Şagirdin intiharı cəmiyyətdə fikirləri haçaladı"Sosial şəbəkə istifadəçiləri məktəb direktorunun "əxlaqsız ailənin övladı idi" sözlərini "topa tutdu"
Yenə məktəb, yenə faciə. Nə yazıq ki, son illər intihar, döyülmə, gizli porno çəkilişlər orta məktəblərdə vaxtaşırı rastlaşdığımız dəhşətli olaylardır. Məktəb adı çəkiləndə yada düşən təlim-tərbiyə, bilik, savad almaq deyil, bayramlarda, ad günlərində şagirdlərdən toplanan pullar, müəllimlərin dərsdən yayınıb repetitorluqla məşğul olması, repetitorluğa imkanı çatmayan şagirdlərə ayrı-seçkilik qoyulması, «məktəbdə nə var, nə yox» sualına şagirdlərin laqeydcəsinə «heç nə…» cavabıdır. Bir qədər arxaya baxsaq orta təhsil müəssisələrimizdə baş vermiş neçə-neçə faciəvi hal görərik. Son günlərin ən dəhşətli hadisəsi isə 162 saylı orta məktəbin 8-ci sinif şagirdinin intihar etməsidir.

Neçə gündür ki, sosial şəbəkələr bu hadisənin təsirindən çıxa bilmir. Sosial şəbəkə istifadəçiləri məktəblinin faciəsi barədə yazır, günahkarları lənətləyirlər. Yenə də cəmiyyətimiz bölünüb. Məktəbi, tədris sistemini günahlandıranlara, «ailə cavabdehdir» cavabı verib suçu valideynlərdə görənlər də var. Adıçəkilən məktəbin direktorunun intihar etmiş şagirdin ailəsi haqqında təhqir dolu səs yazısı isə yanan ocağın üzərinə yağ tökülməsi effekti yaradıb. Vətəndaşlar təhsil ocağı rəhbərinə yaraşmayan ifadələrə görə, məktəb direktorunun vəzifədən xaric edilməsini vacib bilir. Hətta Təhsil Nazirliyinə qarşı kəskin ittihamlar səslənir.
Təkcə məktəbdimi günahkar?
Baş vermiş faciədən sarsıldığını yazan pediatr Vaqif Qarayev fikirlərini sosial şəbəkədə paylaşıb. Onunla polemika aparanlar da var.
- Məktəblərdə psixoloji xidmət kitayskidi...bu heç... Amma təkcə onları günahlandırmaq düzgün deyil! Hamı günahkardı!!! Hərə öz günahını anlasa.... Dostlar, uşaq 24 saat məktəbdə olmur...bunu unutmayaq...bu hadisə barədə düşüncələrimi yazmaq istəmirəm...amma valideyn məsuliyyəti çox vacibdi.
Təhsil eksperti Kamran Əsədov:
- Tək günahkar Təhsil Nazirliyidir.
Uşaq azı 5 saat məktəbdə olur. O vaxtı azı sinifdə 35 müxtəlif psixologiyaya, əqidəyə malik insanla ünsiyyəti olur. Azı 5 fərqli müəllim. Evdə isə onların sayı 3-4 olur ki, onlar da doğma, əziz və yaxın psixologiyaya malik olan şəxslər. Deməli, məktəbdə daha çox təsirə məruz qalır. Məktəb şagirdlərlə işləməlidir, amma işləmir. Xam məhsulu zay edib dövriyyəyə buraxır təhsil.
Vaqif Qarayev: Hörmətli Kamran müəllim, məktəbin suçunu qətiyyən kiçiltmək istəmirəm...amma hər bir valideyn öz uşağını yaxşı tanıyır...tanımalıdı...uşaqla dost olmaq lazımdı...danışdırmağı bacarmaq lazımdı..dərdini danışıbsa, bütün vasitələrdən istifadə edib kömək eləmək lazımdı. Yoxsa biz hər məsələnin həllini kənardakılardan gözləyirik. Məncə bu, düzgün deyil. Məktəb – təhsil haqqında uzun-uzadı danışa bilərəm. Təhsilimiz uşağın təkcə sağlamlığına yox, əxlaqına da zərbə vurur. Dost olduğum peşəkar müəllimlər inciməsin, onlarda günah yoxdur.
Emin: - Tutaq ki ailə maraqlanmır, uğursuz ailədi, filan, bəs səni ora niyə qoyublar??? Belə axmaq-axmaq danışasan deyə? Uğurlu ailələrin uşaqlarının onsuz da sənə ehtiyaci yoxdu, sən belə uşaqların psixoloji vəziyyətinin düzəlməsi üçün calışmalı idin. Bəd dua etməyi sevmirəm, amma bu "insan"a edəcəm: RƏBBİM hər iki dünyada versin cəzanı.
Gülnar Abdullazadə: Özü də kimin nə dərdi varsa qarşısındakı ilə, özünü haqlı göstərmək istəyirsə, birbaşa əxlaqını şübhə altına qoyur həmin insanın. Çünki bilir, bizim millət başqalarının «əxlaq keşikçisi»di. Özünün əxlaqı olmayan da başqasının əxlaqının keşiyini çəkir. Eynilə «Xəzər» Universiteti məsələsində (?) olduğu kimi.
Seyran Murad: Müəllim tək təhsil verməklə deyil, həm də şagirdlərə qayğı göstərməklə mükəlləfdi. Məktəblərdə mənasız psixoloq ştatı da var. Onlar hara baxır? Niyə bu şagirdin psixoloji durumu ilə maraqlanmayıb? Bu faciənin baş verməsinə birmənalı şəkildə məktəb rəhbərliyi cavabdehdir.
İntiharda başqa adlar da hallanmağa başlandı
Şagird hədələnir?
Faciəli hadisə ilə bağlı dünən daha bir müdhiş məlumat yayıldı. 162 nömrəli tam orta məktəbin intihar etmiş 8-ci sinif şagirdi Elina Hacıyevanın rəfiqəsi Səidə Eldarovanın (ad şərtidir) sosial şəbəkələrdə məktəb direktoru və dərs hissə müdiri tərəfindən təhdid olunduğunu bildirən video yayılıb.
Elinanın rəfiqəsi bildirir ki, məktəb rəhbərliyi onu hədələyir: "Direktor və direktor müavini bildirib ki, əgər susmasam, prokurorluğa deyəcəklər ki, Elinanın ölümündə mən günahkaram".
Səidə Eldarova video açıqlamasında qonşu məktəbdə təhsil alan bir oğlan barəsində də danışır və qeyd edir ki, Elinanın ölümündə birbaşa o günahkardır:
"Həmin oğlan Elinanı sosial şəbəkələrdə ələ salır, videolarını paylaşır və bununla da ona işgəncə edirdi".
Ortaya daha bir şagirdin adı çıxır. Və çevrə getdikcə genişlənir. Çünki 162 saylı məktəbdə artıq başqa bir oğlan şagirdin bu ölümdə günahkar olmasına dair məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı 162 saylı məktəbin direktoru qətiyyətlə susur. Onun ölən şagird və ailəsi barəsində nalayiq sözlər dediyi iddia olunsa da, yenə heç bir reaksiya vermir, yayılan səsin onun olub-olmadığı da bir müəmma kimi qalır. Çünki direktor media nümayəndələrinin suallarını cavabsız qoyur. Bu məktəbdə bircə nəfər olsun belə zənglərə cavab vermir.
Təhsil Nazirliyindən, Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, hazırda işlə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən istintaq aparılır və buna görə heç nə deyə bilməzlər. Onların bildirdiyinə görə, kimin bu işdə günahkar olduğunu yalnız prokurorluğun yekun rəyindən sonra bilmək mümkün olacaq.
Burada bir uşağın taleyindən söhbət gedir!..
Məsələ ilə bağlı mətbuata açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hadisəni bu səviyyəyə çıxarmağın doğru olmadığını bildirib:
"Günahkarın kim olduğu onsuz da bilinəcək. Burada bir insanın taleyindən söhbət gedir. Kimisə günahlandırıb ikinci bir intihara nail olaq? Məsələni yanlış istiqamətdə hallandırmaqda bəzən media da sosial şəbəkələrdən geridə qalmır. Hazırda istintaq gedir. İstintaq başlayıbsa, demək ki, əllərində kifayət qədər material var”.
K.Ağazadə bu cür problemləri yaradan boşluqlardan da danışıb. Onun sözlərinə görə, bəzi qanunlar qüvvəyə minsə də, tətbiqində boşluqlar var:
"Heç kimə sirr deyil ki, "Məişət zorakılığı haqqında" qanun qüvvəyə minib, amma müəyyən boşluqlar var.
Bu gün məktəblərdə təlim-tərbiyə sahəsində profilaktik işlərin aparılmasında boşluqlar mövcuddur. İcra hakimiyyətlərində Uşaq Hüquqları Müdafiəsi üzrə Komissiya, yerli polis bölmələrində uşaq inspektorları, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi birgə qarşılıqlı kompleks tədbirlər həyata keçirməli, bu cür uşaqlarla iş aparılmalıdır. Yoxsa durub uşağı əxlaqsızlıqla ləkələmək nə dərəcədə doğrudur? Daha çox onu diqqətə çatdıraq ki, iradəsi zəif olan, həssas ailələrin uşaqları ilə işləmək üçün xüsusi bir qanun lazımdır.
Məktəblərdə zorakılığın qarşısının alınması ilə bağlı qanunun tətbiqi məsələsini gündəmə gətirək. Günahkarın direktor, psixoloq, ya məktəb şagirdlərinin olduğunu deyə bilməyəcəyik. Ancaq dildən-dildə eşitdiyimiz məlumatları yayırıq. Bir insanın taleyindən söhbət gedirsə, bu gün buna laqeyd qala bilmərik. Bu, hər birimizin övladının başına gələ bilər. Gözləyək məsələni istintaq araşdırsın. Şagirdin anasının ikinci dəfə ərə getməyini müzakirə etməklə biz heç nə əldə edə bilməyəcəyik. Bəlkə Elina gələcəkdə Azərbaycan üçün layiqli bir vətəndaş olacaqdı. Biz bir vətəndaşımızı itirmişik”.
«Məktəb üzərinə düşən vəzifəni icra etməlidir »
«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında hadisəyə gətirib çıxaran səbəblərin araşdırılmalı olduğunu bildirdi:
- Burada bir neçə səbəb ola bilər. Əsas odur ki, uşağı bu həddə gətirib çıxaran səbəblər bilinsin. Məlumatlar yayılır ki, başqa şagird də var.
Guya o, Elinanı təhdid edirmiş, hansısa videolardan danışılır. Artıq məsələ çox ciddi şəkil alıb və hüquq-mühafizə orqanları dəqiq araşdırma aparacaqlar.
Hesab edirəm ki, bu cür məsələlərdə məktəb rəhbərliyi, müəllimlər həssas olmalıdır. Müəllimlik peşəsinə yiyələnənlərə pedaqogikadan əlavə, psixologiya da tədris olunur. Peşəkar müəllim həm də güclü psixoloqdur və ya olmalıdır, əslində. Müəllim sinifdə şagirdlərin hamısını yaxından tanımalıdır, ailələri ilə maraqlanmalıdır, tanış olmalıdır, hansı şagirdin ailəsində vəziyyət necədir, bilməlidir. Əgər bu uşağın ailəsində problemlər vardısa, bəzilərinin iddia etdiyi kimi «uğursuz» ailə idisə, məktəb rəhbərliyi, pedaqoji kollektiv, sinif rəhbəri şagirdlə sıx təmasda olmalı, onu özünü tənha, kimsəsiz, diqqət, qayğı görməyən uşaq kimi hiss etməsinin qarşısını almalı idilər.
Məktəbin bacaracağı çox işlər var. Bəs kollektiv, sinif yoldaşları, müəllimlər nə üçündü? Birinin ailəsində faciə baş verəndə qohum-əqrəba, iş yoldaşları, həmkarları niyə onun başına yığışır? Təsəlli verirlər, kömək göstərirlər, dayaq dururlar. Eyni vəziyyət bu halda da olmalıydı. Məktəbin kollektivi, sinif rəhbəri, müəllimlər uşağa dəstək olmalıydılar.
Əgər həqiqətən də uşağın ailəsində problem vardısa və bu müdhiş hadisə ailədəki narazılıqlar, 8-ci sinif şagirdinin özünü tənha, kimsəsiz hiss etməsinə gətirib çıxarıbsa, deməli, məktəb də bu məsələdə üzərinə düşəni yerinə yetirməyib. Məktəblərdə təcrübəli pedaqoqlar işləməlidir.
Əsl pedaqoq uşağın dilini bilir və uşaqla onun dilində danışır. Bizim yaxşı məktəblərimiz var. Amma məsələ təkcə keyfiyyətli tədris verməkdə deyil. Əsas keyfiyyətli insan yetişdirməkdir. Mən təhsil sahəsində baş verən bu kimi hadisələri bizim kökdən - əsas təlim-tərbiyə təcrübəmizdən uzaqlaşmağımızda görürəm. Məktəblərdə kollektiv iş aparılmır. Psixoloji tədqiqatlar aparılmır. İnsan amilinə fikir vermək lazımdır. Burada da əsas amil mənəvi keyfiyyətlərdir.
M.Zeynalova yeniyetmə və gənclərin təlim-tərbiyəsində sosial şəbəkələr, internetin də mənfi rolunu vurğuladı:
- Bizdə bu sahənin mədəniyyəti hələ formalaşmayıb. Sosial şəbəkələrlə bağlı ciddi qanun qəbul olunmalıdır. Hər kəs öz ruhi əlamətlərini sosial şəbəkələrə gətirsə, cəmiyyət üçün çox təhlükəli vəziyyət yaranacaq. İnformasiya-kommunikasiya texnologiyaları mütləq tənzimlənməlidir. Çox zaman deyirlər ki, hər şeyi qanun çərçivəsinə salmaq olmaz. Belə deyil. Qanunlar insanların hərəkətlərini tənzimləməsi üçündür.
Məlahət Rzayeva