Mediada uşaq problemləri necə işıqlandırılır?
Bəzən mətbuat uşaqları müdafiə etməkdən daha çox onlara zərər verir, hüquqlarını tapdayır
Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Ancaq bəzi ekspertlər hesab edir ki, son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Bu baxımdan ekspertlər mətbuatda uşaq problemlərinin işıqlandırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır.
Onlar hesab edir ki, uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Biz də bu sahədə hansısa çatışmazlıqlar olub-olmadığını araşdırmaq üçün bir sıra media nümayəndələri ilə əlaqə yaradaraq uşaqla bağlı problemlərin mediada işıqlandırılmasının hansı səviyyədə olduğunu araşdırmağa çalışdıq.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sözügedən mövzunun diqqətdən kənarda qaldığını deyib: "Zənnimcə, uşaq problemlərinə mətbuatda kifayət qədər yer ayrılmır. Bunun səbəbi odur ki, təhsil müəssisələri ilə KİV arasındakı əlaqələr o qədər də ürəkaçan deyil. Digər tərəfdən uşaq nəşrlərinin faktiki olaraq sayı azdır. Mənim qənaətimə görə, əslində yoxdur. Onlar bu sahəyə daha çox diqqət yetirməlidirlər. Ümumiyyətlə, nəinki uşaq problemləri ilə, digər problemlərlə də bağlı mətbuatda analitik yazılar arzuolunan səviyyədə deyil. Bunun birinci səbəbi mətbuatın durumu ilə bağlıdır. Çünki mətbu orqanların bu problemlə məşğul olması üçün vəsait lazımdır. Həmçinin, həmin o problemlərin yaşandığı dairələrlə əlaqələr bir o qədər də yüksək səviyyədə deyil. Bunlar nəticədə uşaq problemlərinin mətbuat orqanlarında az işıqlandırılmasına zəmin yaradır. Ancaq mövcud imkanlar çərçivəsində uşaq problemlərini qabartmaq olar. Və buna diqqət yetirilməlidir”.
Jurnalist Elman Cəfərli də bu məsələnin mətbuatın ağrılı problemlərindən biri olduğunu bildirib: "Bizim qəzet uşaq hüquqlarını daim diqqətdə saxlamağa çalışır. Ölkədə olan uşaq təşkilatları ilə əməkdaşlıq edirik. Onların həyata keçirdiyi layihələrə informasiya dəstəyi veririk. Çox təəssüflər olsun ki, Azərbaycanda uşaq hüquqlarının pozulması və məktəbyaşlı uşaqların əməyə cəlb olunması halları mövcuddur. Bu kimi hallarla bağlı biz qəzetimizdə zaman-zaman tənqidi materiallarla çıxış etmişik. Müəyyən effekti də olub. Hesab edirəm ki, ölkə mətbuatı uşaq problemlərinə geniş yer ayırmalıdır. Ümumilikdə, mətbuatda müəyyən müddətdə uşaqlarla bağlı materiala yer ayrılır. Hansısa QHT məlumat verməsə, bu məsələni öz təşəbbüsü ilə daim gündəmdə saxlayan mətbuat orqanı yoxdur”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də eyni fikirdədir: "Azərbaycanda "Uşaq ili”ndə bununla bağlı ara-sıra yazılara rast gəlmək olurdu. Hesab edirəm ki, "Uşaq ili” başa çatdıqdan sonra uşaqlarla bağlı hər hansı yazı verilməsinə ara verilib. Biz öyrəşmişik ki, hər hansı bir inzibati metod olsun, yaxud sərəncam olsun, ondan sonra hansısa problemin işıqlandırılmasına cəhd edək. Ölkədə uşaq problemlərilə bağlı komitə də fəaliyyət göstərir. Bizim agentlik həmin komitənin keçirdiyi tədbirləri işıqlandırır. Eyni zamanda uşaqların müdafiəsi ilə bağlı olan QHT-lərin press-relizlərini də yayırıq. Kütləvi mətbuatı götürdükdə, bu, arxa planda olan bir mövzudur”.
"Ümidli Gələcək” Gənclər Təşkilatının sədri Kəmalə Aşumova isə hesab edir ki, jurnalistlər cəmiyyətin gözü, qulağıdır: "Problemlərin media vasitəsilə işıqlandırılması bir sıra problemlərin həllinə şərait yaradır. Lakin bəzən problemlər lazımi səviyyədə işıqlandırılmır. Hər hansı bir uşağın probleminin nöqsanlı işıqlandırılması həmin uşağın psixoloji travma alması ilə yanaşı, onun cəmiyyətə inteqrasiya olunmasına mane olur”.
