“Mən ən fəal millət vəkillərindən olmaq istəyirəm”

Elman Nəsirli: “Boş vədlər verib, heç bir iş görməyən deputatlardan olmaq niyyətində deyiləm”
"Mən özüm də müəllim ailəsində dünyaya gəlmişəm və müəllimlərin maaşının azlığının həqiqətən də narahatedici məqam olduğunu düşünürəm"


Noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərində qələbə qazanan millət vəkillərindən biri də 89 saylı Göyçay- Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürən, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirovdur. Seçkilərin şəffaf və obyektiv keçirildiyini vurğulayan millət vəkili seçki prosesi ilə bağlı təəssüratlarını "Şərq”lə bölüşüb:- Seçki prosesi və onun nəticəsi məndə çox böyük və kifayət qədər müsbət təəssüratlar yaradıb. İlk növbədə, onu deyim ki 5-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə namizəd olaraq iştirak etmək və qalib çıxmaq mənim üçün bir şərəf məsələsidir. Xüsusən də, Yeni Azərbaycan Partiyasının namizədi olaraq, parlamentə mandat qazanmağın xüsusi yeri var. Eyni zamanda, bu mənim üçün böyük məsuliyyətdir və mən bunun fərqindəyəm. Partiyamızın sıralarında təxminən 700 minə yaxın üzv var. YAP yalnız Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük partiyadır. Bizim partiyada kifayət qədər intellektual və savadlı kadrlar var. Belə bir nəhəng heyətin içərisindən namizəd olaraq seçilmək çox qürurvericidir. Mənə göstərilən bu böyük etimada görə, partiyamızın lideri cənab İlham Əliyevə və partiya üzvlərinə minnətdaram. Ən böyük təşəkkürü isə seçicilərimə edirəm. 36 məntəqədə 38 min 365 seçici vardı. Demək olar ki, təbliğat-təşviqat kampaniyası müddətində seçicilərimin əksəriyyəti ilə görüşməyə nail oldum. Və bu kampaniya müddətində seçicilərin mənə qarşı münasibətindən xoş aura aldım və artıq onların səsini qazanacağıma dair özümdə bir əminlik hiss elədim. Belə də oldu.

- Parlament seçkilərində namizəd olaraq iştirak etmək əvvəlcədən planda idi, ya məhz partiyanın təşəbbüsü ilə bu addımı atmalı oldunuz?

- Təbii ki, əvvəlcədən parlament seçkilərində iştirak etmək və mandat qazanmaq arzum olub. Ancaq bu arzumun gerçəkləşməsi məhz partiyanın qərarı ilə mümkün oldu. Çünki Yeni Azərbaycan Partiyasında fərdi şəkildə namizədliyini irəli sürmək praktikası yoxdur və bu, partiya nizamnaməsinə ziddir. Ancaq mənim üçün əsas olan odur ki, partiya rəhbərliyi namizədlərin müəyyənləşdirilməsi zamanı mənim seçkilərdə iştirakımı məqbul hesab etdilər və mənə bu şansı yaratdılar. Seçicilərim isə mənə dəstək olaraq, YAP-ın mənə göstərmiş olduğu etimadı doğrultmağıma səbəb oldular.

- Təbliğat-təşviqat kampaniyası və ya seçki günündə rəqiblərinizlə aranızda hansısa gərginlik yaşandımı?

