Medianın əsas funksiyası niyə arxa plana keçib?

Maarifləndirmə missiyasını yerinə yetirmək üçün jurnalistdən böyük intellekt və dünyagörüşü tələb olunur



Hər bir toplum üçün maariflənmə xüsusi əhəmiyyət kəsb edir. Çünki cəmiyyətlərin inkişafı, rifahı və dünyaya inteqrasiyası insanların maariflənməsi ilə sıx bağlıdır. Məlumdur ki, müasir dövrdə maarifləndirmə prosesini həyata keçirməyin ən optimal və təsirli variantı media orqanları, yəni telekanallar, qəzetlər və internet saytları hesab olunur. Elə KİV-in üç əsas funksiyasından biri də maarifləndirmədir. Təəssüflər olsun ki, son dövrlər bəzi media qurumları maarifləndirmə istiqamətindən daha çox, digər funksiyalara, yəni məlumatlandırma və əyləndirməyə daha böyük diqqət ayırır.

Əslində digər istiqamətlərlə bağlı da müəyyən problemlər var. Amma mətbuatın ən ciddi axsaqlığı məhz maarifləndirmə sahəsi ilə bağlıdır. Görəsən, mediamız maarifləndirmə sahəsinə niyə maraq göstərmir? Bu problemin həlli yolları varmı? Ümumiyyətlə, müasir dövrdə mətbuatın üzərinə maarifləndirmə tələbini qoymaq doğrudurmu?

Məsələyə münasibət bildirən ekspertlərin fikirləri heç də birmənalı deyil. Maarifləndirməni media üçün önəmli funksiya hesab edənlərlə yanaşı, informasiya verməyin və əyləndirməyin cəmiyyətin, yəni oxucunun tələbi olduğunu düşünənlər də var.

"APA” İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Cavid İsmayıl deyib ki, çağdaş Azərbaycan mediasının maarifləndirmə sahəsinə meyl etməməsinin səbəbini bilmək və ya tapmaq üçün alim olmağa ehtiyac yoxdur. Çünki səbəb çox sadədir: "Hamı çox gözəl bilir ki, bu sahədə pul yoxdur. Heç bu sahəyə reklam verən də yoxdur. Amma bu o demək deyil ki, media maarifləndirmə təbliğatını davam etdirməməli, "onsuz da oxuyan yoxdur” deyib başqa sahələrə yönəlməlidir. Böyük Mirzə Cəlil deyirdi ki, "sözümü o kəslərə deyirəm ki, onlar mənə qulaq asmaq istəmirlər”. Bu problemin də bircə həlli yolu var: səbr, səbr və yenə də səbr. Bütün dinsizlər sonda imana gəldiyi kimi, bütün cahillər də sonda elmə, maarifə gəlmək məcburiyyətində qalacaqlar”.

"AzPolitika.az” saytının redaktoru Elnur Məmmədli isə hesab edir ki, müasir dövrdə KİV-in maarifləndirmə missiyası o qədər də aktual deyil. Bunun bir neçə səbəbi var: "Maarifləndirmə və ideoloji təbliğatın prioritet təşkil etdiyi Sovet dövründən fərqli olaraq, kapitalist cəmiyyətlərdə KİV subyektləri bir biznes növü hesab edilirlər. Biznesin də öz qanunauyğunluqları var. Burda hər şey tələb əsasında formalaşır. Yəni əgər oxucu səndən xəbər, məlumat almaq istəyirsə, sən ona əyləncə, əyləncə istəyirsə, maarifləndirən məqalələr təklif edə bilməzsən. Belə etsən, rəqabəti uduzar və meydanı tərk etmək məcburiyyətində qalarsan.

Amma qəbul edirəm ki, hər bir KİV subyekti öz oxucu kontingentini formalaşdırmaq iqtidarındadır. Bunun üçün hər bir KİV-in öz prioritetlərini düzgün müəyyənləşdirməsi, informasiya siyasətini də bu prioritetlərə uyğun qurması lazımdır. Yəni bir sayt, qəzet, televiziya qarşısına maarifləndirmək məqsədini qoyarsa, tədricən uyğun oxucu və tamaşaçı kütləsini ətrafında toplayacaq, digərləri isə başqalarına üz tutacaqlar”. Redaktorun sözlərinə görə, KİV-də maarifləndirici məqalələrin, verilişlərin azlığının bir başqa səbəbi informasiya texnologiyalarının sürətli inkişafıdır: "Biz informasiya əsrində yaşayırıq. Müasir insanın ən böyük problemlərindən biri isə vaxt çatışmazlığıdır. Gün ərzində yüzlərlə mənbədən minlərlə maraqlı informasiya almaq imkanı olan oxucunun, iri həcmli, az aktual və az maraqlı materiallarla tanış olmağa nə vaxtı, nə də həvəsi qalır. Ən əsası isə odur ki, hər hansı konkret sahə ilə bağlı maarifləndirici materiallar da internetdə N qədərdir və oxucu asanlıqla onu əldə edə bilir. Belə olduqda maarifləndirmə missiyasının kütləvi KİV-lərin prioritetləri sırasından çıxması təbiidir.
Qısası, müasir KİV-də daha böyük tələbatın olduğu məlumatlandırma və əyləndirmə işinin önə çıxması qanunauyğunluqdur”.

"Avropa.info” xəbər portalının baş redaktoru Ruslan Bəşirli bildirir ki, əslində Azərbaycan mediasında hər üç sahədə problemlər var. Mediamızda məlumatlandırma ilə bağlı da ciddi problemlər yaşanır: "Mən mətbuat sahəsində olduğum üçün demək olar ki, hər gün bu tipli problemlərlə qarşılaşıram. Xüsusən də saytlarda oxucuya informasiyanın düzgün şəkildə çatdırılması sahəsində problemlər var, bu, xüsusən də xarici xəbərlərlə bağlıdır. Bəzən saytlar hansısa bir nüfuzlu dünya media orqanına istinadla məlumatlar yayırlar. Dəfələrlə araşdırmışam və məlum olub ki, həmin xarici informasiya orqanında həmin xəbər yoxdur. Haradan tapırlar, necə verirlər, niyə verirlər, məlum deyil. Bundan başqa, hətta ciddi media orqanları belə bəzən informasiyanın çatdırılmasında qeyri-ciddiliyə yol verirlər. Məsələn, elə iki gün öncə, Putinin müsəlman olması ilə bağlı yayılan qeyri-ciddi məlumata baxaq. Bizim saytlar bunun ətrafında nə qədər fırlandılar, hansıki bu informasiyanın ilk baxışdan qeyri-ciddi məlumat olduğunu görmək mümkün idi. Elə əyləncə xəbərləri ilə bağlı da vəziyyət belədir. İntellektual əyləncə təqdim etmək əvəzinə, bizim saytlar hansısa müğənninin soyunmasının arxasınca qaçırlar. Qaldı maariflənməylə bağlı xəbərlərə, təbii ki, bizim mediada bu məsələ ən problemli məsələdir. Açığı, mən düşünürəm ki, bu, iki problemlə bağlıdır. Birincisi, saytlar və qəzetlərdə bu tipli yazıların oxunmaması ilə, ikincisi isə sayt və qəzetlərdə bu tipli yazıların yazılmasında jurnalist çatışmazlığı ilə bağlıdır.

Məncə, bu problemin həll olunması üçün, dövlət xətti ilə ciddi işlər görülə bilər, məsələn, müəyyən həvəsləndirmələr tətbiq olunar. Qaldı ki oxucu məsələsinə, hətta maarifləndirici bir yazını da elə təqdim etmək olar ki, bu, oxucunun diqqətini cəlb etsin. Yəni burada təqdimatdan çox şey asılıdır”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov maarifləndirmənin çox çətin istiqamət olduğunu deyib: "Açıq deyəcəm, bizdə bunu edə biləcək tək-tük jurnalistlər var, bir əlin barmaqları ilə sayılacaq qədər. Maarifləndirmə missiyasını yerinə yetirmək üçün jurnalistdən böyük intellekt və dünyagörüşü tələb olunur. Azərbaycan mediasında çalışanlar isə bu parametrlər baxımından axsayırlar. Ya da müəyyən qədər çalışıb, yetkinləşəndən sonra artıq jurnalistikanın, yazmağın daşını atıb, ayrı işlərlə məşğul olurlar. Mən maarifçi-jurnalisti belə təsəvvür edirəm:

- Yaşı 30-dan çox, istedadlı, savadlı, patriot və zəhmətkeş...

Mediaya təzə gəlmiş gənc jurnalistlərin görə biləcəyi iş deyil bu. Maarifçi-jurnalist mütləq gözəl publisist olmalıdır. Çünki həmin məqsədə ən çox uyğun gələn janr budur. Həmin şəxs həm bizim cəmiyyətdə, həm də dünyada hansı proseslərin getdiyini təhlil və dərk edə, sadə dildə açıb göstərə bilməlidir. Bizdə belə jurnalistlər olduqca azdır. Ona görə də mediamız bu funksiyasını həyata keçirə bilmir”.

"Xalqxeber.az” saytının baş redaktoru Peyman Sadıqov deyib ki, vəziyyətləri o qədər də yaxşı olmayan KİV-lər durumdan çıxmaq, oxucuların sayını artırmaq və insanlarda maraq doğurmaq üçün daha çox əyləndirmə xəbərlərini dərc edirlər: "KİV nümayəndələri vəziyyətdən çıxış yolunu yalnız reklam bazarlarında görürlər. Buna görə də jurnalistika sahəsində bir çox boşluqlar əmələ gəlir. Nəticədə cəmiyyət mətbuat işçiləri tərəfindən maarifləndirilə bilmir. Özünüz də şahidi olursunuz ki, cəmiyyət hər hansısa maarifləndirici xəbərə maraq göstərmir.

Əsasən üstünlük verilir "18 +” xəbərlərinə və ya hansısa bir müğənninin soyunma səhnəsinə... Çünki cəmiyyət getdikcə korlanır və bunun da bir adı var, o da savadsızlıqdır. Uşaqlar məktəbdə oxuyarkən onlarla vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində və dövlətə, dövlətçiliyə sadiq olmaları, hətta vətənə, anaya, müqəddəs torpağa sahib çıxmaları ilə bağlı söhbətlər aparılsa, gələcək nəsil də məktəb çağlarından maariflənər və KİV nümayəndələrinin maarifləndirməsinə lüzum duymaz”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb