Media obyektiv, qərəzsiz və tərəfsiz olmalıdır
“Bir çox hallarda bizim jurnalistlər peşə etikasını tamamilə pozaraq, yazını öz maraqlarına uyğun yazırlar”
Jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Çünki jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir.
Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq.
Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Mətbuatı, jurnalistika elmini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev həmişə KİV-ləri müdafiə edib, mətbuatın inkişafına hər şəraiti yaradıb, onları məhkəmə çəkişmələrindən, böyük borclardan qurtarıb. Və bu gün 600-dən çox qəzet, jurnal, agentlik, teleradio məhz dövlət başçısının böyük qayğısı nəticəsində sərbəst fəaliyyət göstərə bilir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Bu tələb "Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə öz əksini tapıb. Sözügedən qanun layihəsi etik davranış qaydaları və prinsiplərini, onların yerinə yetirilməsilə bağlı hüquqi mexanizmləri müəyyən etməklə yanaşı, jurnalistlər qarşısında həm də siyasi neytrallığı gözləmək tələbi qoyur. Bütün sivil və demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da medianın fəaliyyətinin təkcə hüquqi deyil, həm də etik çərçivəsini müəyyənləşdirən qanunlar mövcuddur. Bu qanunlar zamanın tələbinə, cəmiyyətin və medianın özünün inkişafına uyğun olaraq daim yenilənir və təkmilləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı hər kəsin istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, "istədiyi məlumatı qanuni yollarla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ” öz əksini tapıb. Azərbaycan qanunvericiliyində media qurumlarının fəaliyyətinin hüquqi, sosial-siyasi, maddi-texniki cəhətləri ilə yanaşı, etik-əxlaqi aspektlərinə, mənəvi prinsiplərinə də önəmli yer ayrılıb. Burada söz azadlığı ilə şəxsiyyətin qorunması amili arasında hüdudların və dəqiq nisbətin gözlənilməsi əsas məsələ kimi ön plana çəkilib.
Beləliklə, ölkə qanunvericiliyi media etikasının hüquqi çərçivəsini müəyyənləşdirən kifayət qədər dəqiq müddəalarla zəngindir. Onu da xüsusi vurğulamalıyıq ki, dövlət və cəmiyyət bu müddəalara ehkam kimi yanaşmır. Azərbaycanda sivil toplum oturuşduqca, onlara yenidən qayıdılır, qanunvericiliyin milli mənafelər naminə medianın daha da inkişafına şərait yaratması üçün addımlar atılır. Maraq doğuran məsələlərdən biri də ölkədə fəaliyyət göstərən mətbu orqanlar tərkibində "jurnalistlərin davranış kodeksləri” və "peşə etikası” haqqında qaydalara riayət olunmasıdır. Maraqlıdır, indiki halda jurnalistlər davranış kodeksinə və peşə etikasına əməl edirlərmi? Bunun üçün redaksiyalar tərkibində xüsusi mexanizmlər varmı?
Qeyd edək ki, bir qrup "media öncülü” qeyri-peşəkarcasına bazara "isti” xəbər çıxartmaq adı ilə jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər. Halbuki hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanununun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur.
Media ekspertlərinin fikrincə, jurnalistikada əxlaq kodeksi məsələsi nəzəri cəhətdən xeyli işlənsə də, praktik cəhətdən xeyli problemlər mövcuddur.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, rəhbərlik etdiyi qurumun hazırladığı "Jurnalistlərin peşə əxlaqı kodeksi”dən əlavə, qurum ATƏT-lə birgə layihəsi əsasında həmin kodeksi daha da təkmilləşdirib: "Kodeksə əməl olunması kütləvi informasiya vasitəsinin nə dərəcədə müstəqil olmasından ciddi surətdə asılıdır. Əsasən kodeksə əməl olunur. Kodeksə əməl olunmasa, həmin yazılarla bağlı ayrı-ayrı vətəndaşlar, vəzifəli şəxslər Mətbuat Şurasına müraciət edərlər. Qurum öz iş prinsipini həmin kodekslər əsasında qurub. Ancaq bizə daxil olan şikayətləri araşdıranda öndə daha çox şərəf və ləyaqət məsələsi gəlir. Belə ki, jurnalistlər insanların şərəf və ləyaqət məsələsində müəyyən tələskənlik edir, faktları düzgün yoxlamırlar”.
MŞ sədrinin sözlərinə görə, balans məsələsinin pozulması da ciddi narahatlıq doğurur. Belə ki, qarşı tərəfin fikri öyrənilmir. O cümlədən, ilkin mənbəyə əsaslanmada problemlər də az deyil: "Jurnalistlər bəzi məqamlarda hansısa mənbənin adından mövcud olmayan hadisələrlə bağlı ölkə ictimaiyyətinə yanlış informasiya verirlər”. Ə.Amaşovun fikrincə, əvvəllər jurnalistikada etik normaların pozulması hallarına daha çox rast gəlinirdi: "Bu da mətbuatın daha çox siyasi qütblərdə dayanması ilə bağlıdır. İstənilən müxalifət mətbuatını götürsək, onun ölkədə gedən ictimai-siyasi məsələlər, quruculuq işləri ilə bağlı yazılarına fikir versək, müsbət fikirlərə kifayət qədər az rast gələrik, bəzən də gəlmərik. Çünki həmin KİV özlərinə yaxın olan siyasi partiyaların mövqelərində dayanırlar. Mətbuat müstəqilləşdikcə, etik normalara əməl etmə faizi o qədər yüksək olur”. MŞ sədri həmçinin əvvəlki illərə nisbətən jurnalistlərlə bağlı məhkəmələrə az, rəhbərlik etdiyi quruma isə daha çox şikayətlərin daxil olduğunu da qeyd edib.
