Manat qüvvədədir: Ali məktəblər yayılan məlumatları təkzib etdi

Heç bir universitetdə təhsil haqlarının dollarla ödənilməsi tələb olunmayıb
Manatın devalvasiyası "işbaz”ların işinə yarayıb. Milli valyutamız "üzən məzənnə”yə keçdikdən sonra ölkədə böhran ab- havası yaranıb. Gündəlik tələbat məhsullarının bahalaşması, xidmət haqlarının artması fonunda əhali banklardan, ali təhsil ocaqlarından və s. təşkilatlardan vətəndaşlara qarşı humanistlik nümayiş etdirməyi gözlədiyi halda bəzi ali təhsil ocaqları yıxılana balta vurmaqla məşğuldur.
Sosial şəbəkələrdə Təfəkkür Universitetinin cari tədris ilindən tələbələrin təhsil haqqını dollar məzənnəsi ilə tələb edəcəyini özündə əks etdirən elanın fotoları yayılıb. Bundan əlavə, bəzi KİV-lərdə Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra ödənişlərinin dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar yayılıb.
Mövzu ilə bağlı bir neçə ali təhsil ocaqları ilə əlaqə saxlayıb, tələbələrdən təhsil haqlarının hansı məzənnə ilə tələb olunduğuna dair araşdırma apardıq. Həmçinin cəmiyyətin devalvasiyadan sonra təhsil haqlarının artırılacağına dair narahatlığının nə dərəcədə əsaslı olub-olmadığını öyrənməyə çalışdıq. Qeyd edək ki, suallarımızı cavablandıran mətbuat xidmətləri təhsil haqlarının manatla ödənilməsi şərtinin tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə öz əksini tapdığını bildiriblər. Təhsil müəssisələrindən deyiblər ki, sosial şəbəkələr və bəzi KİV-lərdə yer alan məlumatlar əsassızdır.
Təfəkkür Universiteti tələbələrin fevraldan təhsil haqqını dollarla ödəyəcəyi ilə bağlı yayılan elanın heç bir əsası olmadığı vurğulanıb: "Elanın hansı universitetə aid olduğu bilinmir. Təfəkkür Universitetində təhsil haqqı bir qayda olaraq tələbələr birinci kursa qəbul olunanda rektorluqla tələbələr arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir. Universitetimiz fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi tələbələrin təhsil haqqı yalnız milli manatla ödənilir. Bu gün də tələbələrin təhsil haqqında heç bir dəyişiklik olmayıb, təhsil haqları yalnız manatla ödənilir. Ötən gün universitetdə heç bir tələbə olmayıb. İmtahanlar bu gündən başlayıb. Ona görə də hansısa tələbənin o elanı çəkib sosial şəbəkədə yayması doğru deyil”.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözlərinə görə, BDU-ya ödənişli əsaslarla qəbul olan tələbələrlə universitet rəhbərliyi arasında imzalanan müqavilədə göstərilən təhsil haqqı 1-ci kursdan 4-cü kursa qədər, yəni tələbənin təhsilini başa vurduğu ilə qədər qüvvədə olur. Bakı Dövlət Universitetində təhsil haqqının artırılması gündəmdə deyil və artım gözlənilmir. Cari tədris ilindən tələbələrin təhsil haqqının dollar məzənnəsi ilə tələb edilməsinə gəldikdə isə P.İbrahimova deyib ki, BDU-da təhsil haqqının dollarla ödənilməsi məsələsi müzakirə mövzusu belə ola bilməz.
Bakı Ali Neft Məktəbi (BANM)-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova isə deyib ki, BANM Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb: "Ali Məktəbin yaradılması Azərbaycanda dövlətimiz tərəfindən həyata keçirilən ən uğurlu sosial layihələrdən biri sayıla bilər. Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsidir, burada təhsil ödənişsizdir, tələbələr dövlət hesabına təhsil alırlar. Eyni zamanda, Ali Məktəbə ödənişli əsaslarla daxil olan tələbələrə SOCAR tərəfindən təqaüd verilir. Həmçinin hər yeni tədris ilində Ali Məktəbə qəbul olan bütün tələbələrə noutbuk hədiyyə olunur. Yəni tələbə heç bir təhsil haqqı və ya ödəniş ödəmir, bütün bu işlər SOCAR-ın hesabına həyata keçirilir”.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mətbuat xidmətinin rəhbəri Yusif Ağayev isə bu məsələ ilə bağlı dəqiq məlumatlı olmadığını deyib: "Sözügedən elanı da görməmişəm. Amma bizim universitet adından deyə bilərəm ki, belə bir qərar yoxdur. Ümumiyyətlə, Dövlət İdarəçilik Akademiyasında təhsil haqlarının artımı və ödənişin dollarla ödənməsi məsələsi müzakirə obyekti deyil”.
Məlumat üçün bildirək ki, Azərbaycan Təhsil Nazirliyi manatın məzənnəsinin dəyişməsindən sonra "Təfəkkür” Universiteti və Qızlar Universitetində təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatları araşdırıb. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev "Təfəkkür” Universitetinin nazirliyə bununla bağlı təkzib verəcəyini açıqlayıb: "Həmin elanın konkret məktəb binasının divarından asıldığı bilinmir. Amma belə siqnal daxil olduğu üçün universitetin prorektoruna zəng edilib. O, bununla bağlı təkzib veriləcəyini deyib. Qızlar Universitetində də təhsil haqlarının dollarla tələb olunması ilə bağlı daxil olan siqnal barədə həmin məktəbin rektoruna məlumat verilib. Hər iki məktəb rəhbərliyi bildirib ki, bizdə belə hal yoxdur”. Y.Piriyev qeyd edib ki, ali məktəb rəhbərliyi ilə təhsil haqlarının ödənilməsi ilə bağlı indiyədək bağlanılan müqavilələr həmin tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, bu müqavilələrə uyğun olaraq da tələbələrin təhsil haqlarının səviyyəsi dəyişməməlidir. Aparat rəhbərinin müavini bildirib ki, Azərbaycanın milli valyutası var, ödəniş də milli valyuta ilə aparılmalıdır: "Buna görə də təhsil haqlarının dollarla ödənilməsi məsələsi gündəmdə deyil və buna baxmaq da düzgün deyil”. Nazirlik rəsmisinin sözlərinə görə, yeni tədris ili üzrə təhsil haqlarının artması ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq. Y.Piriyev təhsil haqlarının müəyyənləşdirilməsinin ali məktəblərin səlahiyyətinə daxil olduğunu da açıqlayıb.
Şəymən