“Mən Gömrük Komitəsinin ləğv olunmasının tərəfdarıyam”

Nazim Məmmədov: “Digər ölkələrdə bu sistem komitə şəklində deyil, sadə bir xidmət sahəsi olaraq fəaliyyət göstərir”



Prezident İlham Əliyevin 24 dekabr 2015-ci il tarixli Fərmanı ilə "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın birinci hissəsinin ləğv olunmasından sonra daha Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğindən) artıq olmayan, kommersiya məqsədləri üçün nəzərdə tutulan malları gətirə bilərlər.

Bu dəyişiklikdən sonra vətəndaşları ölkəyə nəyi və hansı həddə, ölçüdə rüsumsuz gətirməyin mümkün olacağı maraqlandırıb. Sərhəddən gömrük rüsumu ödənilmədən gətirilə biləcək məhsullar aşağıdakılardır:

- Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

- 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki və 600 ədəd siqaret (3 blok);

- 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);

- 125 qrama qədər nərə cinsli balıq kürüsü;

- Gömrük ərazisindən aparılan mallar (məsələn, "Duty free”dən alınan);

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar.

Fərmanın birinci hissəsinin ləğvinin xaricdən mal gətirilməsinə təsirindən danışan iqtisadçı-ekspert Nazim Məmmədov deyib ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqin edilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir: "Vətəndaşların şəxsi istifadəsi üçün ölkəyə gətirdikləri məhsullarda heç bir problem yaşanmayacaq. Xarici iqtisadi əlaqələrin asanlaşdırılması, sərhəddən keçidin sadələşdirilməsi və bürokratik əngəllərin azaldılması baxımından bu lazımi qərar idi. Sərhədyanı rayonlarda sərhəd ticarətinin daha da inkişaf etdirilməsi üçün azad bazarlar təmin olunmalıdır. Bu həmçinin sərhəd regionlarında, keçid məntəqələrində sıxlığın aradan qaldırılmasına şərait yaradacaq”.

İqtisadçı, ümumiyyətlə, gömrük sisteminin komitə olaraq saxlanmasının dünya təcrübəsində olmadığını vurğulayıb: "Digər ölkələrdə bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə yaradılan qurumlar komitə şəklində deyil, sadə bir xidmət sahəsi olaraq fəaliyyət göstərir. Əksər hallarda gömrük sahəsini tənzimləyən təşkilatlar Maliyyə və ya Vergilər nazirliklərinin tərkibində departament kimi öz işini icra edir. Ona görə də mən gömrük sisteminin ayrıca komitə şəklində fəaliyyət göstərməsinin tərəfdarı deyiləm”.

Aysel Aslan