Məntiqlə Türkiyədən gətirilən məhsulların yaxın günlərdə ucuzlaşmasını görməliyik
Son vaxtlar Türkiyənin milli valyutası lirə dollar qarşı ucuzlaşıb. Bir müddət bundan əvvəl başlayan proses hələ də davam etməkdədir.
Lirənin dollara qarşı dəyərdən düşməsinin Azərbaycana müəyyən təsirləri var. Çünki Azərbaycan türk mallarının əsas idxalçılarından biridir. Ölkəmizdə manatın dollara qarşı məzənnəsinin sabit olması Türkiyənin Azərbaycana ixrac etdiyi məhsulların qiymətində müəyyən dəyişikliklərə səbəb olur. Bu dəyikiklilərin istehlakcılar üçün müsbət tərəfləri olacağı düşünülür.
İqtisadçı-ekspert Natiq Cəfərli isə "Sherg.az"a açıqlamasında deyib ki, iqtisadi qanunlar işləsə, Türkiyədən gətirilən məhsullar ucuzlaşmalıdı:
"Çünki Azərbaycanlı iş adamları, fərdi sahibkarlar və hüquqi şəxslər Türkiyədən mal alarkən Azərbaycandan apardıqları valyutadan istifadə edir. Onlar öz valyutalarını lirəyə çevirib, idxal prosesini həyata keçirir. Türkiyədə dolların bahalaşması bizi daha çox lirə əldə etməyə sövq edir. Qardaş ölkədə dolların bahalaşmasına paralel olaraq mal və xidmətlərdə qiymət artmı baş verməyib. Yəni hələ də köhnə qiymətlər qalır.
Türkiyədən ən çox geyim məhsulları idxal edirik. Hələ ki, onun qiymətində ciddi bir dəyişiklik olmayıb. Məntiqlə onların qiyməti ucuzlaşmalıdır. Amma indi bazar buna necə reaksiya verəcək, Türkiydən gələn məhsulların həcmi artıb, azalmasına nəzarət etmək lazımdır. Ola bilər ki, son zamanlarda Türkiyədə baş verən bu məzənnə dəyişikləri bəzi iş adamlarını gözləmə mövqeyinə sövq etsin.
Əgər Türkiyədən gətirilən məhsulların həcmi azalacaqsa, buna uyğun olaraq, bazarda da buna təkliflər azalacaqsa, qiymətdə ciddi dəyişiklik olmaya bilər. Amma həmin qaydada davam etsə, məntiqlə və iqtisadi qanunlara görə, Türkiyədən gətirilən məhsulların yaxın günlərdə ucuzlaşmasını görməliyik. Ən azından bunun bazara pozitiv təsirləri olmalıdır. Çünki Azərbaycanda dolların məzənnəsi bir ilə yaxındır ki, sabitdir. İnzibati qaydada manatın məzənnəsi tənzimlənir.
Amma Türkiyədə son bir ildə lirə təqribən 30 faizə yaxın dəyər itirib. Yəni keçən ilin may ayında 3.75 lirə olan dollar, indi artıq 4.5 lirədən artıqdır. Bütün bunları nəzərə alsaq, ucuzlaşma olmalıdır. Azərbaycanda bəzən iqtisadi qanunlar bazara daha gec təsir etməyə başlayır. Ola bilər bunun üçün bir müddət keçməlidir. Amma hər halda ucuzlaşmanın baş verməsi daha məntiqlidir”.
Kənan Eynuroğlu