Lukaşenko həmişə Azərbaycanın yanındadır
Belarus digər dövlətlər üçün yaxşı nümunədir, Ermənistana layiqli yerini göstərdi
Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşünün maraqlı və çoxvektorlu olacağı əvvəldən bəlli idi. Təkcə bir faktı nəzərə alaq ki, beynəlxalq münasibətlər tarixində iki ölkə liderinin yüksək görüşdən qabaq səfirlərlə əlahiddə görüşməsi çox nadir hallarda rast gəlinən praktikadır. Öncədən bu görüşün nəticələrini müxtəlif motivlərlə izləyən və hətta görüşün əleyhinə işləyən qüvvələr də var idi. Lakin liderlərin şəxsi münasibətləri sayəsində görüş barədə bütün məqbul proqnozlar özünü doğrultdu. İki ölkənin münasibəti dərinləşmə və genişlənmə istiqamətində yeni mərhələyə çıxdı. Şübhəsiz ki, 25 illik münasibətlərin möhkəm əsası və nəzərəçarpan əhəmiyyətli nəticələri var idi.
Lakin Azərbaycan Prezidentinin Belarusa səfəri həm ortada olan indiyə qədərki nəticələri ümumiləşdirmək, həm də real və yeni istiqamətləri ortaya çıxarmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Bu kontekstdə Azərbaycan-Belarus münasibətlərinin yaxın perspektiv üçün beş əsas istiqamət üzrə böyük nəticələr hasil edəcəyinə şübhə yoxdur. Bunlar iqtisadi-ticarət, qarşılıqlı investisiyalar, hərbi-texniki əməkdaşlıq, beynəlxalq təşkilatlarda davamlı birgə fəaliyyət və üçüncü ölkələrin bazarlarının xalqların rifahı naminə birgə mənimsənilməsi istiqamətləridir. Ekspertlər də hesab edirlər ki, çox nadir hallarda iki ölkə liderinin münasibətləri Azərbaycanla Belarusun timsalında olduğu kimi, arada heç bir qapalı mövzunun qalmadığı həddə qədər dərinləşə bilir. Bu, ölkələrimizin liderləri arasında həqiqətən səmimi və anlaşılan münasibətlərin sayəsində əldə olunmuş nəticədir. Hər iki dövlət başçısı təsadüfən demədilər ki, hətta ən mürəkkəb məsələləri konstruktiv əsaslarla müzakirə edə bilirlər. Azərbaycan və Belarus böyük iqtisadi potensiala və geosiyasi üstünlüklərə malik ölkələrdir. Ancaq dinamik inkişafda olan münasibətlər təkcə bu amilə yox, həm də şəxsən İlham Əliyevlə Aleksandr Lukaşenkonun səmimi dostluq və anlaşılan münasibətlərinə söykənir. Bu mənada Azərbaycan-Belarus münasibətlərinin daha da inkişaf edəcəyinə şübhə edilməməlidir. Elə qəbul edilmiş birgə memorandumun dərin təhlili də göstərir ki, iki ölkə yeni-yeni müqavilələr imzalamaq ərəfəsindədir. Xüsusilə hərbi-texniki əməkdaşlıq barədə yeni müqavilənin imzalanması indi daha realdır. Bunu çoxdandır Belarusun Azərbaycana silah satması ətrafında hay-küy salmaq istəyən təcavüzkar Ermənistana çox tutarlı cavab zərbəsi saymaq olar. Dağlıq Qarabağ məsələsinin həllində Belarusun ərazi bütövlüyü və suverenlik prinsipinə bir daha sadiqlik nümayiş etdirməsi Qarabağda status-kvonu saxlamaq istəyənlərə qəti cavab mesajı oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitindəki prinsipial davranışların ardınca cənab Lukaşenkonun Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirmək kursu nümayiş etdirməsi çox əhəmiyyətli mövqedir.
Azərbaycan-Belarus münasibətlərini "Şərq”ə dəyərləndirən siyasi ekspert Anar İmanov deyib ki, iki ölkənin münasibətləri hazırda ən yüksək səviyyədədir:
"İstərdim ki, bütün ölkələrin bizə münasibəti Belarus qədər olardı. Azərbaycan və Belarus arasında çox səmimi və faydalı münasibətlər qurulub. Bu münasibətlər həm bizim, həm də Belarus xalqı üşün çox faydalıdır. Baxmayaraq ki, Belarus KTMT-də təmsil olunur, amma bu ölkə heç vaxt işğalçı Ermənistanı dəstəkləməyib. Bu məsələdə Belarus digər dövlətlər üçün yaxşı nümunədir. Belarus ağı qaradan çoxdan ayırıb və Ermənistana layiqli yerini göstərib”.
Politoloq xatırladıb ki, bir müddət əvvəl Ermənistanın KTMT-yə növbəti dəfə öz namizədini irəli sürməsi iddiasına məhz Belarusla Qazaxıstan sərt şəkildə əngəl olublar:
"Bundan sonra başqa dövlətlər tərəfindən idarə olunan Ermənistanın "rəhbəri" Nikol Paşinyan sonunun yaxınlaşdığını anladı. Paşinyan yaxşı bilir ki, Dağlıq Qarabağ məsələsində işğalçı dövlətin tutduğu mövqeyi zəifləyib və artıq geri çəkilmək vaxtı çatıb. Son illərdə Azərbaycan və Belarusun dövlət başçılarının mütəmadi səfərləri iki ölkə arasında münasibətlərin ən üst səviyyədə olduğunu göstərir. Belarus Azərbaycan üçün yaxın dost, strateji tərəfdaşdır.
Belarus Prezidenti Aleksandr Lukaşenko dünyanın istənilən yerində Azərbaycanı dəstəkləyir. Bu, çox təqdirəlayiq haldır. İqtisadi, ticarət əlaqələrimiz genişlənir ki, bu da hər iki ölkəyə yalnız fayda vəd edir. Ən əsası isə ölkələrimiz hərbi cəhətdən eyni mövqedən çıxış edirlər, əməkdaşlığı gücləndirirlər. Münasibətlərin daha da inkişaf edəcəyi şübhəsizdir”.
İsmayıl