Məhdudiyyət olmamalıdır...

Valideynlər istədiyi adı övladına qoya bilər
"Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır”. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir:
"Hətta bir vətəndaş bizə müraciət edib ki, qızının adını Seyid Zeynəb qoymaq istəyir. Tövsiyələrdən sonra, nəhayət, uşağın adı Zeynəb şəklində qalıb”. S.Sadıqova vurğulayıb ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: "Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 1000 nəfər oğlan uşağından 500-ə Əli adı verilir”. Məsələni dəyərləndirən ekspertlər hesab edirlər ki, valideynlər ad seçimində sərbəstdirlər. Qadağan olunmuş adlar istisna olmaqla heç kim onlara ad seçimində məhdudiyyət yarada bilməz. Həmçinin, ekspertlər dini adların artmasını təhlükə kimi qabartmağın yanlış olduğunu da bildiriblər.
Hüquqşünas Tahir Əlirzayev deyib ki, ad və soyadların qoyulması valideynlərin hüququdur və bunu məhdudlaşdıran qanunvericilik yoxdur: "Adlarla bağlı qaydalar tövsiyə xarakteri daşıyır və valideyn istədiyi adı övladına qoya bilər. Onsuz da ta qədimdən Azərbaycanda adların 80 faizi ərəb-fars mənşəli olub”. Tanınmış yazıçı Seyran Səxavət də əhalisinin əksəriyyəti müsəlman-türk olan Azərbaycanda ailələrin islam dinindən gələn adlara meyl göstərməsini təhlükə hesab etmir: "Bir çox ailə ehtiram əlaməti olaraq uşaqlara babasının, nənəsinin adını verir. Dini adlar sayılan Hüseyn, Həsən, Zəhra, Yusif adları isə ölkəmizdə həmişə dəbdə olub. Azərbaycanlılar türk olmaqla bərabər həm də müsəlmandır. Ölkədə yayılan adların da böyük əksəriyyəti türk, ərəb, fars mənşəlidir. Türk əsilli xalq üçün islam adlarına da kütləvi axın qeyri-adi qarşılanmamalıdır. Hər iki istiqamət paralel inkişaf edir”.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov deyib ki, son zamanlar qoyulan adlar dinin güclənməsi ilə bağlıdır: "Bu, həm dini-mənəvi dəyərimizin qəbul olunması, həm də dədə-babamızın adını vermək ənənəsi ilə bağlıdır. Məsələn, 1950-60-cı illərdə valideynlər oğluna müasir tipli adlar qoyurdu. Ancaq indi ad verilməsi məsələsi fərqlidir. Hazırda daha çox dədə-baba adlarına üstünlük verilir. Baxmayaraq ki, onların əksəriyyəti çətin və mürəkkəbdir. Bu həm bir az dinə marağın güclənməsi, həm də dədə-baba ruhuna sadiq qalmaq ənənəsindən irəli gəlir”. Professor iki sözdən ibarət olan mürəkkəb adların qoyulmasını məsləhət bilməyib: "Adların milli mənsubiyyəti olmalıdır. İki sözdən ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyə olunmur. Fikrimcə, bu məsələ daha çox sərtləşdirilməlidir”.
"Azərbaycan şəxs adlarının etnoqrafik xüsusiyyətləri” mövzusunda araşdırma aparmış alim Afiq Sultanov dini ənənələrə bağlı adların yayılmasını insanların azad seçim imkanları ilə əlaqələndirib: "Sovet dövründə dini ad seçmək çətin idi. Belə adlara məhdudiyyət qoymağa çalışırdılar. Ailələrdə də fərqli yaşam tərzi sezilirdi. Çox adam dinə bağlılığını gizlədirdi, ateistlər də az deyildi. Müstəqillik illərində isə insanlar yenidən dinə qayıtdı və islami adlar dəbə düşdü”. A.Sultanovun sözlərinə görə, ölkədə türk mənşəli adlar da eyni qaydada dəbdədir. Sadəcə olaraq dini adlar daha geniş gözə çarpır, diqqət çəkir: "Çünki dinə maraq artıb, islama qayıdış prosesi hökm sürür. Sovet dövründən fərqli olaraq azad ibadətə imkan var. Bu bağlılıq uşaqlara ad seçimində də təzahürünü tapır. Daha çox gənclər arasında ibadətə meyl artır. Uşaqlara dini adların qoyulması məsələsində başqa postsovet ölkələrində də oxşar tendensiya müşahidə edilir. Burada da səbəb dini azadlığın meydana gəlməsidir. Məncə, bu proses zaman keçdikcə səngiyəcək”.
İsmayıl