Elməddin Muradlı: "Həmin taksiləri alanlar hər rəngə boyaya bilirlər və şəxsi maşın kimi istifadə edirlər. Belə vəziyyətdə isə ümid yol polisinə qalır ki, həmin taksilərə nəzarəti gücləndirsin"
"Paytaxtda taksi xidmətləri getdikcə inkişaf etsə də, "London Taxi”ləri bu tərəqqidən geri qalır”.
Bunu "Sherg.az”a "London taxi” sürücüsünün sərxoş vəziyyətdə avtomobil idarə edib, qəza törətməsinə münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, əvvəllər həmin taksi şirkəti effektiv fəaliyyəti ilə seçilsə də son illərdə onların xidmətləri zəifləyib:
"Həmin taksilər sabiq nəqliyyat naziri Ziya Məmmədov və iş adamı Hafiz Məmmədovun birlikdə səyi ilə ölkəyə gətirilib. Sonradan müəyyən proseslər baş verdi. Məlum oldu ki, "London Taxi”lərin əksəriyyəti gömrükdən keçərkən rüsum ödənilməyib. Şirkətin təxminən bir milyon manatdan çox borcu var idi.
Bu taksilər "Eurovision” mahnı müsabiqəsi dönəmində Bakıya təcili gətirildiyindən gömrük onlara güzəşt etmişdi. Lakin sonradan bu problemlər dərinləşdi və şirkətin çökməsi ilə nəticələndi.
"London Taxi”ləri bu gün 15-20 min manat qiymətlərlə satışdadır. Yəni özəl maşınları olan şəxslər onu satıb, bu taksiləri ala bilir. Həmin taksiləri alanlar hər rəngə boyaya bilirlər və şəxsi maşın kimi istifadə edirlər. Belə vəziyyətdə isə ümid yol polisinə qalır ki, həmin taksilərə nəzarəti gücləndirsin”.
"London Taxi” sürücülərinin özbaşınalıq etdiyini vurğulayan E. Muradlı deyib ki, onlara nəzarət olunmadığından müştərilərə qarşı zorakılıq, oğurluq hallarına da yol verirlər:"Əvvəl şirkətin qaynar xətti var idi, müştərilərin narazılığı olduqda bildirirdi. Həmçinin, avtomobillər vaxtlı-vaxtında texniki baxışdan keçirildi. İndi isə bütün bunlar olmadığından ayrı-ayrı şəxslər istədikləri kimi həmin taksilərdən istifadə edir”.
Qeyd edək ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib. Belə ki, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi "Oka” və naməlum sürücünün idarə etdiyi "London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə Həsən Heydəri hadisə yerində ölüb.
Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə "”London Taxi” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Vaqif Qurbanov saxlanılıb, onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib.
Sabunçu RPŞ tərəfindən araşdırma aparılır.
Aysel Aslan