Lider dövlətin nəhəng layihəsi - “Cənub Qaz Dəhlizi”

Bu, Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir




Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra onun nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması gündəlikdə duran ən mühüm məsələlərdən biri olub. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də "Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdi. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verildikdən sonra, böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrildi.

"Cənub Qaz Dəhlizi”nin tarixi və texniki göstəriciləri

2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.
NABUCCO da daxil olmaqla təklif olunan müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə, Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirdi və yeni "Cənub Qaz Dəhlizi” ideyasını irəli sürdü.

2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat - strateji enerji əməkdaşlığına dair memorandum imzalamış və bununla da "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atıldı. 2012-ci il iyunun 26-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etdilər. 2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalandı. TAP və Şahdəniz konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edir.

2015-ci ildə "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub. Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti - "Şahdəniz - 2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olundu və layihənin gerçəkləşdirilməsinə başlandı.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi”nin uzunluğu 3.5 min kilometr təşkil edir. Kəmər 1.2 trilyon kubmetr ehtiyata malik "Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmində dəyərləndirilir. İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər. Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti "Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsini təmin edib.

"Cənub Qaz Dəhlizi” nəhəng beynəlxalq layihədir

Prezident cənab İlham Əliyev "Cənub Qaz Dəhlizi”nin açılış mərasimində də qeyd etdi ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. "Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir.
"Cənub Qaz Dəhlizi” ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell” şirkəti, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”, İtaliyanın "Hera Trading”, "Edison” və "Enel”, İsveçrənin AXPO şirkətləridir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələrin gerçəkləşməsində baza rolunu oynayır. Əsas məsələlərdən biri də odur ki, digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ "Cənub Qaz Dəhlizi”nin reallaşmasına siyasi və mənəvi dəstək göstərib və hərtərəfli kömək edib. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son 3 məktubunda da bu haqda fikirlərini bildirib. Məktubların məzmununa nəzər saldıqda görünən odur ki, Azərbaycan və ABŞ mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yüksək qiymətləndirir. Məktubun birində vurğulanır ki, qarşıdan gələn aylar Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq. Bunun isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacağı təbii və gözləniləndir.

Birmənalı demək olar ki, bu gün Azərbaycan firavan və qlobal iqtisadiyyata bağlı ölkədir. Faktiki olaraq Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Azərbaycanın qaz hasilatının Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyi şübhəsizdir. Bunu isə supergüc olan Amerika dəyərləndirir. O səbəbdəndir ki, ABŞ Azərbaycanla 30 illik əməkdaşlığın "Cənub Qaz Dəhlizi” kimi mühüm nailiyyətini Azərbaycanla birlikdə qeyd edir. Tramp məktublarında qeyd edir ki, ABŞ Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir. ABŞ prezidenti Azərbaycan ölkə başçısına məktubunda deyir: "Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm”.

Göründüyü kimi, Prezident Donald Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir və bu əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu bəyan edir. ABŞ Azərbaycanı regionun güclü, firavan, qlobal iqtisadiyyata bağlı, təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verən ölkəsi kimi qiymətləndirir. Bununla yanaşı Tramp bundan sonrakı dövrdə də Prezident İlham Əliyevlə işləmək əzmini ifadə edir. Görünən odur ki, ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrinin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir.

Lakin Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan Kristofer Smit, Bred Şerman kimi konqresmenlər hər vəchlə bu əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar.

Onlar Amerika dövlətinin deyil, erməni lobbisinin və Ermənistanın maraqlarını müdafiə və ifadə edirlər. Bu tipli şəxslərin Amerikanın dövlət siyasəti və ABŞ rəsmilərinin Azərbaycana pozitiv münasibəti ilə heç bir əlaqəsi yoxdur.
ABŞ-la yanaşı Böyük Britaniya da "Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü dəstək vermiş, bp şirkəti energetika sahəsində həyata keçirilən çoxsaylı layihələrin əsas investoru olmuşdur. Bu dəstək hazırda da davam edir.
"Cənub Qaz Dəhlizi” və digər enerji layihələrinin icrasında çox önəmli rol oynayan güclərdən biri də Avropa İttifaqıdır. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə bu mühüm layihənin əsası qoyulmuş, sonrakı dövrdə də Aİ bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək verib.

"Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti

"Cənub Qaz Dəhlizi” ölkəmiz üçün çox önəmli bir layihədir. Bu iqtisadiyyatımızın dayanıqlılığının qarantı sayıla bilər. Bir sıra detalları demək kifayətdir ki, bu layihənin əhəmiyyəti aydınlaşsın. Belə ki, sözügedən qlobal layihə qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq. Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. ABŞ Prezidenti Tramp yenə məktubunda bildirmişdi: "Enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı bu il ilk qazın "Cənub Qaz Dəhlizi” vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlib”. Bu onu deməyə əsas verir ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətlidir və bu əhəmiyyət daha da artır. Ölkəmiz bu cür beynəlxalq layihələrin təşəbbüskarı olduğu üçün Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevrilir və çevriləcək. Bununla yanaşı ölkəmiz region dövlətlərinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq. Həmçinin Azərbaycan bu layihəni həyata keçirməklə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işguzar əlaqələrin inkişafına, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək. Sözügedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də, layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə edəcəyi, yeni iş yerlərinin yaradılacağı və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcəyidir.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

"Cənub Qaz Dəhlizi” "Əsrin müqaviləsi”nə bərabər layihədir

Ekspertlər də qeyd edirlər ki, "Cənub Qaz Dəhlizi” istər Azərbaycan iqtisadiyyatının inkişafı üçün, istər ölkəyə gəlirin gəlməsi baxımından, istərsə də Avropanın və regionun enerji təhlükəsizliyinə töhfə baxımından çox qlobal, önəmli layihədir.
İqtisadçı, deputat Vahid Əhmədov deyir ki, "Cənub Qaz Dəhlizi” Azərbaycan üçün böyük bir layihədir. Onun sözlərinə görə, bu, "Əsrin Müqaviləsi”nə bərabər bir hadisədir: "Bu layihə həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən müstəqilliyin gücləndirilməsi baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycan müstəqillik qazanandan indiyə qədər çox uğurlu enerji siyasəti həyata keçirib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi” Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırır”.

Anar