Nizami Cəfərov: “Ölkədə fəaliyyət göstərən universitetləri araşdıranda görürsən ki, əslində biri- birinin eynidir”
“Mən elmi əsaslı universitetlərin birləşdirilməsinin tərəfdarıyam”
Əjdər Ağayev: “Qafqaz və Xəzər Universitetlərindən başqa bütün özəl ali təhsil ocaqları valideynlərin hesabına açılıb”
Nizami Cəfərov: “Ölkədə fəaliyyət göstərən universitetləri araşdıranda görürsən ki, əslində biri- birinin eynidir”
Nizami Cəfərov: “Ölkədə fəaliyyət göstərən universitetləri araşdıranda görürsən ki, əslində biri- birinin eynidir”
Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərin ixtisar olunaraq birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Daha doğrusu, təhsil nazirinin müavini Ceyhun Bayramov mətbuata açıqlamasında ali təhsil müəssisələrinin birləşdirilməsi prosesinin davam etdirilməsinin istisna olmadığını deyib.
Qeyd edək ki, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.
Azərbaycan Təhsil şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, uyğun ixtisaslı universitetlərin birləşdirilməsi vacibdir. Sözügedən məsələnin lehinə və əleyhinə olanlar var: "Universitetlərin ərazisində xeyli təchizat tələb edən işləri görmək üçün zaman lazımdır. Universitetlər birləşsə, həmin təchizat ali təhsil ocaqlarının öz daxili imkanları hesabına reallaşacaq. Bakı Dövlət Universiteti özünə uyğun digər təhsil ocaqlarının ixtisaslarını birləşdirə bilər. Mərkəz adını daşımaqla filiallarla, şöbələrlə fəaliyyət göstərə bilər. BDU kimya-biologiya sahəsinə aid olan bir cihazı milyon yarım manata alıb. Digər təminatlar da görülüb. Amma geniş kamps müxtəlifliyi yoxdur. Mən elmi əsaslı universitetlərin birləşdirilməsinin tərəfdarıyam”. Ə.Ağayev hər yerdə göbələk kimi yayılan universitetlərə ehtiyac görmür: "Belə universitetləri bitirənlərin nə idarəetmədə, nə də təlim səviyyəsində uğuru olmayacaq. Azərbaycanda universitet yaratmaq təsəvvürü çox bəsit olub. Universitetləri valideynlərdən yığılan pulla açmaq olmaz. Belə universitetlər Avropaya inteqrasiya edə bilmir, beynəlxalq səviyyəyə çıxa bilmir və bilməyəcək. Onlar böyük universitetlərin bir komasıdır. Qafqaz və Xəzər Universitetlərindən başqa bütün özəl ali təhsil ocaqları valideynlərin hesabına açılıb və fəaliyyət də göstərməkdədir
Ə.Ağayev hazırda pedaqoji təmayüllü daha bir neçə ali təhsil müəssisəsinin olduğunu bildirib: "Pedaqoji təmayüllü institutlar var. Slavyan Universiteti, Dillər Universiteti əslində pedaqoji təmayüllüdür, amma fərqlilikləri də var. İxtisaslar baxımından fərqlənirlər. Amma Pedaqoji Kollec müstəqil təhsil müəssisəsi kimi lazımsız görünür. Elə onu da Pedaqoji Universitetin tərkibinə qatsalar, yaxşıdır. Çünki kolleclər zamanı bitib artıq. Bu müəssisə müasir tələblərə cavab vermir. Haqqında da müxtəlif "əfsanələr” dolaşır”.
Universitetlərin birləşdirilməsi prosesinin təqdirəlayiq olduğunu vurğulayan millət vəkili, akademik Nizami Cəfərov da hesab edir ki, biri-birini təkrarlayan ali təhsil ocaqlarının birləşdirilməsi daha məqsədəuyğundur: "Konkret olaraq hansı universitetlərin birləşdirilməsinə dair ad çəkə bilmərəm. Çünki bu məsələ çox ciddi məsələdir və geniş təhlillər tələb edir. Sırf nəsə iş görmək xatirinə necə gəldi ali məktəbləri birləşdirmək doğru addım olmazdı. Mənə elə gəlir ki, təkcə eyni təmayüllü universitetlər deyil, hətta fakültələr və kafedralardan da biri bağlanmalı, yaxud da birləşdirilməlidir. Ölkədə fəaliyyət göstərən universitetləri araşdıranda görürsən ki, əslində biri- birinin eynidir. Azərbaycanda bir ixtisas üzrə az qala 4-5 universitet kadr yetişdirir. Bunun isə mənfi tərəfləri çoxdur. Hər şeydən əvvəl pərakəndəlik görülən işin keyfiyyətini kölgə altına salır. Deyək ki, universitetlərdən birinin kadr hazırlığı yüksək səviyyədədir, lakin son nəticədə eyni ixtisas üzrə aşağı səviyyəli digər ali məktəbdə təhsil alan tələbə ilə həmin universiteti bitirən tələbə arasında heç bir fərq qoyulmur. Aldığı təhsilin keyfiyyətindən asılı olmayaraq onların hər ikisi eyniləşdirilir”.
N.Cəfərovun sözlərinə görə, birləşdirmə siyasəti daha çox əyalətlərdəki universitetlərə şamil edilməlidir: "Regionlardakı ali məktəblərə nəzarət gücləndirilməlidir. Çünki əyalətlərdəki təhsilin səviyyəsi çox aşağıdır. Orada təhsil alan tələbələrin kadr hazırlığı yox səviyyəsindədir. Hətta oradakı universitetlərdə dərs deyən professorların belə kontaktları zəifdir. Paytaxt universitetlərinə nisbətən dünya elmindən kənar qalırlar. Düzdür, sırf əyalətdədir deyə ucdantutma ali məktəbləri birləşdirmək də doğru deyil. Bu geriyə doğru atılmış addım olardı. Lakin universitet unversitet səviyyəsində olmayanda, onu saxlamaq da düzgün deyil”.
Şəymən