Əziz Rzazadə: “Təsəvvür edin ki, Azərbaycan dilində bugünədək maşın hissələrinin adı yoxdur”
Media nümayəndələri ehtiyatlı olmalıdır
Azərbaycan dilinin normaları daha çox televiziya və radiolarda pozulur
Əziz Rzazadə: “Təsəvvür edin ki, Azərbaycan dilində bugünədək maşın hissələrinin adı yoxdur”
Əziz Rzazadə: “Təsəvvür edin ki, Azərbaycan dilində bugünədək maşın hissələrinin adı yoxdur”
Nizami Cəfərov: "Təklif irəli sürmüşük ki, TV-lər müasirlik və yüksək keyfiyyət istəyirsə, öz nəzdində nitq mədəniyyəti və ya başqa adla şöbə yaratmalıdır”
Nəsir Əhmədli: "Elə əcnəbi sözlər var ki, onun ana dilimizdə qarşılığı olmadığı üçün ehtiyac üçün üzdən işlədirik”
"Mətbuat cəmiyyətin aynasıdır” ifadəsi nahaq yerə meydana gəlməyib. Belə ki, ictimaiyyətdə baş verən ən mühüm dəyişikliklər, o cümlədən yeni ifadələr, anlayışlar ən operativ və əyani şəkildə mətbuat səhifələrində əks olunur. Odur ki, mətbuat dili Azərbaycan ədəbi dilinin qanunauyğunluqlarına əsaslanan və daim müsbət dəyişikliklərə meyl edən bir dildir. Ümumiyyətlə, hər bir jurnalist və qələm sahibi mətbuata gətirdiyi yeni ifadə və yaradıcılıq tapıntısı ilə onu zənginləşdirməlidir. Çünki yazıdakı səlislik, lakoniklik, aydınlıq və dəqiqlik mətbuat dilinin daha da inkişafına gətirib çıxarır.
O yazar, o qələm sahibi xoşbəxtdir ki, oxucusu onun nə demək istədiyini, elə ilk cümlədən, abzasdan anlayır. Yazıdakı ifadələri oxucu üçün doğma olur və fikirlərinin anlaşılmasında heç bir çətinliyə rast gəlinmir. Cümlələri axıcı, cümlələri arasında isə rabitə, rəvanlıq və dolğunluq qorunur. Bütün bunlar özlüyündə jurnalistin yazı peşəkarlığının və mətbuat dilinin inkişafının göstəricisidir. Lakin Azərbaycan KİV-ində, bəzən sözügedən halların pozulduğunu müşahidə edirik. Xüsusən televiziya və radiolarda Azərbaycan dil normalarının kobudcasına pozulması hallarından dəfələrlə danışılıb və buna dair müzakirələr hazırda da davam edir. Jurnalistlərin dil problemi və ondan çıxış yolu barədə danışan yazar, tərcüməçi Əziz Rzazadə "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, KİV-i ən az maraqlandıran bir məsələdir. Əslində isə dünyanın hər yerində media dilin əsas korlayıcısıdır: "Çünki bu sahədə çeviklik daha çox gərək olur. Azərbaycan dilinin müəyyən qaydaları da buna imkan vermir. Amma bundan faciə düzəltməyə də dəyməz. Hər dilin öz ifadə formaları mövcuddur. Təəssüf ki, dilin müasir şəraitə uyğunlaşması hələ də getmir. Sözyaratma vəzifəsini icra etməli olan dilçilər əllərini yana salıb,
ədəbiyyat - dili zənginləşdirməli sahələrdən biri - də gücsüz durumdadırlar. Nəzarətçiliyin həmişə əleyhdarı olmuşam, lakin bu qədər də olmaz!”.
Yazarın qənaətincə, dil xətaları olmayan KİV yoxdur. Hamı səhvlər edir, hamı da "cəzasızdır”: "Fikir verin, son 20 ildə nə qədər "yeni” söz və ifadədən istifadə edirik: "Kozır”, "ayı xidməti”... Düşünən yoxdur bunun haqında. "Ayı xidməti” deyilən ifadə rus atalar sözüdür. Bu bizim düşüncənin məhsulu deyil ki, onu eşidən dərhal mənasını qavrasın. Rus dilində o atalar sözünün tərcüməsi var: "qaş düzəldən yerdə gözü vurub çıxarmaq”. Ümumiyyətlə, əcnəbi sözlərdən məhdud istifadə tərəfdarıyam. Bununla belə bəzən çarəsizlik bu "qadağanı” silib-süpürür.
İş elə gətirib ki, "Mersedes” və "Folksvagen” şirkətlərinin saytları üçün materialları mən tərcümə etmişəm. Təsəvvür edin ki, Azərbaycan dilində bugünədək maşın hissələrinin adı yoxdur. Onların çoxunu bir həmkarımla birgə yaratmışam. İndi TV-də "yolsuzluq avtomobili” sözünü eşidəndə ixtiyarsız dodağım qaçır. Çünki bu ifadəni mən yaratmışam”.
Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycanda nə qədər zəif qələmi və savadı olan varsa, teleməkanda ulduz, tamaşaçılar arasında şöhrət sahibidir: "Dilin ən pis korlanması halları da elə telekanallarda baş verir. Bu səbəbdən yazılı media ilə müqayisə etdikdə, telejuranlistləri "əzizləməli” olursan və günahlarından keçirsən”.
Filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərov qeyd edib ki, mövzuya dair çox fikirlər səslənib: "Hətta Milli Televiziya və Radio Şirkəti (MTRŞ) ilə birgə məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Xalq dilindən və dünyanın müxtəlif dillərindən yeni sözlər gəlir. Bu, canlı prosesdir. Bu məsələdə də peşəkarlığın üstünə qayıdıram. Dil peşəkarlığı və normalarına əməl olunmur. Ən ciddi bəla məişət dilinin efirlərə gəlməsidir. Bu çox arzuolunmaz haldı. Çoxlu söz danışılır, amma içində heç bir məntiq olmur. Baxırsan ki, dil boşuna işləyir. Dil enerjisi yoxdu. Yaddaqalan fikir söylənilmir. Dedi-qodu təfəkkür məhsulu sayılmır. Belə olan halda dil inkişaf edə bilməz. Problemin həlli məqsədilə belə bir təklif irəli sürmüşük ki, TV-lər müasirlik və yüksək keyfiyyət istəyirsə, öz nəzdində nitq mədəniyyəti və ya başqa adla şöbə yaratmalıdır. Bu sahə daha ciddi nəzarətə götürülməlidir. Belə olan halda nəsə əldə etmək mümkündür. Mövcud fəsadların qarşısını administrativ səviyyədə almaq olmaz”.
MTRŞ-nin səlahiyyətlərinin genişləndirilməsindən söz açan professor söyləyib ki, bu addımın nəzəri əhəmiyyəti böyükdür: "Adıçəkilən qurum xeyli böyük təcrübə qazanıb. Bu təcrübədən istifadə edib, ölkədə teleradio yayımı işlərinin keyfiyyətini yüksəldə bilər. Təcrübəsi nəzərə alınaraq, qanunvericilikdə şuranın imkanları artırıldı. Çünki müasir dövr televiziya və radiomuzdan müəyyən mühüm məsələləri tələb edir. Efirlərdə ölkənin təhlükəsizliyindən tutmuş, mədəni səviyyəyə qədər heç nəyə əməl olunmur. Bu səbəbdən hazırkı tələblər səviyyəsində Teleradio Şurası öz işini daha da gücləndirəcək”.
Akademik düşünür ki, telekanallar və radiolar işlərinə ciddi yanaşmalıdırlar: "Proseslərə günün tələbləri səviyyəsində yanaşmalıdırlar”.
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli isə bildirib ki, Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə "Dil polisi”nin yaradılmasına ehtiyac var: "Dövlət dilinin qorunması haqda çoxsaylı dövlət proqramları, qanunlar var. Amma çox təəssüflər olsun ki, heç birinə əməl edən yoxdur. Onun özünü necə doğruldacağı təbii ki, onun quruluşundan və qarşısına qoyduğu məqsədlərdən asılı olan bir
şeydir. Yəni əsas yaradılmasıdır. Qalan şeylər sonranın işidir. Hər şey qurumun təşkilatlanmasından, orada təmsil olunacaq insanlardan asılıdır. Əgər adına uyğun şəkildə öz funksiyasını tam məsuliyyətlə yerinə yetirəcəksə. Yaradılacağı təqdirdə "dil polisi” dilimizin qorunması və təbliği istiqamətində müsbət nəticələr əldə edəcək”.
Onun sözlərinə görə, dilimizdə işlənən əcnəbi sözlərə birmənalı yanaşmaq doğru deyil: "Burada müxtəlif kateqoriyalar var. Elə sözlər var ki, dilimizdə qarşılığı olmasına rəğmən biz öz sözlərimizdən deyil, onun rus, yaxud da ingilis variantından istifadə edirik. Elə əcnəbi sözlər də var ki, onun ana dilimizdə qarşılığı olmadığı üçün ehtiyac üçün üzdən işlədirik. Bu da təbii prosesdir. Fikrimizi ifadə etmək üçün əcnəbi də olsa, həmin sözlərdən istifadə etməliyik. Yəni əcnəbi sözlər iki kateqoriyaya ayrılır: ehtiyac olan və ehtiyac olmayan əcnəbi sözlər. Əcnəbi sözlərdən istifadə zamanı jurnalistlər çox diqqətli olmalıdır. Sözün quruluşuna, mahiyyətinə çox ciddi yanaşmalıdır. Bəzən jurnalistlər dilimizin qayda-qanunlarını bilmədiyi üçün yanlış sözlərdən istifadə edirlər. Bu o qədər də qorxulu deyil. Çünki hər bir redaksiyanın tərkibində korrektor ştatı var və həmin səhvi o aradan qaldıra bilər. Bir də var ki, bəzi yanlış sözlər artıq dilimizdə "qanuniləşib”. Doğru mahiyyət ifadə etməməsinə rəğmən birmənalı şəkildə hər kəs tərəfindən işlənir. Təhlükə burdadır və bunun qarşısını almaq lazımdır”.
N.Əhmədli hesab edir ki, reklam, idarə, müəssisə adları olan lövhələrdə bir çox hallarda əcnəbi adlara üstünlük verirlər: "Bunun bir səbəbi var, o da nəzarətsizlikdir. Hesab edirəm ki, "dil polisi” yaradılsa, məhz bu sahəyə də ciddi nəzarət etməlidir. Hətta üst yazıları ilə məşğul olacaq ayrıca bir şöbə də yaradılsa, daha yaxşı olar. Bu sahə kifayət qədər nəzarətsizdir. Hər nə qədər qanunda reklam lövhələrinə, obyektlərə əcnəbi adların verilməsi qadağan olsa da, bizdə buna əməl edən yoxdur. Bütün sahələrdə dilimizin saflığı və təmizliyi eyni səviyyədə qorunmalıdır. Amma razıyam ki, mətbuat, radio və televiziya nümayəndələri bu məsələyə ciddi fikir verməlidir. KİV birbaşa kütləyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Mətbuatda gedən bir söz artıq cəmiyyət tərəfindən sorğu-sualsız düzgün variant kimi qəbul olunur. Bu mənada, media nümayəndələri daha ehtiyatlı olmalıdır. Sadəcə, dilimizin qayda-qanunlarına dərindən bələd olmaq, orfoepiya və orfoqrafiya qaydalarına əməl etmək lazımdır. Bir qədər də yaradıcı olmaq lazımdır”.
(davamı var...)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb