Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.
Artıq dəyərli ənənəyə çevrilən bu addım ölkəmizdə çap mətbuatının inkişafına təkan verir, qəzetlərin mövcudluğunu təmin edir.
Ancaq "Media Klub” adlı qurumun təmsilçiləri dövlətin çap mediasına bu qayğısına başqa don geyindirməyə çalışır, yazılı mətbuatın yardıma ehtiyacı olmadığını deyirlər, bir az da irəli gedərək hətta qəzetlərin bağlanması iddiası ilə çıxış edirlər.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli qəzet dövrünün heç zaman bitməyəcəyini deyib. Çünki qəzet, qəzetçilik, qəzet oxumaq bir mədəniyyətdir. Elə insanlar var ki, onlar üçün qəzet qoxusu, qəzeti vərəqləyib oxumaq vazkeçilməzdir. Bu insanlar həmişə də olacaq. Dünyanın ən inkişaf etmiş ölkələrində belə qəzet bir oxu vasitəsi kimi qalmaqda davam edəcək. Bəlkə, hansısa zamanda hansısa qəzetlər, say etibarı ilə çap mediası azalacaq. Amma qəzet ciddi bir arxivdir. Çünki bu, bir tarixdir və gələcəkdə siyasi araşdırmaçılar, sosioloqlar, cəmiyyətşünaslar, tarixçilər araşadırmalarında bundan istifadə etməlidirlər.
E. Məmmədlinin sözlərinə görə, yazılı mətbuatın onlayn mediadan bir üstünlüyü də odur ki, qəzetdə yazdığını daha poza bilmirsən, yaxud poza bilmirlər, o cür də tarix olaraq qalır:
"Tutaq ki, bir şəxsin fəaliyyəti haqqında onun müsbət və ya mənfilərindən yazmısan. Artıq bu məqalə çap olunubsa, tarix oldu. Saytda isə həmin məqaləni hakerlər dağıda, yaxud hansısa bir vaxtda saytın arxivi məhv ola bilər, amma qəzet arxivləşir, qalır. Qəzetçilik daha çox məsuliyyət tələb edir”.
Araşdırmaçı jurnalist Dilqəm Əhməd də çap mediasının fəaliyyətinin dayandırılması ilə bağlı səslənən fikirləri absurd hesab edir. "Təsəvvür edin ki, 100 il sonra bir tədqiqatçı indiki dönəmi araşdıracaq. Bizdə heç bir portalın yarandığı gündən bu yana arxivi qalmayıb. Saytlar yeniləndikcə arxivlər itib. Minlərlə yazı məhv olub. Üstəlik çap mediası daha ciddidir. Bir qəzet və jurnalda gedən yazıyla sayt yazısı eyni deyil. Qəzetlər təbii ki artıq gündəlik informasiyaya yaramır. Amma qəzetlər özəl materiallar, araşdırmalar verməklə, Türkiyədəki kimi yüksək keyfiyyətlə çap olunmalıdır. Ciddi köşə yazıları olmalıdır".
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da deyib ki, qəzet dövrünün bitdiyini iddia etmək doğru deyil. Eyni sözlər bütün digər çap məhsulları, kitablar haqqında da deyilir. Kitabın içində olanları da əvəz edən alternativ elektron versiyalar var. Amma hər birinin öz yeri var. Eynilə də, elektron medianın getdikcə yayğınlaşmasına baxmayaraq çap mediasının öz yeri var. Bunlardan biri, çap mediasının qalıcı olmasıdır: "Məsələn, bizim daimi müəlliflər var ki, tarixi, publisistik məqalələrlə çıxış edirlər. Onlar yazdıqlarının çap formasında qalmasına çalışırlar. Çünki, elektron variantda belə deyək ki, "etibar" yoxdur. Amma çap versiyası arxivlənir, kitabxanalarda qorunub saxlanır. Bizim "Türküstan" qəzeti Milli kitabxanada 2 nüsxədə toplanır”.
Verilən təklifə gəlincə, A.Camal düşünür ki, burada rəqabət mühitinə şərait olmalıdır. İndiki şəraitdə yaşamalı və ləğv olunmalı qəzetlərin siyahısını müəyyən etmək çətindir:
"Bütün hallarda hesab edirəm ki, bu sahədə bir aydınlığa ehtiyac var. Yoxsa ki, heç bir real oxucu bazası, ictimai nüfuzu olomadan illərlə dövlətin maliyyə dəstəyi ilə qəzet çıxarmaq doğru deyil”.
Şəymən