“Mediada gender bərabərliyi”

Mətbuat qadın və uşaq problemlərini işıqlandırır, hüquqları geniş təbliğ edirJurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər
Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlim keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes, AŞ-nın ekspertləri - Bissera Zankova və Gülbin Ayşə, "Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli və başqa media nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədini diqqətə çatdırıb. Komitə sədrinin müavini ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə medianın hüquqi bazası möhkəmlənib: "Ulu Öndər KİV-lərin inkişafına böyük diqqət və qayğı göstərirdi. 
Onun bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu seminarların keçirilməsində məqsəd gənc jurnalistlərə və jurnalistika fakültəsi tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır”. 
Sədr Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb. Xüsusən də media nümayəndələrinin və bu istiqamətdə fəaliyyətə başlamaq arzusunda olan gənc jurnalist tələbələrin bu mövzuya diqqətlə yanaşmasının əhəmiyyətini qeyd edib: 
"Bu gün ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işıqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”. Sədr müavininin sözlərinə görə, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar: 
"Eyni zamanda jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da təlimlərin əhəmiyyətindən danışıb. Deputat deyib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur: "Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyamızda qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz əksini tapıb”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir dövlət qurumlarının məsələyə xüsusi diqqətlə yanaşdığını göstərir:
 "Bu və bundan əvvəlki layihələr gender bərabərliyi və media azadlığı sahəsində beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri arasında təbliğ olunması, onların öz fəaliyyətlərində bu dəyərləri, beynəlxalq standartları tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür layihələrin həyata keçirilməsi yalnız jurnalist peşəkarlığının artırılması və bu dəyərlərin tətbiqi ilə məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət daşıyır.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes isə deyib ki, 2018-ci il mayın 1-dən icrasına başlanılmış gender bərabərliyi və media azadlığı layihəsi təşkilata üzv dövlətdə ilk dəfə həyata keçirilən layihədir: "Biz bunu nümunə ola biləcək pilot layihə adlandırsaq, yanılmarıq. Əgər layihə uğurlu olsa, Avropa Şurasının digər üzv dövlətləri üçün də model kimi istifadə oluna bilər. Söz azadlığı və gender bərabərliyi qırılmaz tellərlə bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi ayrıca məqsəd kimi qeyd edilib”. Media eksperti Ələsgər Məmmədli Azərbaycan Konstitusiyası ilə qadınların kişilərlə bərabərliyinin qorunduğuna diqqət çəkib: "Konstitusiyanın 25, 34-cü maddələrindən sitat gətirən ekspert bildirib ki, hüquq bərabərliyi həm də cinslərarası bərabərlik deməkdir.
Məlumat üçün deyək ki, üçgünlük təlimlər media nümayəndələri və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün təşkil olunan təlim beynəlxalq və yerli ekspertlər tərəfindən aparılıb.
Təlimlərlə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli araşdırmalara əsasən deyib ki, ölkə mediasında gender mövzusu üzrə problemlər iki istiqamətdə mövcuddur: 
"Birincisi, media sahibkarlığı, media idarəçiliyi və media çalışanları sırasında gender balans problemidir. Müşahidələr göstərir ki, Azərbaycan jurnalistikasında qadın jurnalistlərin sayı kişi jurnalistlərin sayından az deyil. Ayrıca, əsasən iş yükünün çoxu qadınların üzərindədir və reportyorların çoxu qadınlardan ibarətdir. Buna rəğmən, KİV və jurnalist təşkilatlarında təsisçilər sırasında, rəhbər orqanlarında, birliklərdə, assosiasiyalarda idarəetmə vəzifələrində qadınların sayı azdır. İkincisi, medianın funksional fəaliyyəti ilə bağlı problemlər, yəni KİV-lərdə hadisələrin, xəbərin təqdimatı zamanı gender məsələsinə yanaşma məsələsidir. Müşahidələrə əsasən, ölkənin hətta professional KİV-lərində də xəbər təqdimatı zamanı birbaşa əlaqə olmadan cinsi ayrıseçkiliyə yol verilir. Hadisələrin və xəbərin mahiyyətinə aidiyyəti olmadan subyektin cinsi önə çəkilir, fərqləndirilir, cinsi kimlik başlıqlara, manşetlərə çıxarılır”.
M.Ələsgərlinin sözlərinə görə, Jurnalistlərin Həmkarlar İttifaqı Beynəlxalq Jurnalistlər Federasiyasının yardımı ilə 2010-2011-ci illərdə Azərbaycan jurnalistlərinin iş şəraitinin araşdırılması üzrə geniş sorğu keçirib:
 "JuHİ fəalları Azərbaycanda sistemli fəaliyyət göstərən, yaydığı materiallarla ictimai rəyə təsir edə bilən, etik standartlara əməl edən KİV redaksiyalarının siyahısını hazırlayıb. Jurnalistlərin iş şəraitinin araşdırılması üzrə sorğunu məhz bu redaksiyalarda çalışan jurnalistlər arasında keçiriblər. Sorğu 17 televiziya kanalı redaksiyası, 4 ümumrespublika yayımlı TV-nin yerli bürosu, 1 radio, 5 informasiya agentliyi, 6 xəbər portalı, 20 gündəlik qəzet, 22 həftəlik qəzet, 15 regional qəzet olmaqla, 90 KİV redaksiyasının əməkdaşları arasında keçirilib. 
Ümumilikdə, sorğu 194 nəfər jurnalist, həmçinin, 6 nəfər yeni media təmsilçisi olmaqla 200 nəfər media təmsilçisini əhatə edib. Sorğu Azərbaycan jurnalistlərinin iş mühitini, əmək münasibətlərini, gəlirlərini, intensiv rastlaşdıqları problemləri öyrənməklə maraqlı informasiyaları ortaya çıxarıb. Eyni zamanda, sorğunun hədəflərindən biri də Azərbaycan mediasında gender bərabərliyi ilə bağlı mövcud durumun araşdırılması olub. Müəyyən edilib ki, Azərbaycan mediasında qadın jurnalistlərin sayı ürəkaçan rəqəmlərlə ifadə olunur. Sorğunun nəticələrinə görə, ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizini, regional telekanalların əməkdaşlarının 25-30 faizini, qəzetlərin əməkdaşlarının 30-35 faizini, regional qəzetlərin əməkdaşlarının 20-25 faizini qadınlar təşkil edirlər. Bu, dünyanın inkişaf etmiş qabaqcıl ölkələri ilə müqayisə ediləcək göstəricilərdir”.
MŞ sədr müavini bəyan edib ki, Azərbaycanda qadınların siyasi, iqtisadi, sosial-mədəni sferada ayrı-seçkiliyə yol verilmədən fəaliyyətinə imkan verən qanunvericilik bazası mövcuddur:
 "Azərbaycan mediasında qadınlara qarşı sərgilənən münasibət də bu qanunlara tam uyğundur. Bununla yanaşı, Azərbaycan mediası da gender bərabərliyi baxımından digər inkişaf etmiş ölkələrdə yaşanan problemlərdən yan keçə bilməyib. Mediamızda çalışan qadın jurnalistlərin də əsas obyekti "incə mövzulardır”. Həmçinin, media quruluşlarında yüksək kəmiyyətlə təmsil olunan qadınlar bu qurumların qərarverici orqanlarında, təsisçiliyində, jurnalist ittifaqlarında kifayət qədər aşağı rəqəmlərlə təmsil olunurlar. Məsələn, 90 KİV redaksiyasından yalnız 10-nun rəhbəri qadındır. Yaxud Azərbaycanın populyar 15 jurnalist təşkilatından yalnız birinin rəhbəri qadındır”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə də "Şərq”ə deyib ki, cəmiyyətdə gender bərabərliyi pozulsa da, bunu mətbuata şamil etmək mümkün deyil:
 "Zərif cinsin nümayəndələri həm yazılı, həm də elektron KİV-lərdə mütəmadi fəaliyyət göstərir, öz kişi həmkarları ilə birlikdə dövrümüzün salnaməsini yazırlar. Qadın olduğuna görə hansısa jurnalistin diskriminasiyaya məruz qaldığının şahidi olmamışam. Qadın jurnalistlər KİV-lərdə məsul vəzifə tutur, redaktor korpusunda təmsil olunur, dövlətin mətbu siyasətinin həyata keçirilməsində yaxından iştirak edirlər. Mən KİV-lərdə rəhbər postlarda xanım jurnalistlərin sayının artırılmasının tərəfdarıyam. Görünür, mətbuat demək olar ki, fasiləsiz rejimdə işlədiyi üçün zərif cinsi təmsil edən həmkarlarımız özləri xüsusi məsuliyyət tələb edən postları tutmağa can atmırlar. Hesab edirəm ki, mətbuatda qadınların təmsilçiliyini artırmaq üçün onlara güzəştli iş qrafiki təklif oluna bilər. İstənilən halda, öhdəsində azyaşlı övladları olan qadın jurnalistlərə güzəşt edilməlidir. Əminliklə deyə bilərəm ki, bir çox redaksiyalarda bu cür humanist yanaşma mövcuddur. Gələcəkdə jurnalist kimi fəaliyyət göstərmək istəyən gənc xanımlar qərar verərkən tərəddüd etməməlidirlər. Mətbuat onların öz potensiallarını nümayiş etdirmələri üçün əlverişli sahədir”.
(Davamı var)
İsmayıl