Mediada təhlili yazıların yeri boş görünür

Elçin Xalidbəyli: “Təhlil yazmaq üçün əslində, heç jurnalist olmaq da vacib deyil. Bu, intellektual sahədir”
Aqşin Yenisey: “Analiz yazılarının əsas səbəblərindən biri budur ki, medianın beynini “media yalnız informasiya ötürücüsüdür” kimi fikri ilə zəhərləyiblər”


(Əvvəli ötən sayımızda)

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb.

Bununla yanaşı, Azərbaycan mediasında bir sıra problemlər hələ də həll olunmamış qalır. Belə problemlərdən biri də ölkə mətbuatında yer alan siyasi təhlillərin azlıq təşkil etməsidir. Bunu isə əksər ekspertlər həmin sahənin gəlirli olmaması və jurnalistikada ixtisaslaşmanın aparılmaması ilə izah edir. Bildirirlər ki, əksər ölkələrdə, eləcə də Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə futboldan yazan müxbir voleybol, yaxud neftdən yazan jurnalistə dolların kursu barədə yazı tapşıra bilməzsən. Amma bizdə... Bizdə vəziyyət başqa cürdür. Bəzən siyasətdən yazan müxbir mədəniyyət sahəsinə baş vurur, mədəniyyətdən yazan müxbir iqtisadi-siyasi təhlil yazır və s. Sonda isə qəzet səhifələrini peşəkarlıqdan uzaq və gülünc yazılar doldurur. İxtisaslaşmanın doğurduğu problemlərdən biri də Azərbaycan jurnalistikasında siyasi təhlillərin az olmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən siyasi dəyişikliklərlə bağlı düzgün təhlil versin.

Jurnalistlərin siyasi təhlil bacarığı və ümumiyyətlə qəzetlərdə gedən siyasi yazılarla bağlı durumu dəyərləndirmək üçün bir sıra təhlilçi və jurnalistlərlə əlaqə saxladıq. Onlar da Azərbaycan mətbuatında yaşanan siyasi təhlil qıtlığını qonorar azlığı və ixtisaslaşma problemi ilə əlaqələndirib.

Analitik Elçin Xalidbəylinin sözlərinə görə, Azərbaycan mətbuatında analitik təhlil materiallarının az olması bir həqiqətdir: "Bunun müxtəlif səbəblərini sadalamaq olar. Ancaq həmin səbəblərin sırasında ən önəmli olanı Azərbaycan mətbuatında analitik təhlil qabiliyyətli peşəkarların az olmasıdır”.

"Təhlilçiyə verilən qonorar qənaətbəxş deyil” iddiasına gəlincə, müsahibimiz söyləyib ki, bu məsələ də analitik təhlil yazmaq həvəsini öldürən səbəblərin sırasında yer alır: "Çünki analitika daha ağır və çətin sahədir. Çünki bir analitik yazını cəmisi yarım saata və ya bir saata yazmaq mümkün deyil. Bu işə saatlarla vaxt gedir. Üstəlik, hər gün analitik material hazırlamaq da çox çətindir. Bütün bunları nəzərə aldıqda, bir belə zəhmətin və intellektual məhsulun qarşılığı adekvat deyil. Və bu, analitik təhlil yazmaq istəyini zəiflədir”.

Ekspertin fikrincə, yaxşı analitik təhlil yazısı həmişə oxunaqlıdır. Belə materialların daimi oxucuları olur: "Ancaq analitik təhlil materialları kütləvi oxucu kateqoriyası üçün nəzərdə tutulmur. Belə yazıların öz oxucu kateqoriyası olur. Və həmin oxucular da daha çox intellektual düşüncə qabiliyyətlərinə sahib olurlar. Yəni şou-biznes xəbərlərindən məmnunluq duymaq zövqünə malik oxucuların analitik təhlil materiallarını oxumasına heç ehtiyac da yoxdur. Belə yazılar onlar üçün deyil”.

E.Xalidbəyli hesab edir ki, hər jurnalist təhlil yaza bilməz: "Üstəgəl, təhlil yazmaq üçün əslində, heç jurnalist olmaq da vacib deyil. Bu, intellektual sahədir”.

Təhlil yazmaq üçün hansısa xüsusi mərhələlərdən keçməyə ehtiyacın olmadığını deyən həmsöhbətimiz vurğulayıb ki, bu, intellektual sahə olduğundan analitik düşüncə qabiliyyətlərinə sahib olmaq vacibdir: "Buna paralel olaraq, təhlilçinin öz üzərində daim işləməsi, təhlil etdiyi sahələr üzrə cərəyan edən prosesləri diqqətlə izləməsi, yazdığı mövzunun keçmiş dövrlərdəki məzmun və nəticələri barədə səhih məlumatlara malik olması da önəmlidir”.

Siyasi təhlilçilərin hazırlanması məsələsinə diqqət çəkən analitik bəyan edib ki, bunun üçün xüsusi addımların müəyyənləşdirilməsi bir qədər çətin prosesdir: "Çünki təhlil etmək qabiliyyəti insanın özündə olan keyfiyyətdir. Hansısa vasitələrlə kimisə həmin qabiliyyətlərə sahibləndirmək mümkün deyil. Sadəcə, mətbuat və ya analitik təhlil mərkəzləri belə qabiliyyətlərə malik intellektualları düzgün müəyyənləşdirməyi bacarmalıdırlar. Və həmin intellektualların analitik məhsullarını maddi cəhətdən adekvat qiymətləndirməlidirlər. Hər halda, hər bir təhlilçi dəqiq bilməlidir ki, yazdığı analitik materiallar hesabına maddi ehtiyaclarını tam şəkildə ödəyə biləcək. Belə olacağı təqdirdə, analitika sahəsinə maraq artar və yeni, həm də çox istedadlı analitiklər ortaya çıxa bilər”.

Şair-publisist Aqşin Yenisey də bildirib ki, mediada nəinki siyasi təhlillərin, ümumiyyətlə, müəllif yazılarının kökü kəsilmək üzrədir: "Bunun əsas səbəblərindən biri budur ki, medianın beyninin "media yalnız informasiya ötürücüsüdür” fikri ilə zəhərlənməsidir. Bununla da, media bu gün çap məhsulları içərisində heç bir mənəvi-ictimai, tarixi məzmunu olmayan bir sahəyə çevrilib. Son on ildə medianın cəmiyyətə təqdim etdiyi bir publisist müəllifin belə adını çəkməkdə çətinlik çəkirəm. İkinci səbəb odur ki, vətəndaş jurnalistikasındakı qarğabazarı mediaya ciddi münasibəti xeyli azaldıb. Hər bir "facebook” profili olan adam özünü həm jurnalist, həm publisist, həm şair, həm yazıçı bilir. Bircə oxucu olmaq fikri yoxdu. Bu cür kütləvi mediativ axın, üstəgəl, siyasi-inzibati müdaxilələr nəticəsində mediamız öz daxili müvazinətini itirib”.

Həmsöhbətimizin sözlərinə görə, bunun təhlilçiyə verilən qonorarın azlığı ilə izah olunması inandırıcı deyil: "Sovet dövrünü çıxmaqla, guya, nə vaxt bizim mətbuat öz müəlliflərinə yaxşı qonorar verib ki, yaxud nə vaxt bizim ekspertlər mətbuata məhz qazanc yeri kimi üz tutublar ki? Sadəcə, informasiya seli qarşısında medianın özü də başını itirib, nə özündəki, nə cəmiyyətdəki boşluqları görə bilir. Reytinq uğrunda yarışma o həddə qədər şiddətlənib ki, o gün özünü ciddi hesab edən saytların birində günün ilk xəbəri bakirə pornoulduzlar idi”.

İnformasiya və xəbər dilinin ədəbi dili məhv etdiyini iddia edən şair düşünür ki, hətta Qərb nəşriyyatlarının bu gün dünyaya soxuşdurduğu Xalid Hüseyn, Maalof kimi yazıçıların dili belə mediativ dildir: "Yalnız informasiya çatdırmağa yönəlib, heç bir ədəbi-bədii ecazkarlığı yoxdur.

Siz siyasi təhlil yazılarını deyirsiniz, mətbuatın ən maraqlı, ciddi janrı olan reportaj janrı bu gün yox dərəcəsindədir. Jurnalistlər reportajı da xəbər kimi yazırlar. Halbuki təkcə jurnalistikanın bu reportaj janrından dünyada Corc Oruel, Kortasar, Markes kimi yazıçılar çıxıb. Ədəbiyyat üzrə Nobel mükafatı alan Çörçill gənclik illərində müharibə reportyoru işləyib”.

"Hər jurnalist təhlil yaza bilərmi” sualına gəlincə, A.Yenisey qeyd edib ki, nəinki jurnalist, istənilən heç kim istənilən heç nəyi edə bilməz: "Medianı və ədəbiyyatın evini yıxan da elə bu istənilənlərin istədiklərini etməsidir. Dünya xəritəsinin üzünü görməyən jurnalistlər geosiyasi məsələlərdən yazırlar. Siyasət təkcə bu gündən ibarət deyil, siyasətin ciddi tarixi var. Bu tarixi bilmədən, istənilən siyasi proses haqqında ancaq sayıqlamaq olar ki, biz də elə bu gün o işlə məşğuluq. Harvard, Oksford kimi universitetlərdə xüsusi dünya regionları, məsələn, biri elə bizim Qafqazı öyrənən bölmələr var ki, uzunmüddətli təhsil, araşdırmalar nəticəsində onlar bizim kəndin mentalitetinin məndən yaxşı bilirlər. Dünyəvi biliyi yoxdursa, insan nəinki siyasi təhlil yaza bilməz, heç öz diş ağrısının qarşısını da ala bilməz. Elə ona görə də kimi dindirirsən, dişi ağrıyır”.

Şairin fikrincə, yaxşı yazmaqdan ötrü ən birinci yaxşı oxucu olmaq lazımdır: "Jurnalistlərimizin böyük əksəriyyətinin mütaliəsi yoxdur. 25-30 yaşlı xanımlar, bəylər orta məktəb tədris proqramından başqa heç nə oxumayıblar. Bu, ilkin mərhələdir, yalnız bu mərhələni keçəndən sonra ikinci, üçüncü məsələlərdən danışmaq olar. Bu gün imza kimi tanınan jurnalistlərin, müəlliflərin arxasında bilirsinizmi nə qədər dünya yazıçısı, dünya beyni durur? Heç kim heç bir sənətdə təkbaşına özü olmur, jurnalistikada da həmçinin”.

"Siyasi təhlilçilərin hazırlanması istiqamətində hansı addımlar atılmalıdır” sualına isə müsahibimiz özünəməxsus şəkildə cavab verib: "Mən bunu bilmirəm, bu suala universitetlərin jurnalistika, filologiya fakültələrində durğu işarələrini belə yerində qoya bilməyən tələbələrdən və onlara dərs deyən pedaqoqlardan, professorlardan soruşun. Medianın da işini yüngülləşdirmiş olarsınız. Bu gün az-çox yazı təcrübəsi olan baş redaktorların, redaktorların əsas işi universitetin jurnalistika fakültələrini qurtarıb işə başlayan jurnalistlərə vergülün, defislə, tirenin yerini öyrətməkdən ibarətdir. Siyasi təhlil yazmaqları bir yana qalsın”.

Ayyət Əhməd