Media eksperti Ələsgər Məmmədlinin fikrincə, mətbuat özünün peşə, əxlaq kodeksini müəyyən edəndə ilk növbədə peşəkar medianın prinsiplərini əsas götürür. Belə ki, dünya praktikasında olduğu kimi, media obyektiv, qərəzsiz, tərəfsiz, başqalarının hüquqlarına hörmət edən şəkildə fəaliyyət göstərməlidir: "Əks halda, KİV öz nüfuzunu itirir, mediaya olan güvəni sarsıdır: Nəticədə cəmiyyət mediaya etibar etməməyə başlayır. Media gözdən düşür və özünün ictimai nəzarət funksiyasını normal həyata keçirə bilmir”.
Ekspertin fikrincə, bəzən jurnalistlər birinci mənbədən informasiya ala bilmirlər. Buna görə də onlar qeyri-rəsmi mənbələrə istinad edirlər. Əgər qeyri-rəsmi məlumatları vicdanlı şəkildə əldə edib yayırlarsa və onda heç bir qərəz yoxdursa, o zaman onların da ictimai missiyasını həyata keçirmək üçün diffamasiya təhlükəsindən qorunması lazımdır”.
"Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları adlanan sənəd var. Bu sənəd Mətbuat Şurasında qəbul olunub, hətta ATƏT-in Bakı ofisinin nümayəndələri ilə bu məsələ yenidən MŞ-də müzakirə edilib. Və bu zaman Azərbaycan jurnalistlərinin peşə qaydaları müasir baxışlar zəminində yenidən təhlil edilib: "Və sənədə müəyyən dəyişikliklər olunub. Ancaq Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının bir sıra təməl prinsipləri var ki, onlar dəyişməzdir. Bu prinsiplərə əməl olunan zaman həm yazılar obyektiv, qərəzsiz olur, həm də oxucu ilə jurnalist, qəzet arasında heç bir anlaşılmazlıq baş vermir. Bütövlükdə bu prinsiplərə əməl etmək məhkəmə çəkişmələrinə və narazılıqlara son qoyur. Amma çox təəssüf ki, Azərbaycan mətbuatında müzakirə olunan ən böyük problemlərdən biri məhz jurnalistlərin peşə davranış qaydalarını pozmasıdır. Bir çox hallarda bizim jurnalistlər peşə etikasını tamamilə pozaraq, yazını öz maraqlarına uyğun yazırlar. Jurnalistlərin əsas prinsiplərindən biri odur ki, jurnalist obyektiv, qərəzsiz, vicdanlı materiallar hazırlamalıdır. Yəni bu prinsiplərin hər birinin özünə xas tələbləri var. Obyektiv jurnalist rast gəldiyi faktı, hadisəni qələmə alarkən düzgün və dəqiq araşdırma aparmalıdır. Tərəfsizlik prinsipi üçün vacib şərt odur ki, jurnalist öz yazısında heç bir təşkilatın, partiyanın, şəxsin maraqlarını müdafiə etməməli, tərəf tutmamalıdır. Hər iki tərəfi tərəzinin eyni gözünə qoymalı və faktı kənardan obyektiv şəkildə şərh etməyi bacarmalıdır. Qərəzsizlik prinsipi də odur ki, jurnalist öz yazılarında qərəz tutmamalıdır”.
B.Sadıqovun sözlərinə görə, "reket” qəzet adı altında fəaliyyət göstərən bir çox jurnalistlər bilərəkdən bu prinsiplərin heç birinə əməl etmir. Və onlar faktiki olaraq, jurnalistlərin peşə kodeksini pozmuş olurlar. Hansı ki, Mətbuat Şurası həmin "reket” qəzetlərə qarşı mübarizə aparır və onların adını "qara siyahı”ya salır. Peşə etikasını pozan jurnalistlərin əksəriyyəti jurnalistikadan anlayışı olmayan insanlardır. Əlində bir az maddi imkanı olan "demaqoq” insanların hərəsi bir qəzet açır və şəxsi maraqlarını, şəxsi tələbatlarını təmin eləmək üçün qərəzli yazılar yazırlar. Müəyyən insanlara şər-böhtan atıb, yazılarında faktları təhrif edərək, insanların şərəf və ləyaqətini alçaldırlar. Bu cür yazılar da sonda məhkəmə çəkişmələrinə, oxucuların qəzetə olan inamının azalmasına gətirib çıxarır. Jurnalistikanın "qızıl qaydaları”na əməl edən müəlliflər özlərinə rəva bilmədiyini başqasına da etməməlidir. Yəni öz şəxsiyyətinə və ləyaqətinə hörmət edən jurnalist yazılarında başqasının da şərəf və ləyaqətini aşağılayıb, təhqir etməməlidir. Jurnalistlər Azərbaycan mətbuatının peşə etikasına əməl etsələr, həm qəzetlərin nüfuzu artar, həm də Azərbaycanda plüralizm inkişaf etmiş olar. Beləcə, insanların qəzetə, mətbuata olan inamı artar, jurnalistlərin də peşəkarlığı yüksələr.
Şəymən
(Davamı olacaq)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb