Maaşı az olanlar da yararlanacaq

İqtisadçının sözlərinə görə, gənc ailələrin əli ipoteka kreditlərinə çatacaq



İpoteka Fondunun Azərbaycanda yaradılmasında əsas məqsəd gənclərin sosial durumunu yaxşılaşdırmaqdan ibarət idi. Lakin ipoteka kreditinə tələbatın çox olmasına baxmayaraq onun reallaşmasından ötrü müəyyən edilmiş şərtlər əhalinin əksər kəsimi üçün bir o qədər də sərfəli deyil. Hətta sosial baxımdan maddi imkanı məhdud təbəqə üçün təsdiq edilmiş güzəştli şərtlər belə vətəndaşlar üçün əlçatmazdır. Bütün bu problemləri nəzərə alan Prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılmasının dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutduğu qeyd olunub. Həmçinin bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmədiyi vurğulanıb. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

Dövlət başçısı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılmasını qərara alıb. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Ölkə başçısının "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanını şərh edən ekspertlər də hesab edir ki, yaxın vaxtlarda Azərbaycanda ipoteka kreditlərinin şərtlərində ciddi yumşalmalar, xüsusən də güzəştli ipotekaya çıxış imkanlarının genişlənməsi müşahidə olunacaq.

İpoteka şərtlərinin sadələşdiriləcəyini deyən İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı - alim Vüqar Bayramov bildirib ki, qlobal və regional çətinliklərin olduğu bir zamanda ipoteka şərtlərinin təkmilləşdirilməsinə xidmət edən belə bir fərmanın imzalanması, sosial sferada, eləcə də mənzil təminatında siyasi iradəni bir daha nümayiş etdirir: "Ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan İpoteka Fondu”nun Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilməsi ondan xəbər verir ki, artıq uzun müddət gündəmdə olan və Mərkəzi Bank tərəfindən dəfələrlə təkrarlanan, amma reallaşmayan ipoteka şərtlərinin sadələşdirilməsi həyata keçiriləcək. Fərmana əsasən, cəmiyyətin fəaliyyətinə Prezident nəzarət edəcək”.

V.Bayramovun sözlərinə görə, fərman ipoteka şərtlərinin yüngülləşdirilməsinə xidmət edəcək: "Faizlərin aşağı salınması, tələb olunan sənədlərin sayının azaldılması, həmçinin prosedurun sadələşdirilməsi, xüsusən gənc ailələrin ipoteka kreditlərinə əlçatanlığını təmin edəcək. Bu baxımdan fərman birmənalı şəkildə imkan verəcək ki, vətəndaş daha az faiz və daha az sənədlə ev sahibi ola bilsin. Faizlərin aşağı düşməsi aylıq ödəniş məbləğinin aşağı salınması deməkdir. Yeni qaydalar tətbiq edildikdən sonra əməkhaqqı nisbətən az olanlar da kreditlərdən yararlana biləcək, xüsusən orta təbəqə vətəndaşlarının ipoteka imkanları genişlənəcək. Həmçinin, yeni fərman "İpoteka Fondu”nun maliyyə imkanlarını artıracaq. Çünki fərmana əsasən 5 ildən artıq dövr üçün proqramın dövlət zəmanəti ilə yerləşdirilməsi həyata keçiriləcək. Bu da fondun maliyyə imkanlarının möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, fərman ipoteka kreditlərinin daha çox vəsait cəlb etməsi, daha çox kreditlərin verilməsini təmin edəcək”.

İqtisadçı ölkə başçısının imzaladığı fərmanın inşaat sektoru üçün yeni bir başlanğıc olacağını vurğulayıb: "Bu fərmanla tikinti üçün mövcud olan mürəkkəb prosedur çox sadələşdiriləcək, problem də aradan qalxacaq. Eyni zamanda, fərman inşa edilən, istifadəyə verilmiş, amma istismara götürülməyən binaların istismara götürülməsini təmin edəcək. Məlum olduğu kimi, Bakıda olan yeni tikililərin 80 faizindən çoxu istismara götürülməyib. Baxmayaraq ki, həmin binalar kommunal xidmətlərlə təmin olunub. İstismara götürülmədiyi üçün həmin binadakı mənzil sahiblərinin "kupça” almaq imkanı yoxdur. Bu da "kupça” əldə edilməsinə problem yaradırdı. Fərman həm də "kupçasız” mənzillərdə yaşayan sakinlər üçün şad xəbər kimi qiymətləndirilə bilər. İnsanlar "ASAN xidmət”ə müraciət etməklə qısa zamanda uzun-uzadı prosedurdan keçmədən "kupça” əldə edə biləcəklər.

Etiraf etmək lazımdır ki, fərman, indiyə qədər ipoteka kreditlərinin verilməsi sahəsində ən pozitiv və ən obyektiv islahatdır. Bütövlükdə inşaat sektorunda yeni mərhələnin başlanğıcıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, Prezidentin bu fərmanı ilə struktur dəyişikliyindən sonra "Azərbaycan İpoteka Fondu”nun daha əlçatan olması, daha çox insanların Fond vasitəsilə mənzil sahibi olması imkanı artır: "İpoteka Fondu yaradılarkən qarşıya qoyulan əsas məqsədlərdən biri o idi ki, 2011-ci ilin sonu - 2012-ci ilin əvvəlindən Fond özünümaliyyələşməyə keçsin. Yəni, əvvəl verdiyi kreditlər hesabına, yığılan vəsait hesabına daha çox kredit verməyi qarşıya məqsəd qoymuşdu. Təəssüf ki, bu məqsədə çata bilmədi, idarəetmədə bəzi problemlərin olması, bank sektoru ilə Fond arasında bəzi problemlərin olması bu məqsədə çatmağa imkan verməyib və hər il dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına səbəb olub. 2011- 14-cü illər ərzində büdcədən 200 milyon manat İpoteka Fonduna əlavə vəsait ayrılıb. Bu, çox böyük, Azərbaycanın daşınmaz əmlak bazarında müəyyən rol oynaya biləcək bir məbləğdir. Bu məbləğin daha yaxşı idarə olunması, risklərin daha ciddi idarə olunması və onların geri qaytarılması sürətinin təmin edilməsi daha çox insanların ipoteka kreditinə çıxış imkanı əldə edilməsi üçün struktur dəyişikliyə ehtiyac var”.

N.Cəfərlinin sözlərinə görə, ölkə başçısı tərəfindən imzalanan fərman effektivliyin artırılması, Fonda ayrılan vəsaitin daha yaxşı idarə olunması, əvvəlcədən verilən kreditlərin geri qaytarılması sürətinin artırılması idarəetmənin təkmilləşdirilməsi üçün imzalanıb: "Hesab edirəm ki, bu sərəncam İpoteka Fondunun idarəetməsində müəyyən dəyişikliklərə gətirib çıxaracaq”.

İpoteka sahəsində mövcud olan bəzi problemlərin bu fərmanda əks olunmadığını vurğulayan iqtisadçı deyib ki, daha bir neçə həll olunmalı məsələ qalıb. Onun sözlərinə görə, fərmandan irəli gələn bəzi məsələləri Nazirlər Kabineti təkliflər şəklində Prezidentə çatdırmalıdır: "Əsas narazılıq, insanların ipoteka kreditləri ilə bağlı gözləntiləri faiz dərəcələrinin aşağı salınmasından ibarətdir. Çünki indiki faiz dərəcələri ilə bir çox insanların ipoteka kreditlərinə əlçatımlılığı mümkünsüz hal alıb. Ən yaxşısı 4 faizlə verilən sosial ipotekalardır. Amma bu kreditlər az sayda və az miqdarda verildiyi üçün vətəndaşları qane etmir. Digər ipoteka növləri isə 8 faizdən başlayır və 16 faizə qədər artır”.

N.Cəfərlinin sözlərinə görə, yeni yaradılan "Azərbaycan İpoteka Fondu”nun Açıq Səhmdar Cəmiyyətinin gözləntiləri doğrultması üçün faiz dərəcəsinin aşağı salınması əsas şərtdir.

Şəymən