Marşrutlardan yenə narazılıq var

“Baku Bus”lar xəttə buraxılmazdan əvvəl vəziyyət öyrənilməli idi



"Baku Bus” MMC-nin bir neçə marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar bəzi marşrut avtobuslarının istiqamətlərində də dəyişiklik edilib. Marşrut xətlərinin dəyişdirilməsi bəzi sərnişinlərin mənzil başına çatmasını çətinləşdirib. Yeni qrafikə görə, şəhərin bir yerindən digərinə getmək üçün 2, bəzi hallarda isə 3 marşrutdan istifadə eləmək lazım gəlir.

Ekspert Azər Allahverənovun fikrincə isə əhalinin sıx məskunlaşdığı massivlərdə yaşayan sakinlər bəzi avtobusların bərpası üçün müraciətlər etməlidir: "İstənilən halda xəttə yeni "Baku Bus” avtobusların buraxılması müsbət haldır ki, bu da sərnişinlərə daha rahat və yüksək xidmət göstərilməsi üçün vacibdir. Bəzi avtobusların xətdən çıxarılması və sərnişinlərin yolunun uzanması da aktual məsələdir. Elə massivlər var ki, orada əhali kifayət qədər sıx yaşayır. Həmin insanlar əvvəllər şəhərə bir avtobusla gələ bilirdisə, indi bundan məhrum olublar. Ona görə də, onlar qrup halında müraciətlər etməlidir ki, müvafiq qurumlar da problemin vacibliyini anlasın. Müvafiq tədbirlər görsün”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, yeni avtobusların ölkəyə gətirilməsi və marşrut xətlərinə buraxılması, eyni zamanda ictimai nəqliyyatda gediş haqlarının vahid kart sisteminə keçirilməsi kifayət qədər müsbət addımlardır: "Artıq sürücülərlə sərnişinlər arasındakı xoşagəlməz əlaqələr tamamilə kəsilib. Eyni zamanda marşrutların dayanacaqdan kənarda saxlaması hallarına da tamamilə son qoyulub. Hansı ki, bu, şəhərdə avtomobillərin hərəkəti üçün çox ciddi problemlər yaradırdı”.

Hələ ki, ölkədə "Baku Bus” marşrutlarının oturuşması prosesinin getdiyini vurğulayan iqtisadçı deyib ki, marşrut xətlərinin tez-tez dəyişməsi də bununla bağlıdır: "Digər səbəb isə infrastrukturla bağlıdır. "Baku Bus” avtobusları əvvəlki avtobuslardan xeyli dərəcə uzun və iritutumlu olduğu üçün şəhərin dar, ensiz küçələrində onların hərəkəti üçün müəyyən problemlər yaşanır. Xüsusən də, mərkəzi küçələrdə bu avtobuslar tıxaclara səbəb olur, döngələrdə çətinliklər yaradır. Şəxsən bir avtomobil sürücüsü kimi həmin avtobusların şəhərdə yaratdığı problemlərin bir neçə dəfə şahidi olmuşam. Bu da onunla bağlıdır ki, əvvəlcədən ciddi araşdırma aparılmayıb. Nəqliyyat sektoru ilə məşğul olan idarələr və təşkilatlar əvvəlcədən öz işlərini planlı qursalar, bu gün insanlarda çaşqınlığa səbəb olmazdılar”.

Sərnişinlərin yüksək standartlara uyğun, rahat avtobuslardan istifadə etməsinin sevindirici hal olduğunu vurğulayan N.Cəfərli deyib ki, bu dəyişiklik insanların nəqliyyat xərclərinin artması hesabına baş verməməli idi.

Bu gün hansısa sərnişinin işdən evə 3 marşrut dəyişərək getməsi onun üçün həm vaxt itkisidir, həm də nəqliyyat xərclərinin artması deməkdir: "Ölkədə iş yerlərinin, əhalinin gəlirlərinin azalması fonunda belə bir problemin yaşanması da haqlı narazılıqlara səbəb olur. Müasir texnologiyalar imkan verir ki, hətta 3D formatında kompüter proqramları vasitəsilə marşrut xətlərini testlərdən keçirmək və hansı marşrutların hansı küçədə daha effektiv hərəkət etdiyini öncədən müəyyən etmək lazım idi. Onu da deyim ki, "Bakı bus”lardan daha kiçik ölçülü müasir avtobusların ölkəyə gətirilməsinə və tıxac yaranan küçələrdə onlardan istifadə olunmasına böyük ehtiyac var. O zaman marşrut xətləri tez-tez dəyişməz və sərnişinlər üçün alternativ seçim imkanları olar. Amma çox təəssüflər ki, hələ də ləğv olunan marşrutların əvəzində sərnişinlərə heç nə təklif olunmur. Problemin həlli birbaşa vətəndaşların öz üzərinə atılır. Vətəndaşlar da dayanacaqlarda soruşa-soruşa, bəzən işdən evə, evdən də işə gecikmək hesabına vaxtının bir hissəsini yeni marşrut xətlərinin öyrənilməsinə sərf edir. "Baku Bus”lar istifadəyə buraxılmazdan əvvəl bütün bunlar nəzərə alınaraq qarşısının alınması gərək idi. Hesab edirəm ki, təkmil bir sayt vasitəsilə də marşrut xətlərinin hərəkət istiqamətini əhaliyə öyrətmək olar”.

İqtisadçı deyib ki, indiki situasiyada sadalanan bu problemlər həll olunması çox pozitiv bir addım olar və görülən işə kölgə salmaz”.

Şəymən