Rusiya XİN-lərinin görüşünü şərh edən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov "Sherg.az”a bildirib ki, iki qonşu və tərəfdaş ölkənin rəsmiləri arasında belə görüşlərin keçirilməsini müsbət dəyərləndirirəm:
"İllərdir ki, Azərbaycan və Rusiya tərəfdaş ölkədir. Bu baxımdan da hər iki ölkənin rəsmiləri arasında bu cür münasibətlər çox olacaq. Amma bu görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansısa bir nəticə gözləmək lazım deyil. Bu münaqişənin həllində yalnız Rusiyanın işğalçı ölkəyə təzyiqini gözləyə bilərik. Çünki Rusiya Ermənistanın müttəfiqidir, onlara yaxın ölkədir. Bu baxımdan da Rusiya Ermənistana münaqişənin həlli istiqamətində təzyiq göstərməlidir. Çünki dünyada beynəlxalq hüquq normaları var və ona əməl etmək lazımdır”.
Ermənistanın baş naziri Nikol Paşinyan və Cənab Prezident İlham Əliyevin Vyana görüşünə, Ermənistan və Azərbaycan rəhbərlərinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına münasibət bildirən F.Sadıqov onu da söyləyib ki, bütün bu proseslər öz-özlüyündə çox müsbət bir amildir: 
"Çünki son zamanlar Ermənistanın baş naziri N.Paşinyan müxtəlif bəyanatlarla çıxış edərək danışıqlar prosesinin formatını dəyişməyə cəhd edirdi. Amma biz buna imkan vermədik. Ölkəmiz və ATƏT-in Minsk Qrupu Ermənistan tərəfinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin dayişməz qalacağını başa saldı. Beləliklə də Ermənistan və Azərbaycan rəhbərlərinin arasında danışıqlar prosesinə yeni bir sitat verildi. Artıq bundan sonra XİN-lər arasında görüşlər keçiriləcək, telefon danışıqları aparılacaq. Düşünürəm ki, bütün bunların hamısı praktiki təkliflərin hazırlanması məqsədi daşıyır. 
Amma yenə Ermənistan sərt mövqedə qalıb və münaqişənin həlli istiqamətində heç bir güzəştə getmək istəməyəcəksə, o zaman birmənalı şəkildə bu səpkidə heç bir müsbət nəticə alına bilməz. Çünki Ermənistana qarşı diplomatik danışıqlarda zülmedici addımlar atmaq lazımdır. Fikrimcə, onlarla başqa bir dildə danışmaq çox çətindir. Yəni Ermənistan tərəfi bu gün Azərbaycana qarşı xoşməramlı bəyanatlar verir, səhərsi gün onların müdafiə naziri ölkəmizə qarşı aqressiv ritorika ilə çıxış edir. Ona görə də hər zaman hərbi potensialımız, gücümüz yüksək səviyyədə qalmalıdır. Beləliklə də hər iki tərəfdən onlara təzyiq göstərməliyik”.
Kənan Eynuroğlu