“Məcbur qalsam, vətənimi tərk edəcəm”

Nazpəri Dostəliyeva: “Bağça da aça bilərəm, amma ölənə qədər sənətimlə məşğul olacam”



Xalq artisti Nazpəri Dostəliyevaya qoyulan efir qadağalarının hələ də qüvvədə qalması xanım sənətçini narahat edir. Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl bununla bağlı mətbuat konfransı keçirib. Son ümid yeri kimi mətbuat nümayəndələrindən dəstək almağa çalışdı. Amma Xalq artisti hələ də efirə çıxa bilmir. Müxtəlif media qürumları telekanallara bununla bağlı sorğu ilə müraciət etsələr də, heç bir kanal Nazpəri Dostəliyevaya qadağa qoyulması ilə bağlı məlumatı təsdiqləmədi. Amma sənətçinin də dediyi kimi, bir həqiqət də var ki, bu məlumat rəsmən təsdiq olunmasa da, kanallar yenə də müğənnini verilişlərə dəvət etmirlər.

Hətta sənətçi bu günlərdə açıqlamasında Azərbaycanı tərk edəcəyini bildirib. Xalq artisti səhnədən uzaq qaldığından bundan sonra bağça müdiri kimi çalışmaq niyyətində olduğunu da dilə gətirib. Məsələyə aydınlıq gətirmək üçün Xalq artisti ilə yenidən əlaqə yaratdıq. Xalq artisti Nazpəri Dostəliyava "Şərq”in suallarını cavablandırdı.

- Nazpəri xanım, bundan sonra səhnədən uzaqlaşıb bağça müdiri olacağınız xəbəri həqiqətdir?

- (Gülür). Təbii ki, bu bir zarafat idi. Bir az zarafat üçün bu fikri səsləndirdim. Görünür, ciddi qəbul olundu. Kim necə istəyir, elə də qəbul edə bilər.

- Amma pis fikir də deyil.

- Yox, bağça müdiri olmaq pisdir ki? Mən uşaqları çox sevirəm. Amma bu fikri zarafatla səsləndirdim. Əslində bir ideya deyil. Bağça da aça bilərəm. Amma mənim öz sənətim var. Sənətçiyəm, ölən günümə qədər də sənətimlə məşğul olacam. Mən eyni zamanda universitetdə pedaqoq kimi də fəaliyyət göstərirəm. Azərbaycan Dövlət İncəsənət Universitetində işləyirəm. Tələbələrim var. Onlarla məşğul oluram. Mən şükür ki, hələ qocalmamışam, nə də gücdən düşməmişəm ki, özümə başqa sahədə bir iş axtarım. Mən müğənniyəm, bu millətin sənətkarıyam. Bu sənətimlə də ölənə qədər məşğul olacam.

- Mətbuat konfransından sonra qismən də olsa efir qadağalarınız həllini tapa bildimi?

- Efirlər özlərini bu məqamda gülünc vəziyyətə qoydular. Mətbuat nümayəndələri soruşur ki, Xalq artistinə qadağa qoyulubmu? Telekanallardan açıqlama verilir ki, Nazpəri Dostəliyevaya

efirə qadağa qoyulmayıb. Əgər qoyulmayıbsa, niyə sənin kanalında verilişlərə dəvət almıram. Bu gün efirə elə insanları çıxarırlar ki, adam xəcalət çəkir. Onları efirə dəvət edəndə qadağa olmur. Amma xalqın sevdiyi sənətkara qadağa var. Bu, nə dərəcədə düzgündür? Axı mənə rəsmən qadağa qoyulmayıb. Mənim günahım olsaydı, xalqıma satqın olsaydım, mənə o qadağanı qoymağa əsasları olardı. Mən xalqıma xidmət edən sənətçiyəm. Millətimi də, dövlətimi də sevirəm. Məni efirə dəvət etmirlər. Bunu necə dana bilirlər ki? Bu da efirin qeyri-peşəkar şəkildə fəaliyyətinin göstəricisidir. Bircə ANS kanalı mənə qadağa qoymayıb. Ancaq ora dəvət alıram.

- Amma sizə tamaşaçının ehtiyacı var. Mətbuat konfransında pərəstişkarlarınız yetərincə bunu dilə gətirdilər.

- Mən özümü xoşbəxt sənətçi hesab edirəm. Çünki məni sevən xalq var. Bəziləri hər gün efirə çıxsalar da, onların ifası, siması sevilmir. Mənə qadağa qoyulsa da, xalq sevgisini hiss edirəm. Məni güclü edən də, məni ruhlandıran da bu amildi. Bir də hərdən baxıram, bəzi verilişlərdə baş verənləri, özlərinə müğənni deyənləri görürəm, deyirəm yaxşı ki, belələrinin arasında yoxam.

- Səhnədən uzaq qalmaq yəqin ki, çətindi?

- Təbii ki, çətindi. Amma mən səbrliyəm. Bilirəm ki, bu anlaşılmazlıq müvəqqətidi. Çünki mən sənətçi kimi, bir vətəndaş kimi millətimə qarşı səhv etməmişəm. Bəzən zamanla hər bir problem həllini tapır. Mənim üçün də bir sınaq sayıram yaşananları. Allah məni sınağına çəkir. Mən bu sınaqdan da üzüağ çıxacağıma əminəm. Haqlı olduğumu bilirəm. Vay ikiüzlü insanların halına. Mən əyilmədim, yıxılmadım. Şəxsiyyətimi də kimsənin qabağında alçaltmadım. Gərək kiminsə əlindən öpəydim, o zaman işlərim qaydasına düşərdi. Amma mən kimsənin əlindən öpüb şəxsiyyətimi satan qadın deyiləm.

- Açıqlamanızda onu da qeyd etmisiniz ki, Azərbaycandan getməyi düşünürsüz?

- Bəli, demişəm. Bu həqiqətdi. Mən hələ də səbrlə gözləyirəm. İnanıram ki, haqq yerini tapacaq. Əgər mənə efir qadağaları davam etsə, mənim yaradıcılığımı boğmağa çalışsalar, məcbur olub Azərbaycandan gedəcəm. Mənə xaricdən iş təklifi, orada yaşamaq və sənətimi davam etdirmək təklifi çox olub. Amma mən sevənlərimi, mənim pərəstişkarlarımı atıb gedə bilmirəm. Onlar mənə ruh verirlər, məni dəstəkləyirlər. Mənim üçün klip çəkdilər. Bilirsiz, kimlərinsə hərəkətinə, sözünə görə mən vətənimi atıb getmək istəmirəm. Təbii ki, çətindi. Bir sənətçi ki, illərini bu sənətə verib, səhnədən, tamaşıçılardan uzaq qalmağı ağırdı. Mən səhnə ilə yaşayıram. Sənətimə dəyər verirəm. Mən xalqımın sevgisindən güc alıram. Amma məcbur qalsam, vətənimi tərk edəcəm. Başqa bir ölkədə fəaliyyətimi, sənətimi davam etdirəcəm. Çünki mən səhnəsiz yaşaya bilmərəm. Yenə deyirəm, hələ də səbr edirəm, ümid edirəm ki, bu problemlər, anlaşılmazlıqlar aradan qalxacaq. Amma məcbur qalsam, Azərbaycanı tərk edəcəm. Amma inanın ki, bunu istəmirəm.

- Nazpəri xanım həyatınızdan necə, bu çətinliklərə baxmayaraq razısız?

- Mən həyatımdan çox razıyam. Hər günümə də şükür edirəm. Şükür ki, heç kimin qarşısında gözüm kölgəli deyiləm, ağıllı övladlarım var, mənə dəyər verən ailəm var. Bir qadına nə lazımdır? Övladları xoşbəxt olsun. Mən Allahıma şükür edən insanam. Görünüşümə, üzdə olduğum tanınmış sima olmağıma görə sox insan məni əldə etməyə çalışsa da, buna gücləri çatmayıb. Mən güclü qadınam. Əsas odur ki, oğlanlarım mənə görə heç vaxt utanmayıblar. Qaldı çətinliklərə, hər insanın həyatında çətin günləri olur. Mən sənətimdən böyük mənada uzaq qalmamışam. Amma səhnədən, efirdən uzaq qalmağım təbii ki, məni ağrıdır. Yalandan deyim ki, təsir etmir? Yalan olar. Amma yəqin ki, zamanla bu problem də həllini tapacaq. Mən sənətimə bağlı insanam. Oxumasam, səhnədə olmasam, özümü yaşamış hiss etmirəm. Efirdə olmasam da, yaradıcılığımla məşğul oluram. Yeni mahnılarım var, lentə aldırmışam. İnşallah, onları da sevənlərimə təqdim edəcəm.

- Efirə çıxa bilməsəniz də, konsert verib tamaşaçılarınızla görüşmək niyyətiniz necə, yoxdu ki?

- Konsert proqramı ilə çıxış etməyi planlaşdırmışam. Bir az buna hazırlaşmaq lazımdır. İnşallah, konsert üçün hazır olduğum zaman pərəstişkarlarımla görüşəcəm. Hər halda buna onların da, mənim də ehtiyacım var. Məni sənətdən uzaq salmağa isə onların gücü çatmaz. Mənim düşmənim yoxdu. Sadəcə, məni gözü götürməyən paxıllara isə yazığım gəlir. Məni sevən xalq var deyə, bu məni güclü edir.

Tahirə