Liberal iqtisadiyyatın üstün cəhətləri yetərincədir
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Bazarda belə hallara adətən tez-tez şahidlik edirik; alıcı satıcı ilə mübahisə edir, məhsulun qiymətinin bahalığından şikayətlənir. Satıcı isə and-aman edir ki, məhsulu baha alıb; "Özüm 1 manat 20 qəpiyə almışam, burda mənə qalan 20 qəpikdir. Qazancım nədi ki?!”
Satıcı ilə alıcı arasında gedən söhbətdən belə anlayırsan ki, burada məhsulun əldən-ələ keçməsi prosesi gedib. Fermer yetişdirdiyi məhsulu bazara gətirib, amma onu bazara yaxın buraxmayıblar. El dili ilə desək, alverçilər başının üstünü kəsdirib, malını əlindən alıblar, sonra da aldıqları qiymətin üstünə də öz qiymətlərini qoyub piştaxtaya çıxarıblar. Bəzən əhali bazarın belə "başlı-başına buraxılmasından” narahatlığını ifadə edir. Liberal iqtisadiyyatın, azad qiymət siyasətinin nə demək olduğunu və bunun əslində, dövlət büdcəsinin formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini bilmədən.
Çünki biz, sadə vətəndaşlar liberal iqtisadiyyatın yalnız bir tərəfini - sərbəst qiymət tənzimlənməsini görürük. Və məsələyə sırf şəxsi gəlir-çıxarımız baxımından yanaşaraq bunun zərərli olduğunu düşünürük. Əslində isə liberal iqtisadiyyatın üstün cəhətləri yetərincədir. Sadəcə, nəzarətdən yayınma hallarının qarşısı alınmalıdır.
Mağazalar liberizasiyadan sui-istifadə edir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu fikirdədir ki, liberal iqtisadiyyatın ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verməsi maliyyə bazarında şəffaflığın təmin edilməsindən keçir:
- Liberal iqtisadiyyat yaxşıdır. Sahibkarlara, fermerlərə, özəl sektora bu təsərrüfat sisteminin xeyri böyükdür. Amma maliyyə şəffaflığı təmin edilmirsə, liberal iqtisadiyyatın varlığı sui-istifadə hallarına və sahibkarların sıxışdırılmasına gətirib çıxarır. Məsələn, hazırda bir sıra mağazalar şəxsiyyət vəsiqəsi ilə kredit verir. Vətəndaş mağazaya müraciət edir, hansısa bir ev əşyası, mebel almaq istəyir, elə oradaca krediti sənədləşdirib 4-5 min manatlıq malı bəlli bir faiz qarşılığında vətəndaşa verirlər. Bu zaman vətəndaşla heç bir rəsmi müqavilə bağlanmır, vətəndaş pul ödədikdə ona kassa çeki verilmir. Deməli, bu məbləğ dövriyyədən kənar qalır. Hazırda nə qədər belə pullar dövriyyədən kənardadır. Alqı-satqı faktiki satıcı ilə alıcı arasında, belə demək mümkünsə, sadəcə, "centlemen razılaşması”na dönüşür. Nəticədə külli miqdarda qeyri-qanuni pul dövriyyəsi yaranır. Vergidən yayınma halları baş verir. Pul kütləsi dövlət büdcəsindən yan keçir. Ancaq banklarla bağlı vəziyyət fərqlidir. Vətəndaş bankdan pul krediti götürmək istədikdə, bank mərkəzi reyestrə daxil olur, vətəndaş barədə məlumat əldə edir, adına artıq kredit varsa, növbəti krediti verməkdən imtina edir. Problemli kreditlərin yaranması daha çox mağazalarla bağlı məsələdir. Vətəndaş krediti ödəyə bilmədikdə qeyri-leqal gəlir əldə etməyə çalışır. Bunun üçün yenə banklara baş vurur. Bankdan kredit ala bilmədikdə, mağazadan endirimlə aldığı malı satışa çıxarır və yenə ortada qeyri-leqal pul kütləsi dövr edir. Mağazaların liberalizasiyadan sui-istifadəsi maliyyə-kredit sektoruna ciddi təsir edir. Vəziyyətdən 2 çıxış yolu təklif edirik - ya mağazalardan kreditlə mal alınması "ASAN” Xidmətə tapşırılmalı, ya da bütün mağazalar mərkəzi reyestrə daxil edilməlidir ki, qeyri-leqal gəlirlərin qarşısı alınsın. Belə olarsa, kredit sisteminə dövlət nəzarəti icra ediləcək və maliyyə-kredit sektoru zərbə almayacaq.
Dövlət bazara müdaxilə etmir
E.Hüseynov liberal iqtisadiyyatın sosial-siyasi-maliyyə tərəflərinin olduğunu deyir. Və bunun ən çox özünü bazar münasibətlərində göstərdiyini bildirir:
- Məlumdur ki, Azərbaycan bazar iqtisadiyyatına keçib və liberal qiymət siyasətinə üstünlük verir. Yəni, sahibkar, fermer bazara çıxardığı məhsulun qiymətini azad şəkildə müəyyənləşdirmək hüququna malikdir. Bu saat heç kim fermerə deyə bilməz ki, niyə bu qiymətə satırsan? Aşağı qiymətə ver və s. Bazarda əsas məsələ sövdələşmədir. Fermer istehsal etdiyi məhsulu maya dəyərinə uyğun qiymətləndirir. Satıcı ilə alıcı arasında sövdələşmə nəticəsində ortaq qiymət yaranır. Bazarın tələb-təklif amili də böyük əhəmiyyət kəsb edir. Deyək ki, meyvə-tərəvəzin bol olduğu yay-payız mövsümlərində qiymətlər xeyli ucuzdur, nəinki qış-yaz aylarında. Dövlət sahibkarlar üçün hər cür imkan yaradıb ki, istehsalla məşğul olsunlar, məhsullarını bazara çıxarsınlar. Bu sahədə xeyli liberallıq mövcuddur. Problem burasındadır ki, məhsulun bazara girişinə bəzən baryerlər qoyulur. O biri yandan, fermerlər proqnozla təmin edilmir. Əslində, gəlir əldə etmək üçün fermer bazarda hansı məhsula ehtiyac olduğunu bilməlidir. Fermer bu il hansı məhsulun yetişdirilməsinə üstünlük verəcəyini də əvvəlcədən bilməlidir. Kənd təsərrüfatı mütəxəssisləri ehtiyacları hesablamalı və bu barədə kəndlini xəbərdar etməlidirlər. Kəndli nəyi nə qədər əkəcəyini, becərəcəyini əvvəldən proqnozlaşdırmalıdır ki, ziyana düşməsin.
Bazarda monopoliyanın olması da fermerləri sıxışdırır. Karter sövdələşmələri deyilən bir şey var ki, müəyyən şəxslər arasında gizli işbirliyi şəklində qurulur və bu da bazara öz mənfi təsirini göstərir. Məsələn, dərman preparatlarının qiymətində biz bunun şahidi oluruq. Hansısa sahibkar ölkəyə bir dərman preparatını hansı qiymətə gətirirsə, karter sövdələşməsi apardığı digər şirkət də o qiyməti qəbul edir. Monopoliya da belə yaranır. Nəticədə sahibkarlar da bundan ziyan çəkir. Əhali də. Ən böyük ziyan elə əhaliyə dəyir. Təsadüfi deyil ki, cənab Prezident bu ilin aprel ayında Nazirlər Kabinetinin növbəti toplantısında dərmanların qiymətinə toxundu və bu sahədə ciddi problemlər olduğunu dedi, dərman preparatlarının vahid qiymətə satışının təmin edilməsini əlaqədar qurumlara ciddi şəkildə tapşırdı.
Xatırladaq ki, Prezident İlham Əliyev NK-nın iclasında dərman preparatları bazarının Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qaldığını və bunun dözülməz olduğunu demişdi. Sitat: "Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin”.
Cənab Prezident bu çıxışından sonra dərman preparatlarının qiymət tənzimlənməsi ilə bağlı "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi fərmanına dəyişikliklər edilməsinə dair növbəti fərman imzaladı. Bu fərmandan irəli gələn vəzifələrin icrası artıq müsbət təsirini göstərməyə başlayır.
E.Hüseynovun fikrincə, inhisarçılığın qarşısının alınmasına ən böyük əngəl Antiinhisar Məcəlləsinin qəbul olunmamasıdır. Bu Məcəllə qəbul olunarsa, daşlar bir-bir yerinə oturdulacaq:
- Deyərdim ki, bazarın bəlkə də yeganə tam liberal subyekti çörəkbişirmədir. Çörəkbişirmə sexləri fəaliyyətlərini qiymət siyasətinə uyğun tənzimləyə bilirlər. Çünki çörək ən böyük tələbat məhsuludur. Amma görürsünüz ki, hətta çörəyin qiymətinin qalxmasına da dövlət imkan vermir. Aztəminatlı təbəqənin gəlirləri nəzərə alınır. Liberal iqtisadiyyat o demək deyil ki, kim kefi hansı qiyməti istədi, tətbiq etsin. Belədə liberalizm hərc-mərcliyə çevrilər. Ona görə də dövlət nəzarəti olmalıdır, amma sahibkarın maraqlarının qorunması şərtilə. Bazar tələb-təklif sistemi ilə işləməlidir. Və bu sistem işləsin deyə, ilk növbədə istehlakçı hüquqları qorunmalıdır. 1962-ci ildə ABŞ prezidenti Con Kennedi Konqresdəki çıxışı zamanı demişdi ki, biz hamımız istehlakçıyıq, istehlakçı maraqları biznesdən öndə olmalıdır.
Liberallığın mənzil-tikinti sektorundakı əksi
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə liberal iqtisadiyyatın hələ ki, mənfi təsirini göstərdiyi sahənin məhz mənzil-tikinti sektoru olduğunu dedi:
- Görün, mənzil fırıldaqları ilə bağlı nə qədər istintaq işləri aparılır, aldadılmış vətəndaşlar məhkəmələrə müraciət edir. Bunların hamısı onun nəticəsidir ki, mənzil-tikinti kooperativləri vətəndaşlarla rəsmi müqavilə bağlamır, vətəndaşa heç bir hüquqi sənəd vermirlər. Sonda ziyan çəkən, pulu itirilən vətəndaşlar olur. Ümumiyyətlə, mənzil sektorunda bir çox problemlər var. MTK-ların inşa etdiyi yaşayış binalarının idarə olunmasını elə həmin MTK-lar həyata keçirir. Nə qədər problemlər var bu sahədə. Sakinlərin qazı gəlmir, suyu kəsilir, işığı kəsilir, lifti işləmir, amma hara müraciət edəcəklərini bilmirlər.
Liberal iqtisadiyyatın bir subyekti də əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsidir. Yəni, dövlət idarəetməni vətəndaşlara, özəl sektora tapşırır. Amma biz məhz mənzil-tikinti sektorunda bunun mənfi tərəfdən özünü göstərdiyini görürük. Binalar tikilib başa çatır, insanlar yeni mənzilə köçür, amma təbii qaz yoxdur. Səbəb də bunu göstərirlər ki, bina təhvil alınmayıb. Təhvil alınmayıbsa, hansı əsasla vətəndaşlara orada yaşamaq icazəsi verilib? Sabah, bir təhlükə yaranarsa, cavabdeh kim olacaq?
Ə.Nuriyev bildirdi ki, qanunvericiliyə əsasən tikinti ilə məşğul olan hər bir MTK və ya MMC yaşayış binası tikirsə, tikintini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmalıdır. DƏDRX də özündə olan məlumat bazasını notariat kontorları ilə bölüşür. Vətəndaş da MTK ilə bağladığı müqaviləni notariat kontorunda təsdiqləməyə gəldikdə bu məlumatlar onunla da paylaşılır və həmin sənədlər ona da təqdim olunur. Əgər həmin məlumatlarda mənzilin kiməsə artıq satıldığı qeydə alınıbsa, əlbəttə,
vətəndaş bu barədə bilgi əldə edəcək və özünü sığortalamış olacaq. Belədə bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı da alınacaq. Amma çox təəssüf ki, MTK-lar, həmçinin MMC-lər də çox zaman dövlət qeydiyyatına düşmürlər. Burada da məqsəd daha çox gəlir əldə etmək və vergidən yayınmaqdır. Təəssüf ki, MTK-ları Dövlət Reyestr Xidmətində qeydiyyata düşməyə məcbur edən bir qanun da yoxdur. Onların qeydiyyata düşüb-düşmədiyinə nəzarət mexanizmi işlənməyib, bu işi həyata keçirmək hansısa bir rəsmi quruma həvalə də edilməyib. Bu iş hansısa quruma vəzifə olaraq tapşırılmayıb. Bilirsiz, dövlət özəl sektora hər sahədə müdaxilə etmək istəmir. Əks halda bu, dövlətin özəl sektor üzərində nəzarəti kimi qəbul ediləcək. Amma hesab edirəm ki, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklərə də ehtiyac var, eyni zamanda nəzarət-kontrol sistemi də sərtləşdirilməlidir. Çünki bəzi hallarda dələduzlar yaradılmış geniş imkanlardan sui-istifadə edirlər.
Məlahət Rzayeva
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuat Günü münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunmaq üçündür