Sosioloq, jurnalist Lalə Mehralı isə hesab edir ki, əksər vaxtlarda mətbuat uşaqları müdafiə etməkdən daha çox onlara zərər verir, hüquqlarını tapdayır: "Məsələn, yetkinlik yaşına çatmayan uşaqlar haqqında material işləyəndə, habelə cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklini yayımlayırlar. Bu yolverilməzdir, yayımlasa belə, üzü görünməməlidir. Mətbuat kimsəsizlərin, çarəsizlərin silahıdır, zərərsiz, amma kəsərli silah. Uşaqlar bu siyahıda birincidir, onların müdafiəyə daha çox ehtiyacı var, istismara məruz qalan, döyülən, söyülən, zorakılıq görən uşaqları çox vaxt mətbuat aşkarlayır, lazımi orqanlara xəbər verir. Rast gəlmiş olarsınız, valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan qız uşağı vardı, onu da mətbuat aşkar etmişdi, amma uşağın üzünü də yayımlamışdılar, bu doğru deyildi. İntihara cəhd etmiş, ehtiyatsızlıqdan kiçik qardaşını öldürmüş azyaşlıların şəklini yayımlamaq düzgün deyil”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, yalnız uşaqlarla bağlı problemlər deyil, ümumilikdə cəmiyyətdə olan bütün sosial problemlər ictimai müzakirəyə nə qədər çox çıxarılsa, bir o qədər də çox həmin problemlərdən effektiv müdafiə mexanizmləri qurula bilər: "Uşaqların hansısa hüquqi və ya sosial problemləri doğrudan da cəmiyyəti narahat edəcək səviyyədədirsə, həmin mövzunun mütəmadi olaraq qabardılmasına ehtiyac var. Həm də ki, bu problemlər sadəcə informativ xarakterli deyil, ayrı-ayrı ekspertlərlə müzakirə səviyyəsində gündəmə gətirilməlidir. Çünki bir sıra hallarda ictimaiyyətin müzakirəsinə çıxarılmayan problemlərin varlığından rəsmilər və ya aidiyyəti qurumlar xəbərdar olmurlar. Bu baxımdan, uşaqları narahat edən məsələlər sistemli şəkildə medianın gündəminə daşınmalıdır”.
Media ekspertinin sözlərinə görə, uşaqlarla bağlı yazılar mediada işıqlandırılarkən bu addım onların hüquqları çərçivəsində atılmalıdır: "Uşaqları şəxsiyyətinə yönələn zərərlərdən qorumaq üçün spesifik yanaşma olmalıdır. Yəni cəmiyyətdə uşaqlarla bağlı narahatlıq doğuran problemlər işıqlandırılmalı və bu zaman təməl hüquqlar pozulmamalıdır. Zəruri hallarda gizlilik və ya addəyişmə prinsipləri gözlənilməlidir. Kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir, həm də şübhəli kimi saxlanılır. Bizim jurnalistlər 2-ci halda, yəni zərər verən kimi şübhəli qismində saxlanan və ya istintaqa cəlb edilənləri demək olar ki, heç vaxt qorumur və onların hətta kamera önündə "etiraf”larını yayırlar. Mən bunu çox sıx müşahidə edirəm. Hesab edirəm ki, bu yanlışlıqlar aradan qaldırılmalı və uşaq hüquqları media etikası - jurnalist etikasının əlifbası olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.
Jurnalistlərin Həmkarlar İttifaqları Təşkilatının (JuHİ) sədri Müşfiq Ələsgərli isə deyib ki, uşaqlarla bağlı olan problemlər əslində iki hissədən ibarətdir:
"Birincisi, uşaqların sosial problemləri ilə bağlı məsələlərin gündəmdə saxlanılması. Digəri isə uşaqların başına gələn hadisələrin işıqlandırılması. Hər iki məsələ ilk baxışdan eyni mövzu təsiri bağışlasa da, aralarında müəyyən qədər müxtəliflik var. Xüsusən də, azyaşlıların müxtəlif növ cinayət əməllərnə cəlb olunması ilə bağlı məsələlərdə çox ciddi problemlər var. Bilirsiniz ki, uşaqların cinayətkarlığa cəlb olunması halları son zamanlar artaraq qlobal səviyyəli bir problemə çevrilib. Azərbaycanda isə uşaqların zorakılığa məruz qalması və insan alverinin qurbanına çevrilməsi, orqan mafiyası tərəfindən oğurlanması kimi hallar daha çox müşahidə olunur. Və təəssüflə qeyd etməliyəm ki, bu kimi hadisələrin işıqlandırılması zamanı media nümayəndələri bir sıra yanlışlıqlara yol verirlər. Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc olunmalıdır. Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa belə, qanunvericilikdə uşaqların adlarının çəkilməsinə icazə verilmir. Buraya özündən asılı olmayaraq cinayət əməlinə cəlb olunmuş və ya başına açıqlanması məqbul olmayan hadisə gələn uşaqların mətbuatda adının hallandırılması məsələsi daxildir. Əks təqdirdə, uşaq haqqında pis reputasiya formalaşır və gələcəkdə ona zərər verə biləcək, onu cəmiyyətdə "gözü kölgəli” edəcək informasiyalar əslində data-bazalarda qorunub saxlanılır və istənilən şəxs istədiyi zaman həmin məlumatı əldə edə bilir. Buna görə də, zorakılığa və ya hansısa xoşagəlməz hadisəyə məruz qalan uşaqlar cəmiyyətə şərti adlarla təqdim olunmalıdır. Amma uşaqların itkin düşməsi və ya oğurlanması haqqında informasiyalarda onların adını da, şəkillərini də tam şəkildə yerləşdirmək olar”.
Uşaq hüquqları və ya onların sosial problemləri ilə bağlı məsələlərin medianın gündəmində saxlanılmasına gəldikdə isə JuHİ sədri deyib ki, bu sahədə də müəyyən boşluqlar var: "Amma çox yaxşı haldır ki, son vaxtlar Azərbaycanda yaradılan donor fondlar, xüsusən də, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu və gənclərlə bağlı fəaliyyət göstərən təşkilatlar öz müsabiqələrində uşaqların tərbiyəsi, təlimi və qayğıları ilə bağlı mövzulara da üstünlük verirlər. Bu isə bir növ həmin sahədəki problemlərin diqqətdə saxlanılmasına çağırışdır. Arzuediləndir ki, bu kimi problemlər donor təşkilatların keçirdiyi müsabiqələrdən-müsabiqələrə yox, ardıcıl olaraq mediada gündəmə gətirilsin. Bu bir növ KİV-lərin ictimai vəzifəsidir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb