Məktub bir təsəllidir...
Ancaq ermənilər gec-tez Şahbazla Dilqəmi azad etməyə məcbur olacaqlar
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Kəlbəcərdə Ermənistan tərəfindən girov götürülən azərbaycanlılara - Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdilər.
Və yenə də adət etdiyimiz açıqlamalar gəldi: "BQXK-nin Azərbaycan nümayəndəliyinin məlumatına görə, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub. Onlara ailələri barəsində xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb”.
Vəssalam. Artıq neçənci dəfədir ki, biz eyni sözləri eşidirik. Komitənin əməkdaşları Dağlıq Qarabağa səfər edir (bəlkə də başqa bir yerə, çünki biz girovlarımızın harada saxlandığını da dəqiq bilmirik), məktub aparır, məktub gətirir, bununla da poçtalyon rolunu başa vurur. Girovların real durumu ilə bağlı isə təfərrüatlara yer verilmir.
Vəziyyət nə vaxtadək belə davam edəcək?
İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı "Şərq”ə açıqlamasında BQXK-nin öz mandatına uyğun hərəkət etdiyini dedi:
- BQXK-nin mandatı belədir ki, girovlarla, yaxud əsirlərlə görüşürlər, amma gördüklərini, bildiklərini heç vaxt açıqlamırlar. Biz bu qurumla uzun müddət birgə işləmişik və onların fəaliyyəti ilə tanışıq. Ona görə də bilirik ki, BQXK-dən bundan artığını gözləməyinə dəyməz. Amma Azərbaycan dövləti girovların azad edilməsi üçün kifayət qədər iş aparır. Həm diplomatik səviyyədə, həm də beynəlxalq təşkilatlarla. Etiraf etməliyik ki, onların azadlığına nail olmaq asan iş deyil. 2 ölkə faktiki müharibə şəraitindədir. Azərbaycan təbii ki, tamamilə haqlı olaraq Dağlıq Qarabağı subyekt kimi tanımır. Bu mənada Azərbaycan qondarma rejimin hüquq sistemini də tanımır. Bizim üçün, Dilqəmə və Şahbaza qurulmuş məhkəmə prosesi saxtadır, qanunsuzdur, beynəlxalq normalara ziddir. Girovlarımız orada bütün beynəlxalq hüquq prinsiplərinə zidd saxlanılır. Amma vəziyyət elədir ki, bizə indi yalnız gözləmək, səbr etmək qalır.
Bəs BQXK-nin girovların səhhəti, saxlanma şəraiti ilə bağlı "hər şey yaxşıdır” açıqlamasına nə dərəcədə inanmaq olar?
S.Qocamanlı Dilqəmlə Şahbazın nə sağlıq durumuna, nə də saxlanma şəraitlərinə faktiki heç bir təminat olmadığını bildirdi:
- Buna heç kim təminat verə bilməz. Kim inanar ki, erməni əsirliyində olan azərbaycanlılara "quzu kimi” baxılacaq?! Şəxsən mən buna inanmaram. Çünki gördüyümüzü artıq görmüşük. Bizim əsirlərlə, girovlarla necə rəftar edildiyi, hansı işgəncələrə məruz qaldıqları hər kəsə məlumdur. Əsir və girovlarla bağlı beynəlxalq normalar var, amma Ermənistan buna əməl edirmi? Görürük ki, yox, əməl etmir. Ümid edək ki, heç olmasa, BQXK-nin girovlara vaxtaşırı baş çəkmələri bəlkə onları qəddar davranmaqdan çəkindirər. Sağlıq durumlarının qaydasında olmasına bəlkə fikir verərlər, ac saxlamazlar. Etiraf etməliyik ki, bu da bizim üçün qapalı məsələdir. Çünki BQXK bu barədə də heç nə danışmır. Mandatları buna yol vermir. Amma yenə də, BQXK-nin girovlara müəyyən vaxtdan bir gedib baş çəkməsi, iki-üç cümləlik də olsa, ailələrinə məktub gətirməsi də onların doğmaları üçün bir təsəllidir. Heç olmasa, gedib saxlanma şəraitləri ilə tanış olurlar, dərmanla təchiz edərlər.
Girovların qaytarılması məsələsinin beynəlxalq qurumlar qarşısında qaldırılmasına gəlincə, S.Qocamanlı bütün mümkün variantlara əl atıldığını dedi:
- Azərbaycan diplomatiyası zəif deyil. Azərbaycan dövləti də əlindən gələni edir. Amma bu bir acı reallıqdır ki, beynəlxalq qurumların da sözü çox zaman eşidilmir. Baxın, BMT-nin Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılmasına dair 4 qətnaməsi var. Yerinə yetirilib? Yox. Biz onsuz da bilirik, niyə, nədən. Ermənistan tərəfindən Azərbaycana qarşı nə qədər qeyri-insani davranışlar, hərəkətlər edilib. Və bütün bunları beynəlxalq təşkilatlar da görür. Amma susurlar. Daha biz onlardan nə gözləyə bilərik?! Ancaq belə düşünürəm ki, girovların azad edilməsində nüfuzlu şəxslər rol oynaya bilər. Bu məsələ hələ vaxt aparacaq. Əsas odur ki, Dilqəm də, Şahbaz da sağlamlıqlarını qorusunlar, sağ-salamat ailələrinə qovuşsunlar. Gec-tez bu, baş verəcək.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da Dilqəmlə Şahbazın azad ediləcəyinə inandığını dedi:
- Yadınızdadır, cənab Prezident ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə girovların azad olunması məsələsini qaldırdı. Bu onu göstərirdi ki, Prezidentin timsalında Azərbaycan dövləti öz insanına hər bir kritik durumda sahib çıxır. Azərbaycan dövləti qondarma Dağlıq Qarabağ Respublikası ilə - separatçı rejimlə rəsmi səviyyədə hər hansı diplomatik, eləcə də hüquqi əməkdaşlığa malik deyil. "DQR” də görünür, məhz bu amildən sui-istifadə edərək girov saxladığı həmvətənlərimizlə qanunsuz davranışlarını davam etdirir və bu iki şəxslə bağlı saxta məhkəmə prosesi keçirib onları həbsə aldı. Onları girovluqda saxlamağa ermənilərin heç bir hüquqi əsası yoxdur. Məhkəmələri də saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur. "DQR” özü tanınmamış bir respublikadır. BMT-nin təsdiq etdiyi sərhədlər var və orada Azərbaycan öz Qarabağı ilə eyni sərhəd daxilindədir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. O cümlədən BMT də, Avropa Şurası da, ATƏT də... Hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. İndi bir qondarma rejim iki azərbaycanlını öz doğma kəndini, doğma el-obasını ziyarət etməyə gedəndə girov götürür, qondarma məhkəmə təşkil edib, onlar barəsində hökm verir. Hansı haqla, hansı hüquqla?
N.Cəfəroğlu bildirdi ki, insan hüquqları müdafiəçisi olaraq iştirak etdikləri beynəlxalq tədbirlərdə bu məsələni qaldırırlar:
- Hüquq müdafiəçiləri bu məsələ ilə ciddi məşğuldurlar. Bütün hesabatlarımızda da bu barədə qeyd edirik. Onsuz da separatçı rejimin keçirdiyi məhkəmə də, məhkəmənin hökmü də hüquqi əsasa söykənmir. Ona görə də ermənilər gec-tez Şahbazı da, Dilqəmi də azad etməyə məcbur olacaqlar.
Məlahət Rzayeva