Kərəm Məmmədov: “Lakin istər-istəməz belə bir fikir formalaşa bilər ki, bu hadisəyə səbəb “Borçalı” İctimai Birliyidir”
Tarixçi-alim Kərəm Məmmədovun iyulun 29-da ailə üzvləri ilə bərabər Gürcüstan sərhədini keçmək istəyərkən ölkə ərazisinə buraxılmaması xəbərini vermişdik. Lakin tarixçi-alimin hansı səbəbə Gürcüstana buraxılmaması hələ də sual altındadır.
Mövcud vəziyyətlə bağlı "Şərq”ə danışan K.Məmmədov hazırda Tovuz rayonu yaxınlığında olduğunu deyib. O bildirib ki, adətən hansısa ölkənin daxilində separatçılıqla məşğul olan şəxslər həmin ölkəyə buraxılmır. Alimin sözlərinə görə, bu günə qədər istənilən beynəlxalq təşkilatlarda və konfranslardakı çıxışında ancaq Gürücüstanın ərazi bütövlüyü haqqında danışıb və hər bir separatçılığa qarşı çıxıb:
"Fəlsəfədə səbəb və nəticə, zərurət və təsadüf deyilən çoxlu kateqoriyalar var. Hansısa ölkə haqqında ictimai təşkilatda, ya da beynəlxalq qurumlarda mənfi rəy verən adamlar həmin ölkəyə buraxılmır. Yaxud həmin ölkənin daxili və xarici işlərinə qarışan, ölkə bütövlüyünü pozacaq dini və etnik zəmində konfliktli çıxışlar edən insanların beynəlxalq qanunlara görə ölkəyə girişi qadağandır. Mən Gürcüstan hakimiyyət orqanlarının yerinə düşünə bilmərəm, lakin istər-istəməz belə bir fikir formalaşa bilər ki, bu hadisəyə səbəb "Borçalı” İctimai Birliyi ilə bağlıdır. İş burasındadır ki, mən iyul ayının 3-dən rəsmi ərizə ilə sədrlikdən istefa vermişəm. Buna səbəb həm səhhətim, həm də elmi fəaliyyətimdir.
Təbii ki, mənim elmi fəaliyyətim həmin ölkəyə buraxılmamam üçün səbəb ola bilməz. Birlik əvvəllər "Borçalı” Cəmiyyəti, indi isə İctimai Birlik adlanır.
Birliyin keçmiş sədri də buraxılmadı ölkəyə. Amma müxtəlif səbəblər göstərdilər, mənim buraxılmamağımla bağlı isə hər hansı bir səbəb demirlər. Azərbaycan dövləti də bu istiqamətdə fəaliyyət göstərir. Azərbaycanın Gürcüstandakı Səfirliyi Gürcüstanın Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib. Güman edirəm ki, hansısa bir anlaşılmazlıq var. İstəməzdim ki, mənim buraxılmamağım 2 qonşu ölkə arasında hər hansı bir soyuqluq yaratsın. Yəqin ki, bu anlaşılmazlıq yaxın zamanda aradan qaldırılar”.
Yeganə Bayramova