Medianın diqqəti parlament seçkisinə daha çox oldu

Nüfuzlu xarici KİV orqanları Azərbaycandakı seçkilərə kifayət qədər yer ayırdı



(əvvəli ötən sayda)

Noyabrın 1-də keçirilən parlament seçkisi həm yerli, həm də xarici media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb. Seçki günü anbaan prosesi izləyən, məntəqələrdə reportaj hazırlayan, namizədlər və seçicilərlə sıx ünsiyyətdə olan media nümayəndələri ölkə ictimaiyyətini informasiya ilə hərtərəfli təmin ediblər. Bununla yanaşı, jurnalistlərimiz daxildə və xaricdə seçkinin nəticələrini saxtalaşdırmağa çalışan, cəmiyyəti yanlış istiqamətə yönləndirən qərəzli mətbu orqanlara da tutarlı cavab veriblər. Medianın seçkinin nəticələri ilə bağlı yazıları seçkidən sonra da davam etməkdədir.

Parlament seçkiləri Rusiya mətbuatının diqqətində olub

Dünyanın bir sıra nüfuzlu nəşrləri V çağırış parlament seçkisinə xüsusi diqqət ayırıblar. Seçkinin gedişi, səsvermə prosesi və nəticələrlə bağlı öz səhifələrində geniş məqalələr yerləşdirən xarici nəşrlər daha çox diqqəti hakim Yeni Azərbaycan Partiyasının qələbəsinə ayırıblar. Ötən gün Rusiyanın "Rosbalt” informasiya agentliyində baş tutan seçkilərlə bağlı analitik yazı dərc olunub. Yazıda qeyd olunub ki, bazar günü Azərbaycanda baş tutan seçkilər beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. "Azərbaycanda parlament seçkiləri legitim və azad olub” - deyə məqalədə bildirilib. Seçkilərdə 125 yer uğrunda 22 partiyanı təmsil edən 767 namizədin mübarizə apardığını yazan Rusiya saytı vurğulayıb ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərə 116 namizədlə qatılıb: "Parlament seçkilərini 66 min yerli müşahidəçi izləyib. Bu, Azərbaycanda keçirilmiş seçkilərin şəffaflığının göstəricisidir. Bundan əlavə, seçkiləri 40 təşkilatdan 503 beynəlxalq müşahidəçi izləyib”. Analitik yazıda Rusiya dumasının nümayəndə heyəti tərkibində Azərbaycandakı seçki prosesini izləməyə gələn Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin də fikirlərinə yer ayırıb. O, seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyib. Qeyd olunub ki, istər seçicilər, istərsə də seçki komissiyaları öz işlərini mükəmməl şəkildə həyata keçiriblər. Ekspert rəylərinə də toxunan informasiya agentliyi ölkəmizin parlament seçkilərinə çox yaxşı hazırlaşdığını yazıb. Bildirilib ki, məntəqələrdə quraşdırılan veb-kameralar seçki prosesini onlayn olaraq izləməyə imkan verib: "İnsanlar seçkilərə həvəslə qatılıblar. Bu hal onların simalarından görünürdü. Seçicilər heç də səs vermək xətrinə deyil, məhz namizədlərinə dəstək olmaq üçün seçki məntəqələrinə axın ediblər”.

Çin mediası: - "Seçkilər demokratik və şəffaf keçdi”

Çinin "Xalq qəzeti”ndə Azərbaycandakı parlament seçkilərinin nəticələrinə həsr olunmuş geniş məqalə dərc olunub. Qəzet artıq Mərkəzi Seçki Komissiyasının ilk nəticələri açıqladığını yazıb. Məqalədə vurğulanıb ki, seçki məntəqələri vaxtında açılıb. Ölkənin bütün ərazisində yüksək seçici fəallığı müşahidə olunub. Seçkiləri müxtəlif təşkilatlardan 503 beynəlxalq müşahidəçi izləyib. Bütün müşahidəçilər Milli Məclisə seçkilərin birmənalı olaraq "şəffaf, demokratik və çox yaxşı təşkil olunduğunu” bəyan ediblər. Qəzet ilkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının mandat çoxluğu qazandığını da qeyd edib.

Qazaxıstan mediası YAP-ın seçkidə qazandığı üstünlüyü xüsusilə vurğulayıb

Qazaxıstanın rəsmi "Kazinform” xəbər agentliyi də Milli Məclisə seçkilərin nəticələri barədə məlumat yayıb. Agentlik bildirib ki, seçkiləri çox sayda beynəlxalq müşahidəçi izləyib: "Ertəsi gün müşahidəçilər və "exit-poll” keçirən qurumlar çox sayda mətbuat konfransı keçirib. Bütün müşahidəçilər səsvermə prosesində heç bir neqativ halla rastlaşmadıqlarını, "exit-poll”ların nəticələrinin MSK-nın elan etdiyi nəticələrlə üst-üstə düşdüyünü bildiriblər”. Agentlik hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə aşkar üstünlük əldə etdiyini vurğulayıb.

Misir mediası seçicilərin fəallığına diqqət çəkib...

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin gedişi və nəticələri Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər ki, həmin xəbərlərdə seçkilərin şəffaf və demokratik keçdiyi, seçicilərin səsvermədə fəal şəkildə
iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, parlamentdə 125 mandat uğrunda 800-dək namizəd mübarizə aparıb. Seçki prosesində 22 partiya iştirak edib. Səsvermənin gedişini 40 beynəlxalq təşkilatın və 50-dən çox ölkənin nümayəndələrinin müşahidə etdikləri də xəbərlərdə xüsusi vurğulanıb. Seçkilərlə bağlı məlumatlar Azərbaycanın Misirdəki səfirliyinin bəyanatlarına və beynəlxalq kütləvi informasiya vasitələrinə istinadla verilib.

"Seçki günü jurnalistlərin fəaliyyətinə hər hansı maneə faktı qeydə alınmayıb”

1 noyabr parlament seçkilərinin və onların nəticələrinin Azərbaycan mediasında işıqlandırılmasından danışan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib ki, media təmsilçiləri seçkiləri yüksək peşəkarlıq nümayiş etdirərək, obyektiv şəkildə ictimaiyyətə çatdırıblar. Onun sözlərinə görə, ölkə vətəndaşları seçkinin gedişi ilə bağlı fasiləsiz olaraq operativ şəkildə məlumat alıblar: "Noyabrın 1-də seçkilərlə bağlı yazılan materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib. Həmin gün Mətbuat Şurasının seçkilərlə əlaqədar yaratdığı "qaynar xətt” operativ formada fəaliyyət göstərib. Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin, quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu bütün ölkə boyu müşahidələr aparıb. Regionlarda Şuranı təmsil edən qurumlar da Bakıdan koordinasiya olunub və operativ şəkildə prosesi müşahidə edib. Sevindirici haldır ki, seçki günü jurnalistlərin parlament seçkisini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb. Media mənsubları seçki məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər”. U.Mirzəyev söyləyib ki, noyabrın 1-də MŞ sədrinin müavinləri, idarə heyətinin üzvləri bir sıra məntəqələrdə siyasi prosesin gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar: "Bizim monitorinq qrupunun ilkin rəyi belə oldu ki, seçki məntəqələrində media üçün yaradılmış şərait yüksək səviyyədə idi. Mən özüm bir neçə dəfə Mərkəzi Seçki Komissiyasına gedərək, Seçkilər İnformasiya Mərkəzinin fəaliyyəti, burada media üçün yaradılan şəraitlə tanış oldum. Həqiqətən də mətbuatın sərbəst formada məlumat alması üçün tam şərait yaradılmışdı”.

"Azərbaycan mediası bu yarışdan üzüağ çıxdı”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət də bildirib ki, seçki günü Mətbuat Şurasının tərkibində monitorinq qrupu fəaliyyət göstərib: "Həmin qrupa mən də daxil idim. İstər deputatlığa namizədlərin irəli sürülməsi, istər təbliğat-təşviqat kampaniyasının aparılması, istərsə də səsvermə günü bütün proseslər Azərbaycan mediası tərəfindən geniş şəkildə işıqlandırıldı. Eyni zamanda baş verən proseslərə obyektiv qiymət verildi. Biz də monitorinq qrupu çərçivəsində jurnalistlərin fəaliyyəti və səsvermənin gedişi ilə bağlı monitorinq apardıq. Ümumi rəyimiz ondan ibarət oldu ki, seçkidə heç kim ciddi problemlərlə üzləşməyib. Sadəcə bəzi jurnalist həkarlarımız müəyyən problemlərə, maneələrə rast gəliblər. Ancaq Mətbuat Şurasının sədri, hörmətli Əflatun Amaşov müvafiq qurumlarla danışaraq, elə səsvermə günündə həmin problemləri dərhal həll edib”.

A.Həsrət deyib ki, sonrakı proseslər və ictimaiyyətdə baş verənlər də ümumi şəkildə medianın əsas mövzusu olub: "İstər televiziya kanalları olsun, istərsə də qəzet və saytlarımız müəyyən dövrü əhatə edən seçki prosesini yüksək səviyyədə cəmiyyətə çatdıra bildi. Yəni Azərbaycanda bu prosesin işıqlandırılmasına hər hansı formada əngəl, senzura tətbiq edilmədi. Dövlət qurumları da heç bir maneə yaratmadı. Paralel olaraq beynəlxalq müşahidəçilər və xarici media da seçki prosesini normal şəkildə izlədilər və fikirlərini bəyan etdilər. Ona görə də, şəxsən mənim ümumi rəyim belədir ki, seçki prosesi medianın nəzarəti altında keçdi. Heç bir ciddi, nəticələrə təsir edə biləcək əngəllərlə üzləşmədik. Azərbaycan mediası bu yarışdan, kampaniyadan üzüağ çıxdı”.

"Sağlam media seçki prosesini obyektiv işıqlandırıb”

Ekspert seçki günü qərəzli fəaliyyət göstərən media qurumlarının fəaliyyətinə də toxunub: "Seçki prosesi və nəticələri düzgün işıqlandırmayan qərəzli media qurumları həddindən artıq azdır. Mən deyərdim ki, medianın içində onlar 2-3 faiz təşkil edir. Amma bu qədər azlığın ictimaiyyəti yanlış istiqamətə yönləndirməsi mümkün deyil. Çünki mətbuatın böyük əksəriyyəti, yəni sağlam media seçki prosesini gördükləri kimi, obyektiv şəkildə işıqlandırıblar. Lakin onların ürək bulandırmağa çalışması, suyu bulandırıb balıq tutmağa cəhd etməsi dəryada damla kimi bir şeydir. Ona görə də ABŞ Dövlət Departamenti daxil olmaqla xarici ölkələr, beynəlxalq təşkilatlar parlament seçkisi ilə bağlı ciddi tənqid səsləndirə bilmirlər. Çünki əllərində yetərli faktlar yoxdur. Mən uzun müddət seçkiləri müşahidə etmiş və proseslərdə fəal olmuş bir şəxs kimi deyirəm ki, seçkini qaralaya biləcək heç bir fakt qeydə alınmayıb.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb