“Bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var”
"Məhkəmələrin qərarları ədalətli olmalıdır. Ədalət pozulduqda həm narazılıq yaranır, həm də, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşir. Ədalətli qərarlar isə insanlarda dövlətə inamı artırır, həyatımızı tənzimləyir. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar da sırf bu məqsədi güdür”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışındakı çıxışı zamanı deyib. Ölkə başçısı vurğulayıb ki, görüləcək tədbirlər və islahatlar nəticəsində məhkəmə sistemində şəffaflıq maksimum dərəcədə artırıla bilər: "Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar, xüsusilə "Elektron məhkəmə” informasiya sisteminin yaradılması şəffaflığın təmin olunmasında, həmçinin, bürokratik əngəllərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcək”. Cənab Prezident bəyan edib ki, məhkəmə sistemində qərəzli yanaşma olmamalı, korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır: "Məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Avropa ölkələrindəki məhkəmə sistemi bizə nümunə ola bilər. Avropada məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bunu açıq deməliyik və müsbət təcrübəni Azərbaycanda tətbiq etməliyik”. Prezident bildirib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır: "İnzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək”. Dövlət başçısı məhkəmə işçilərinin öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacağına əminliyini ifadə edib: "Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik”.
Ali Məhkəmənin sədri Ramiz Rzayev də bildirib ki, məhkəmə fəaliyyətində müəyyən nöqsanlar mövcuddur və onların aradan qaldırılması üçün çalışılır: "Ali Məhkəmədə hər həftə beynəlxalq məhkəmələrin təcrübəsinin öyrənilməsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları müzakirə edilir, o cümlədən apelyasiya və birinci instansiya məhkəmələrində hakimlərin davamlı tədrisi təşkil olunur. Məhkəmə fəaliyyətində korrupsiya hüquq pozuntularına şərait yaradan halların qarşısının alınması həmişə qarşımızda əsas məqsəd kimi durur. Biz öz fəaliyyətində belə pozuntulara yol vermiş hakimlər barədə Məhkəmə-Hüquq Şurası qarşısında məsələ qaldıraraq onları müvafiq intizam tənbehinə cəlb edirik. Görəcəyimiz işlər çoxdur. Bu, məhkəmə hakimiyyətinə olan inam və etimadı daha da möhkəmləndirəcək. Əsas məqsədimiz qanunun aliliyinə nail olmaqdır”.
Tanınmış vəkil, "İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova məhkəmə islahatlarının aparılmasını zəruri hesab edir: "Son hadisələrdən sonra bəlli oldu ki, bir sıra dövlət qurumları, məmurlar sahibkarları incidir, iş adamlarının başına min cür oyun açırlar. Təbii olaraq, sahibkarlar da öz hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət edirlər. Amma təəssüflər olsun ki, məhkəmə hakimləri birmənalı olaraq haqlı sahibkarların deyil, haqsız məmurların, qurumların lehinə qərar çıxardırlar. Heç bir məhkəmə Milli Təhlükəsizlik Nazirliyindən onlara daxil olan materialların düzgün olub-olmamasını araşdırmırdı. Əlbəttə, bütün məhkəmələri nəzərdə tutmuram. Amma əksəriyyət məhkəmə heç bir araşdırma aparmadan güclü tərəfin dedikləri ilə oturub-dururdu. Bu baxımdan cənab Prezidentin məhkəmə-hüquq sistemi ilə bağlı iradlarını çox doğru hesab edirəm. Bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var. Məhkəmə qanunsuz hərəkətlərə, haqsızlığa göz yummamalıdır. Çünki bu zaman insanların məhkəmənin ədalətinə olan inamı yox olur. Əgər məhkəmələr korrupsiyaya bulaşmazsa, qanunsuz hərəkətlərə haqq qazandırmazsa, şikayətlər üzərində obyektiv araşdırmalar apararsa, Azərbaycanda ədalətli məhkəmə sistemi qurmaq olar”.
İsmayıl