- 89 saylı Göyçay- Ağdaş Seçki Dairəsindən məndən başqa 7 nəfər namizədliyini irəli sürmüşdü. Seçki prosesində onların heç biri ilə aramızda gərginlik yaşanmadı. Əslində mənim əsas taktikam rəqibləri ilə bağlı əhatəli məlumatlar əldə etmək idi. Eyni zamanda, mən hər bir namizədə ciddi rəqib kimi baxırdım. Prosesə "Mən güclüyəm, digərləri isə zəif” prizmasından yanaşmaq mənə yad xüsusiyyətdir. Xoş münasibətdə olmadığım rəqiblərimdən yalnız Vidadi İsgəndərovun adını qeyd edə bilərəm. O insan özünü hüquq müdafiəçisi kimi qələmə verir, halbuki onun hansı dairələrə xidmət etdiyi bəllidir. Əslində həmin namizəd seçkilərdə məğlub olacağını əvvəlcədən bilirdi. Sadəcə olaraq, seçkilərdə iştirak edib qarayaxma kampaniyaları aparıb, Azərbaycan hökumətinə ləkə yaxmaq və seçki prosesini pozmaq məqsədi güdürdü. Hətta o, bir neçə dəfə seçkilərin 4 aylığına təxirə salınmasını təklif etmişdi. Qadağan olunduğu halda gizli çəkilişlər aparıb, MSK-ya şikayətlər göndərirdi. Bilirsiniz ki, 2009-cu il 18 mart tarixində Konstitusiyaya əlavələr və düzəlişlər zamanı şəxsin xəbəri olmadan onu video-kameraya çəkmək, səsini yazmaq qadağan edilib. Buna rəğmən Vidadi İsgəndərov gizli çəkilişlərlə pozuculuğa nail olmaq istəyirdi. Amma xoşbəxtlikdən seçicilər onun kim olduğunu və hansı dairələrə xidmət etdiyini çox gözəl bilirdi və ona etimad göstərmirdilər. Bir-iki nəfər qohum-qonşusunu başına yığıb, görüşlər keçirirdi. Mən isə ayrı-ayrılıqda müəllimlər, tibb işçiləri, gənclər, ağsaqqallar, fəal qadınlarla görüşdüm. Onlarla qurduğum təmas nəticəsində bu marafondan qalib olaraq ayrıldım. Hava şəraitinin pis olmasına baxmayaraq, seçicilər çox ciddi yanaşdılar və növbəti 5 il üçün kimə səs verəcəklərinin fərqində idilər. Böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gəlirdilər və nəticələr də bunu göstərir. Və seçicilərin 61.5 faiz səsini qazandım. Son dərəcə obyektiv formada seçki prosesi yekunlaşdı. Məni seçdiklərinə görə, bir daha seçicilərimə, namizədliyimi irəli sürən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirəm.

- Parlament seçkilərini izləmək üçün ölkəmizə gələn beynəlxalq müşahidəçilərlə görüş imkanlarınız oldumu? Onların seçkiyə yanaşmasını necə dəyərləndirirsiniz?

- Beynəlxalq müşahidəçilərlə birbaşa mənim yox, amma səlahiyyətli nümayəndələrimizin görüşləri olub. Seçkiləri 66 min yerli müşahidəçi, 27 dövlətdən, 40 beynəlxalq təşkilatdan 501 xarici müşahidəçi izləyib. Ayrı-ayrılıqda beynəlxalq müşahidəçilər də seçkini çox yüksək səviyyədə qiymətləndirirlər. Obyektiv, demokratik, şəffaf seçkilər keçirilib. İstənilən seçkidə bu və ya digər qüsurlar ola bilər. Amma bu qüsurlar heç bir halda seçkinin nəticəsinə təsir etmək iqtidarında olan qüsurlar deyil. Bu seçkilər Azərbaycanda demokratiyanın inkişafı yolunda növbəti mühüm addımdır.

Onu da qeyd edim ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi qərəzli təşkilatlar seçkiləri müşahidə üçün izləyici göndərmədilər və bununla da özlərinin əsl simalarını ortaya qoymuş oldular. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan mənbə kimi istifadə edən ABŞ Dövlət Departamenti də seçkilərin nəticəsi ilə bağlı reallığa adekvat olmayan bir yanaşma tərzi nümayiş etdirdilər. Bu da bizi təəccübləndirmədi. Çünki Dövlət Departamenti özünün maraqlarından çıxış edərək bir çox hallarda öz hesabatlarında qeyri-demokratik ölkələri demokratik ölkə kimi təqdim edib. Müstəqil siyasət yeridən, öz xalqının maraqlarından çıxış edən demokratik dövlətlərlə bağlı isə hər zaman həqiqəti təhrif edən mövqe ortaya qoyurlar.

- İlk dəfədir millət vəkili seçilirsiniz və bu sahədə təcrübəniz yoxdur. Amma yəqin ki, seçicilərlə münasibətləri necə quracağınıza və parlamentdə daha çox hansı məsələləri qaldıracağınıza dair planlarınız olar?

- Əlbəttə, var. Mən ilk növbədə ən fəal millət vəkillərindən olmaq istəyirəm. Boş vədlər verib, heç bir iş görməyən deputatlardan olmaq niyyətində deyiləm. Bu yaxınlarda Ukraynada deputatlığa namizədlərdən biri "100 günə 10 addım” şüarı ilə çıxış etmişdi. Guya ki, bu adam seçiləndən sonra 100 gün ərzində 10 mühüm addım atacaq. Əslində həmin adam kifayət qədər populyar namizədlərdən idi və hətta seçilmək şansının da yüksək olduğu deyilirdi. Amma bu şüardan sonra belə bir fikir ortaya çıxdı ki, bu namizəd deputat seçiləndən 100 gün sonra verdiyi vədə əməl edə bilmədiyi üçün ona olan rəğbət aşağı düşəcək. Bu mənada deyə bilərəm ki, seçilmək xatirinə seçicilərə boş vədlər vermək doğru deyil. Fəaliyyət göstərdiyim sahə daha çox xarici siyasət, beynəlxalq məsələlər ilə bağlı olduğundan bu istiqamətdə öz töhfələrimi verməyə çalışacam. Yeni təkliflər, tövsiyələr, yanaşmalar irəli sürərək Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin möhkəmləndirilməsi siyasətinə xidmət edən addımlar atmaqdır. İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursuna biz də kiçik töhfələrimizi verərək Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirək. Azərbaycanın etibarlı tərəfdaş olması ilə bağlı reallıq var və onu daha da inkişaf etdirmək lazımdır. Eyni zamanda məqsəd bizim üzləşdiyimiz problemləri, Ermənistan işğalı faktorunu, Xocalı soyqırımı ilə bağlı məsələləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu proseslərdə də öz töhfəmi vermək istəyirəm və hesab edirəm ki, buna mənim potensialım və imkanlarım da çata bilər. Seçicilərlə ünsiyyət prosesində onlar üçün xarakterik və spesifik problemləri də dinlədim. Bir deputatın imkanları çərçivəsində həmin problemlərin maksimum dərəcədə həllinə çalışacam.

- Kimi üçün müəllimlərin, həkimlərin, kimi üçün hərbiçilərin, kimi üçün də gənclərin sosial problemlərinin həlli prioritetdir. Bəs, sizin üçün...

- Sadaladığınız məsələlərin hər biri ciddi narahatlıq doğuran aktual problemlər sırasına daxildir. Mən özüm də müəllim ailəsində dünyaya gəlmişəm və müəllimlərin maaşının azlığının həqiqətən də narahatedici məqam olduğunu düşünürəm. Hesab edirəm ki, ayrı-ayrılıqda bu problemlərin gündəmdə saxlanılması və maaşların tələbata adekvat şəkildə artırılması vacib məsələdir. Amma bu gün biz inkişafın elə bir səviyyəsinə gəlib çatmışıq ki, neftdən, qazdan asılılıq nəinki inkişafa, əksinə, ölkənin daha da geri-geri getməsinə səbəb olacaq amilə çevrilib. Biz mümkün qədər qeyri-neft sektorunun inkişafına nail olmalıyıq. Xüsusilə də, kənd təsərrüfatının inkişafına diqqət yetirilməsinin tərəfdarıyam. Bu gün hamı müxtəlif qlobal problemlərdən danışır. Halbuki ən böyük problemlərdən biri ərzaq problemidir və çörəklə imtahan ən çətin imtahandı. Cənab Prezidentin də qeyd etdiyi kimi, bir çox hallarda əkin sahələri qeydiyyata alınmır və yaxud göstərildiyindən daha çox ərazi əkilərək qazanc mənimsənilir. Eyni zamanda əkilmədiyi əkin sahələri üçün dövlət subsidiyaları alınır.

Şəymən